Uzun illər ABŞ Alman Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verib. Ötən ilin əvvəlindən Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq təşkilatlarla bağlı aparılan istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi arasında o da var.
M.Rəhimliyə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bu ittihamların hər birinin əsassız olduğunu vurğulayan M.Rəhimli ifadəsində öncə təhsili və fəaliyyəti haqqında məhkəməni ətraflı məlumatlandırıb. Onun sözlərinə görə, 2005-ci ildən beynəlxalq təşkilatlarda çalışmağa başlayıb. 2005-2006-cı illərdə Henrix Böll Fondunun tədqiqatçısı olub, 2007-2008-ci illərdə "World Vision" beynəlxalq humanitar təşkilatında ictimai vəkillik üzrə menecer işləyib. 2008-ci ilin noyabrından ABŞ Alman Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi kimi fəaliyyət göstərib.
"Heç bir sənədi imzalamamışam və maliyyənin köçürülməsində rolum olmayıb"
Cinayət işindəki ittihamlar Alman Marşal Fondu ilə bağlıdır. M.Rəhimli vurğulayıb ki, bu təşkilatla xidmət müqaviləsi bağlayıb və bunun əsasında məsləhətçi kimi xidmət göstərib. Fəaliyyəti Fondun Buxarest ofisinə təqdim edilən layihələrlə bağlı ilkin rəy bildirməkdən ibarət olub.
"İlkin rəydən sonra hər bir layihəni əvvəlcə Fondun Buxarest ofisi, daha sonra Vaşinqtondakı baş ofis və İdarə Heyəti təhlil edir və yekun qərar qəbul olunurdu. Mən heç bir müqavilənin tərəfi olmamışam, Fond tərəfindən heç bir sənədi imzalamamışam və maliyyənin köçürülməsində rolum olmayıb", – M.Rəhimlinin dilə gətirdiyi sözlərdir.
O, ABŞ Alman Marşal Fondu ilə xidməti müqavilə əsasında əməkdaşlıq etdiyi müddətdə gəlirlərinin rəsmi şəkildə Beynəlxalq Bankdakı hesabına köçürüldüyünü söyləyib. Həmin gəlirlər vergisi ödənilməklə rüblük və illik hesabat şəklində açıqlanıb.
M.Rəhimli onu da bildirib ki, məsləhətçi olduğu 2008-2024-cü illərdə Alman Marşal Fondu Azərbaycanda orta hesabla hər il 8-10 layihəyə maliyyə ayırıb. Bunlar əsasən qadınların iqtisadi cəhətdən gücləndirilməsi, erkən və məcburi nikahların qarşısının alınması, maarifçilik və sosialyönümlü təşəbbüslər olub: "Davamlı və ən irihəcmli maliyyə dəstəyi Autizm Mərkəzinə ayrılıb, eyni zamanda ölkə boyu icma quruculuğuna, qadın sahibkarlığına, ekoloji təşəbbüslərə və maarifləndirmə işlərinə yönəldilib. Məsələn, Fondun dəstəyi ilə Azərbaycanın ən ucqar kəndlərində 27 kitabxana açılıb".
M.Rəhimli sərbəst ifadəsindən sonra prokurorun suallarını cavablandırıb. Dövlət ittihamçısı ondan hazırda həbsdə olan vətəndaş cəmiyyəti fəallarından kimləri tanıdığını, əlavə gəlir əldə etmək üçün kimlərlə əvvəlcədən razılaşmaya gedib-getmədiyini soruşub.
"Azərbaycanda heç kim mənə rüşvət verməyə, bunu təklif etməyə belə cəsarət edə bilməzdi", - M.Rəhimli prokurora belə cavab verib. O, bunu da bildirib ki, indi həbsdə olan vətəndaş cəmiyyəti fəallarının çoxunu tanıyır və işlə bağlı onlarla ünsiyyətdə də olub.
Məhkəmə prosesi mayın 18-də davam edəcək.
Xatırlatma
Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən əksər vətəndaş cəmiyyəti fəallarının hazırda məhkəməsi gedir. Onların arasında "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay), "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, "İqtisadi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri Qalib Bayramov, qadın haqları müdafiəçisi Nərgiz Muxtarova və digərləri var.
"Ubuntu" Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyevin, ictimai fəallar Aygül Pəncəliyeva və Asiman Qocayevin məhkəməsi yekunlaşıb. Zəkiyevə 7 il 6 ay həbs cəzası kəsilib, Pəncəliyeva və Qocayevə isə şərti cəza verilib.
Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında həbs-qətimkan tədbiri seçilib və onlar axtarışdadır. QHT təmsilçiləri ittihamları qəbul etmirlər.