Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 23:22

7 il 6 ay cəza kəsilən ictimai fəal: 'Fəaliyyətimdə qanunsuz addım olmayıb, əksinə, faydalı olub'

Zamin Zəki
Zamin Zəki

Azərbaycanda yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan biri – sosial işçi Zamin Zəki 7 il 6 ay azadlıqdan məhrum edilib. Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Elmin Rüstəmovun sədrliyilə çıxarılan hökmə əsasən, Z.Zəki cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinib.

“Əsli olmayan sənəd sübut kimi necə götürülüb?”

Z.Zəki ilə bağlı cinayət işində təlimlərin keçirilməsi, müxtəlif təbəqələrdən olan şəxslərin hüquqlarının müdafiəsi üçün alınan qrant vəsaitlərinin qeydiyyatdan keçməməsindən bəhs olunur.

Z.Zəkinin vəkili Günay İsmayılova hökmdən öncəki çıxışında müvəkkilinin bir ilə yaxındır əsassız ittihamlarla həbsdə saxlandığını bildirib. Vəkil vurğulayıb ki, hüquqlarını qoruduğu şəxs cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırmaqda suçlanır, amma həmin cinayətin nədən ibarət olduğu məlum deyil:

“Hansı cinayət yolu ilə əldə edilib, məlum deyil, çünki qrant müqaviləsinin qeydiyyatdan keçməməsi qanunda cinayət sayılmır. Ortada heç bir mötəbər sübut yoxdur. Yalnız surəti olan sənədlərdir, haradan əldə edildiyi də bilinmir. Əsli olmayan sənəd sübut kimi necə götürülüb?”.

Müdafiəçi yada salıb ki, 2014-cü ildə də Azərbaycanda qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işi başlanmış, müxtəlif təşkilat rəhbərləri qrant müqavilələrinin dövlət qeydiyyatına alınmaması əsası ilə həbs edilmişdi. Sonradan Avropa Məhkəməsi həmin şəxslərin işi üzrə qərarlarında bu yanaşmanı pozuntu kimi qiymətləndirib. Vəkil həmin vaxt həbs olunan təşkilat rəhbərlərindən hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədlinin işi üzrə çıxarılan qərarları xatırladıb.

G.İsmayılovanın fikrincə, QHT rəhbərlərinin son illərdə kütləvi şəkildə cinayət məsuliyyətinə cəlb olunması 2014-cü ildə başlanmış cinayət işinin davamıdır.

Vəkil müvəkkilinə bəraət verilməsini istəyib.

Z.Zəkinin son sözü qısa olub:

“Fəaliyyətimdə qanunazidd addım olmayıb. Əksinə, fəaliyyətim faydalı olub. Vəkilim bəraət istədi, mən də bəraət istəyirəm. Onu da başa düşürəm ki, bu, mümkün olmayacaq. Ona görə də xahiş edirəm ki, heç olmasa, şərti cəza verəsiniz”.

Hakimlər qısa müşavirədən sonra ona 7 il 6 ay həbs cəzası kəsilməsi barədə hökmü açıqlayıblar.

Xatırlatma

Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi əsasında “QHT işi” üzrə həbslər ötən ilin martından başlanıb. Həmin vaxt “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunublar. 2025-ci ilin aprelində Zamin Zəki və daha iki nəfər QHT təmsilçisi - Asəf Əhmədov və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.

Vətəndaş cəmiyyətinin başqa 10-a yaxın fəalı da təqsirləndirilən şəxs qismində cəlb edilib, ancaq məhkəmə dövrü üçün haqlarında həbsə alternativ qətimkan tədbiri seçilib. Onların arasında “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramov və başqaları var. Hazırda onların da ayrı-ayrılıqda məhkəməsi davam edir.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözügedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

XS
SM
MD
LG