-
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti George H.W. Bush aktisa Heather Lind-dən üzr istəyib. Aktrisa deyir ki, bir neçə il öncə şəkil çəkdirəndə keçmiş prezident onu “əlləyib”, həyat yoldaşı Barbara Bush da bunu görüb.
Aktrisa Lind bu barədə detallı Instagram postunda yazıb, sonra da postu silib. 93 yaşlı keçmiş prezidentin sözçüsü yaydığı bəyanatda aktrisanın yazdığını təkzib eləməyib: “Prezident Bush heç vaxt, heç bir halda kiməsə qəsdən stress yaşatmaz. Onun zarafatı xanım Lind-i incidibsə, buna görə səmimi üzr istəyir”. Bu haqda “The Washington Post” qəzeti yazır.
“O, XOŞ NİYYƏTLƏ DAVRANARAQ...”
Sözçü Jim McGrath çərşənbə günü – oktyabrın 25-də yaydığı bəyanatda Bush-un aktrisaya toxunduğunu etiraf edir:
“93 yaşlı prezident Bush təxminən 5 ildir əlil arabasına məhkum edilib. Bu səbəbdən şəkil çəkdirərkən onun əli adamların beldən aşağı hissəsi səviyyəsində olur. Ətrafdakılarla rahat ortam yaratmaqdan ötrü prezident adətən bu zarafatı edir – bəzən o, xoş niyyətlə davranaraq qadınların arxa hissəsini sığallayıb. Bəziləri buna adi şey kimi baxır, kimsə yersiz sayır. Prezident Bush xətrinə dəydiyi bütün şəxslərdən üzr istəyir”.
Lind yazırdı ki, dörd il qabaq Bush-la üzərində işlədiyi tarixi televiziya şousunun təqdimatında görüşüb: “O, əlil arabasından əlini uzadaraq arxadan mənə toxundu. Arvadı Barbara Bush da yanındaydı. Mənimlə çirkin zarafat elədi. Sonra foto çəkdirəndə mənə yenə toxundu”.
Aktrisanın sözlərinə görə, Barbara Bush baş verənləri görəndə “’yenə eləmə’ mənasında gözlərini süzdürüb”.
TANIYANLAR XƏBƏRDARLIQ EDİBLƏRMİŞ
Cənab McGrath keçmiş birinci ledinin şərh verməyəcəyini bildirib.
Lind-in deməsinə görə, təhlükəsizlik əməkdaşı daha sonra ona deyibmiş ki, gərək Bush-un yanında durmayaydı.
Elə çərşənbə günü axşam başqa bir aktrisa – Jordana Grolnick də ötən ilin avqustunda Bush-ların evi yaxınlığında film çəkilişi zamanı keçmiş prezident tərəfindən oxşar rəftara məruz qalmasından danışıb. Foto çəkdirəndə Bush sağ əlini aktrisanın arxasında gəzdirəndə Barbara Bush təxminən belə bir şey söyləyibmiş: “O, axırda özünü həbsə atdıracaq!” Aktrisa deyib ki, həmkarları ona Bush-un yanında dayanmamaq xəbərdarlığı ediblərmiş.
*** Buna da bax: Hollivud tanınmış prodüserin cinsi zorakılığını 30 il necə gizlədi
Bu yaxınlarda onlarla aktrisa Hollywood prodüseri Harvey Weinstein tərəfindən cinsi qısnama və təcavüzə məruz qaldığını iddia edib. O vaxtdan milyonlarla qadın və kişi Facebook və Twitter sosial şəbəkələrində #MeToo (Mən də) haştaqıyla başlarına gələn cinsi qısnama hallarından söz açırlar.