Rusiya gəmiləri gizlicə sualtı kommunikasiya kabellərinin ətrafında dolanır. ABŞ və müttəfiqləri Kremlin informasiya müharibəsini daha da dərinləşdirə biləcəyindən narahatdır.
Moskva bu kabelləri kəsməkdə, yaxud zədələməkdə maraqlı ola bilərmi? Yoxsa Qərbin narahat olmasını istəyir? Bunun daha məsum izahı varmı? Rusiya ənənəsinə sadiq qalaraq susur.
Ancaq Moskvanın niyyətlərindən asılı olmayaraq, ABŞ və Qərb rəsmiləri rəqiblərinin dünyanın əksər zəng, e-meyl və mesajlarını, habelə gündə 10 trilyon dollar dəyərində maliyyə tranzaksiyalarını nəql edən 400 fiberoptik kabelə maraq göstərməsindən narahatdırlar.
80-ci illərdən görünməmiş fəallıq
«Biz Rusiya donanmasının, xüsusən də sualtı qayıqların 80-ci illərdən bəri görünməmiş fəallığını müşahidə edirik», – ABŞ-ın Avropadakı qoşunlarının komandanı general Curtis Scaparrotti ötən ay deyib.
Sözügedən sualtı kabellər olmasa, Uzaq Şərq ölkələrindəki banklar Səudiyyə Ərəbistanından alınmış neft üçün ödənişi edə bilməyəcək, Avropada oxuyan tələbə ABŞ-dakı valideynləri ilə «Skype» əlaqəsi qura bilməyəcək və s.
Bütün bu informasiya okeanın altından çəkilmiş kabellərin içərisindəki kiçicik şüşə liflər vasitəsilə ötürülür. Kabellərin eni bağçada işlətdiyimiz şlanqdan bir az böyük ola bilər. Dənizin altındakı fiberoptik kabellərin ümumi uzunluğu 998 min kilometrdir. Bu uzunluq Yer kürəsinin ətrafında 25 dövrə vurmağa bəs edərdi.
Bu xətlərin çoxu «Google» və «Microsoft» kimi nəhənglər də daxil olmaqla, özəl telekommunikasiya şirkətlərinə məxsusdur. Kabellərin yerini ictimai xəritələrdən asanlıqla görmək mümkündür. Onlardan birinin kəsilməsinin o qədər də böyük təsiri olmazdı. Ancaq eyni zamanda bir neçə kabelin, yaxud qovşağın kəsilməsi böyük problemlər yaradardı.
«Ruslar «ev tapşırıqları»nı edirlər (hazırlıq görürlər) və aramızda hər hansı böhran və ya münaqişə başlasa, onlar bizə böyük pislik edə bilərlər», – «CNA Corp.» müstəqil araşdırma qrupundan Rusiya üzrə hərbi ekspert Michael Kofman deyir.
Kəşfiyyat və başqa işlər
NATO və ABŞ rəsmilərini narahat edən Moskvanın hərbi gəmiləri və sualtı qayıqları deyil. Onları narahat edən Rusiyanın Dəniz təkinin araşdırılması üzrə Baş Direktoratının ixtisaslaşmış gəmiləri, sualtı qayıqları, sualtı dronlarının... kəşfiyyat aparması və başqa işlər görməsidir.
Direktoratın tabeliyində olan gəmilərdən biri «Yantar»dır. 108 metrlik okeanoqrafik gəmi 60 nəfərlik heyəti saxlaya bilir. Bu gəmi yaxın vaxtlarda Argentinaya itmiş sualtı qayığını tapmaqda yardım etmək üçün Cənubi Amerika sahillərindən yola düşüb.
Rusiyanın «Parlamentskaya Qazeta» qəzeti ötən ilin oktyabrında «Yantar»ın okean təkini araşdırmaq və ən gizli kommunikasiya kabellərinə birləşmək üçün xüsusi avadanlıqla təchiz edildiyini yazıb. Qəzetin yazdığına görə, 2015-ci ilin sentyabrında «Yantar» ABŞ-ın Corciya ştatındakı Kinqs buxtası yaxınlığında olub. Bura ABŞ sualtı qayıqlarının bazasının yerləşdiyi ərazidir. Qəzet «Yantar»ın burada Amerika sualtı qayıqlarının təchiz olunduğu avadanlıq, o cümlədən sualtı sensorlar və ABŞ ordusunun birləşmiş informasiya şəbəkəsi haqda məlumat topladığını yazıb. Rusiyanın «Rossiya» dövlət kanalı isə bildirib ki, «Yantar» təkcə gizli kabellərə bağlanmır, o həm də onları kəsə və xüsusi sistemlə sualtı sensorları qarışdıra bilir.
Sabotaj hazırlığı
Kanadada fəaliyyət göstərən və gəmini izləyən IT təhlükəsizliyi konsultantı Steffan Watkins deyir ki, bu gəminin belə çirkin işlərlə məşğul olması haqda güclü dəlillər yoxdur. Ancaq o, gəminin strateji kabellərin yaxınlığında dayandığı və onun Atom İdentifikasiya Sisteminə bağlı izləmə transponderi söndürülmüş olduğu zaman nə işlə məşğul olduğu ilə maraqlanır.
«Düşünmürəm ki, gəminin heyətində sabotajla məşğul olan adamlar olsun. Məncə, onlar gələcək əməliyyatlara zəmin hazırlayırlar», – ekspert «Yantar»ın heyəti haqda deyib.
«Yantar»ın fəaliyyəti daha öncə də diqqət çəkib. 2016-cı il oktyabrın 18-də Suriyanın bir telekom şirkəti Aralıq dənizində bir kabelin təcili təmirini xahiş edib. Bu kabel Suriya, Liviya və Livan da daxil olmaqla, bir neçə ölkənin internet təchizatına cavabdeh imiş. «Yantar» əraziyə dördgünlük təmir işlərinin başlanmasından bir gün öncə gəlib, işlərin bitməsindən iki gün öncə ərazini tərk edib. Onun burada nə işlə məşğul olduğunu bilən yoxdur.
Watkins 2016-cı il noyabrın 5-də baş vermiş başqa bir epizoddan da söz açıb. İran körfəz ətrafındakı dövlətləri bir-biri ilə bağlayan kabellərlə problem yaşayıb. Bir neçə saat sonra «Yantar» Omandan çıxaraq noyabrın 9-da İranın Buşehr limanından 97 kilometr qərbdə yerləşən həmin əraziyə gəlib. Bu ərazidə kabellər sahilə çıxır. Kabellərin ötürücülüyü «Yantar»ın gəlib çatmasından bir neçə saat öncə bərpa olunub. Ancaq gəmi daha bir neçə gün tərpənmədən ərazidə qalıb.
Sualtı kabellərin kəsilməsi praktikası yeni deyil. Hələ Birinci Dünya müharibəsinin əvvəllərində Britaniya Almaniyanın bir neçə sualtı kommunikasiya kabelini kəsib və kəşfiyyat traffikini zədələyib. Soyuq müharibə dövründə isə ABŞ donanması öz dalğıclarını sovet kommunikasiyalarını qeydə alacaq cihaz quraşdırmaq üçün Oxot dənizinin dərinliyinə göndərib. ABŞ bununla SSRİ-nin sualtı qayıqlarının nüvə imkanları haqda daha çox məlumat toplamağa ümid edirdi.