Son bir neçə ayda cinsi təcavüz hekayələri ABŞ və Avropanı cənginə alıb. Hollivud aktrisaları və siyasətçilərin ardınca adi insanlar da bu barədə danışmağa başladılar. Bir çoxları ilk dəfə özündə məhkəməyə müraciət etmək cürəti tapdı. Minlərlə məişət zorakılığı halının baş verdiyi Rusiyada isə susmağa davam edirlər.
Rusiyada il ərzində nə qədər belə halların baş verdiyi bəlli deyil. Avropadan fərqli olaraq, bu ölkədə «cinsi təcavüz» anlayışının dəqiq tərifi yoxdur. Cinayət Məcəlləsinə bununla bağlı xüsusi maddə də salınmayıb. Bu səbəbdən statistika da tərtib olunmur.
Cərimə və şərti cəza
Cinsi təcavüzdən əziyyət çəkən insan polisə müraciət edə bilər. Birbaşa zor tətbiqi və ya zorakılıq hədəsi baş verməyibsə, günahkarı cəzalandırmağın yeganə yolu «cinsi xarakterli hərəkətlərə sövq etmə» (CM-nin 133-cü maddəsi) haqda şikayət etməkdir. Qanunda hətta bu maddə ilə ittiham olunmaq üçün nə etmək gərəkdiyi də yazılıb: şantaj və ya qurbanın asılı vəziyyətindən yararlanmaq, yaxud əmlakını korlamaqla hədələmək. Görünür, qanun təcavüzün digər növlərini cinayət hesab etmir.
***Buna da bax-İş yerlərində cinsi qısnamaya qarşı qanunlar varmı
«Sövq etmə» işlərinin çoxunda qurbanlar artıq zorlandıqdan sonra kömək üçün müraciət edirlər. SMS təhdidləri və başqa bu kimi istənməyən diqqət əlamətlərinə dair şikayətlərsə nadir hallarda daxil olur.
Rusiyada cinsi xarakterli hərəkətlərə sövq etməyə görə ən geniş yayılmış cəza praktikası 20-30 min (350 - 530 dollar), maksimum 120 min rubl (2 min 130 dollar) cərimə nəzərdə tutur. Bu hərəkəti törədənlər nadir hallarda şərti həbs cəzası alır. Onlar çox nadir hallarda azadlıqdan məhrum edilirlər.
Axtarış sayı – 30 min
«Sövq etmə» maddəsi «zorlama» və «cinsi xarakterli zorakı hərəkətlər» maddələri ilə qarışdırılmamalıdır. Bu maddələr daha ağır cəza nəzərdə tutur. «Zorlama» və «sövq etmə» arasında fərq aydın görünür: sonuncuda ya qurbana qarşı fiziki güc tətbiq olunur, ya da o, güc tətbiq ediləcəyi ilə hədələnir.
***Buna da bax-Aktrisa George H.W.Bush haqqında: '... arxadan mənə toxundu'
Rusiya Ali Məhkəməsinin saytındakı açıq məlumatlara əsasən, 2016-cı ildə 133-cü maddə ilə bu cinayəti böyüklərə qarşı törətməyə görə 11, uşaqlara qarşı törətməyə görə 33 nəfərə hökm oxunub.
2017-ci ilin birinci yarısında mühakimə olunanların sayı təqribən bütöv 2016-cı ildəki qədər olub.
Rusiyalılar Hollivudda baş verən hadisələr, özəlliklə, Harvey Weinstein ətrafında baş verənlərlə yaxından maraqlanırdılar. Bunu «Yandex»in axtarış statistikasından da görmək olar. Prodüserin hərəkətləri haqda xəbərlər ilk dəfə oktyabrın əvvəlində yayılıb. Ayın sonuna doğru «Yandex»də «mənə təcavüz edilir» ifadəsinin axtarışı 30 mini keçib. Bu isə öncəki ayla müqayisədə iki dəfə artıqdır.
Yardım istəyən azdır
Ancaq «Sestra» zorakılıq qurbanlarına yardım mərkəzinin direktoru Nadezhda Zamotaeva deyir ki, 2016-cı ilin yayında keçirilmiş #янебоюсьсказать fləşmobundan fərqli olaraq, cinsi təcavüz qalmaqalı fonunda psixoloji yardım üçün müraciət edənlərin sayı az olub.
***Buna da bax-Hollivud tanınmış prodüserin cinsi zorakılığını 30 il necə gizlədi
Fləşmob zamanı minlərlə qadın sosial şəbəkələrdə məişət zorakılığı hallarından danışmış, psixoloqlara da çox adam müraciət etməyə başlamışdı. Məişət zorakılığına dair qanunun zəruriliyi ətrafında mübahisələr yenidən qızışmışdı. Rusiyadakı insan hüquqları müvəkkili Tatiana Moskalkova hətta bu halın miqyasını dəyərləndirmək məqsədilə məişət qurbanları üçün qaynar xətt yaradılmasını təklif etmişdi.
Ancaq ABŞ-da baş vermiş və dünyaya yayılmış bu qalmaqal Rusiyada belə bir hala yol açmayıb. Rusiyada məşhurlardan heç kim zorakılığa məruz qalmasından danışmayıb və günahkarların adlarını hallandırmayıb. Təkcə sovet gimnastı Tatiana Gutsu 1991-ci ildə, 15 yaşında yığma komandadakı partnyoru Vitaly Sherbo tərəfindən zorlandığını deyib. Gutsu onu «illərlə qorxu məhbəsində saxlayan bədheybət» adlandırıb. V.Sherbo ABŞ-da yaşayan gimnastın dediklərinə heç bir reaksiya verməyib. Yığmanın heç bir üzvü Gutsu-nun dediklərini təsdiqləməyib.