Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlının növbəti məhkəmə prosesi keçirilib. Yaxınlarının bildirməsinə görə, məhkəmə iclasında çıxış edən B.Süleymanlı ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini, ittihamların əsassız olduğunu deyib.
Vurğulandığına görə, B.Süleymanlı fəaliyyətinin qanuni yollarla həyata keçirildiyini söyləyib. O, xidmət müqaviləsi ilə Alman Marşall Fondu vasitəsi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) alınan vəsaitlə bölgələrdə müharibədən əziyyət çəkən şəxslərə, müharibədə həlak olanların ailələrinə, habelə xəsarət alanlara pulsuz hüquqi yardım edildiyini bildirib. B.Süleymanlı sübut kimi hüquqşünasların bölgələrə gedib pulsuz hüquqi yardım göstərməsi haqda məlumatların, fotoların rəhbərlik etdiyi təşkilatın saytında hələ də qaldığını diqqətə çatdırıb. B.Süleymanlı həmin məlumatların, fotoların bəzilərinin çap formasını məhkəməyə təqdim edib.
Süleymanlı çıxışında onu da qeyd edib ki, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumları da USAID-dən qrant alıb.
Hələlik, B.Süleymanlının bu açıqlamasına sözügedən nazirliklərdən hər hansı münasibət almaq mümkün olmayıb.
Növbəti məhkəmə iclası martın 12-nə təyin olunub.
B.Süleymanlı ötən ilin martında saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
"QHT işi" üzrə həbslər...
"QHT işi" üzrə son həbslər 2025-ci ilin martında başlayıb. İlk olaraq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay saxlanılıb. Apreldə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.
İqtisadçı Qalib Bayramov barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Ona qarşı cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri üzrə ittiham irəli sürülüb.
İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri cəlb olunub.
Bundan başqa, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.
Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib. Onlar da ittihamları qəbul etmirlər.
Xatırlatma
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi əvvəlcə 2014-cü ilin yayında başlanıb, ardından da ölkədə bir sıra təşkilat başçıları həbs edilib. Onların arasında Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, icraçı direktoru Bəşir Süleymanlı, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və əri, tarixçi-alim Arif Yunus, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov da olub. Oxşar ittihamlarla üzləşən adları çəkilən şəxslərin hamısına münasibətdə Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 18-ci (hüquq və azadlıqların Konvensiyadankənar məqsədlərlə məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıyıb.
Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edərək təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb.