Qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarovaya 3 il sınaq müddəti olmaqla, 7 il 6 ay şərti cəza verilib.
İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmə əsasən, N.Muxtarova Cinayət Məcəlləsinin (CM) 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib.
İstintaq vaxtı ona CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsilə də ittiham verilmişdi. Məhkəmə bu ittihama xitam verib.
Cinayət işinin materiallarında iddia olunur ki, N. Muxtarova digərləri ilə əlbir olaraq ABŞ-da yerləşən donor təşkilatlardan ümumilikdə 150 min manatdan çox vəsaiti əldə edib və leqallaşdırıb.
N.Muxtarova isə məhkəmədə ifadəsində deyib ki, Beynəlxalq Bankda açılmış hesabına qanuni şəkildə ABŞ Dövlət Departamentindən alınmış vəsait daxil olub və burada heç bir cinayət yoluyla əldə edilmiş puldan, leqallaşdırmadan söhbət gedə bilməz
Habelə, hökmdən öncə məhkəmədə son sözünü deyən N.Muxtarova ümumiyyətlə, heç bir ittiham üzrə özünü təqsirli bilmədiyini vurğulayıb.
“Mən heç bir cinayət törətməmişəm. Hüquq təhsil olan və olmayan hər kəs bilir ki, bu işdə cinayət tərkibi yoxdur”, - belə deyib.
Ardınca müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, hökmü elan edib.
Prokuror isə N.Muxtarovaya 4 il sınaq müddəti olmaqla, 8 il şərti cəza verilməsini təklif etmişdi.
N.Muxtarova AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadənin həyat yoldaşıdır. Onların 2 yaşlı qızı var və bu uşaq atasının həbsindən bir neçə ay sonra doğulub.N. Muxtarova barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi.
Onun əri isə "AbzasMedia işi" üzrə həbs edilib.O işdə qaçaqmalçılıq və başqa qanunsuz əməllərdə təqsirləndirilən 7 jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə 9 il azadlıqdan məhrum edilib.Fərid Mehralizadə ittihamı qurama sayır.
12.03.2026
Nərgiz Muxtarova: 'Qrup halında cinayətdə ittiham olunuramsa, digərləri kimlərdir?'
Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti təmsilçilərindən Nərgiz Muxtarova deyir ki, bir qrup şəxslə əlbir olub cinayət törətməkdə suçlanır. Amma o qeyri-müəyyən qrupun kimlərdən ibarət olduğu bilinmir.
Qadın hüquqları müdafiəçisi N.Muxtarova bu barədə martın 11-də öz məhkəməsində ifadə verərkən danışıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.
N.Muxtarova bildirib ki, əri – AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə ilə bağlı hökmdən sonra ölkədəki məhkəmə sisteminə inamsızlığına görə ifadə vermək istəmirdi: "Amma sonra düşündüm ki, bəzi həqiqətləri yüksək səslə demək lazımdır".
O vurğulayıb ki, heç vaxt qrant almayıb, qrant müqaviləsinə imza atmayıb. Sadəcə, xidməti müqavilə əsasında müəyyən işlər görüb və bunun müqabilində pul alıb. Bunlar da gender bərabərliyi, qadın hüquqları ilə bağlı dörd kitabın tədqiqatı, üç verilişin hazırlanmasından ibarət işlər olub. N.Muxtarova deyir ki, xidməti müqavilələr əsasında aldığı vəsaitlər onun bank hesabına köçürülüb, bunların da vergisi ödənilib, bəyannaməsi verilib: "Mən heç bir cinayət törətməmişəm, fəaliyyətimdə bütün işlərim qanuni olub. Bunun sübutlarını – sənədlərini də prokurorluğa təqdim etmişəm".
Əlavə edib ki, hətta qrant alsaydı belə, bu əməldə cinayət tərkibi yoxdur. Qrant müqaviləsinin qeydə alınmaması uzağı inzibati xətadır.
"Belə çıxır, Dövlət Departamenti bu pulu cinayət yoluyla əldə edib"
N.Muxtarova vurğulayıb ki, ona qarşı irəli sürülən ittihamlardan biri cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılmasıdır. "Mercy Corps" təşkilatı ilə müqavilə bağlayıb işlədiyini deyən Muxtarovanın sözlərinə görə, alınan vəsaitlərin mənbəyi ABŞ Dövlət Departamenti olub: "Onda belə çıxır ki, Dövlət Departamenti hansısa cinayət törədərək bu pulu əldə edib".
N.Muxtarova ona verilmiş "bir qrup şəxslə əlbir olub cinayət törətməsi" barədə ittihama da toxunub. Deyib ki, onunla əlbirlikdə ittiham olunan digərlərinin kimliyi məlum deyil: "Mən qrup halında cinayət törətməkdə ittiham olunuramsa, mənim xəyali qrup üzvlərim kimdir?".
N.Muxtarovaya qarşı ittihamda Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın da adı yer alıb. Onun adı QHT-lərlə bağlı cinayət işində təqsirləndirilən şəxs kimi göstərilsə də, N.Muxtarova bildirib ki, o təqsirləndirilən şəxs deyil. Bu da ittiham aktının qanunsuzluğunu bir daha sübut edir.
N.Muxtarovanın məhkəməsi aprelin 8-də davam edəcək..
Xatırlatma
"QHT işi" üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
"QHT işi" üzrə toplam 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə), ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə həbs olunub.
Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.
Digərləri haqqında isə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.
Bugünlərdə ictimai fəallar Aygül Pəncəliyeva və Zamin Zəkinin məhkəməsi yekunlaşıb. Pəncəliyevaya 2 il şərti cəza verilib, Zəki isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.