Keçid linkləri

2026, 06 Avqust, cümə axşamı, Bakı vaxtı 01:54

'QHT işi' üzrə daha bir hökm: 'Kitablardan oxuduqlarım bu gün başıma gəlir'

Asəf Əhmədov
Asəf Əhmədov

Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədova 8 il həbs cəzası kəsilib. İyunun 17-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim Elşən Vəliyevin sədrliyi ilə çıxarılan hökmə görə, A.Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, cinayət yolu ilə əldə edilən vəsaitləri leqallaşdırma və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinib. Cinayət işində iddia olunur ki, o, aldığı qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyib. Bu üzdən həmin vəsaitlər cinayət yolu ilə əldə edilən əmlak kimi qiymətləndirilib.

Tarix müəllimi A.Əhmədov Baş Prokurorluqda 2025-ci ilin fevralında qeyri-hökumət təşkilatları ilə bağlı cinayət işinin icraatı təzələnəndən sonra həbs olunan vətəndaş cəmiyyəti fəallarından biridir. Özü də iyunun 17-də, hökmdən öncə məhkəmədə deyib ki, ortada heç bir cinayət yoxdur. Həbsinin məqsədi vətəndaş cəmiyyətinin inkişafına çalışan daha bir adamı susdurmaqdır.

"Tarix boyu fərqli düşüncə sahiblərini və ziyalıları müxtəlif qondarma ittihamlarla mühakimə ediblər. Tarixçi olduğum üçün məhkəmə zalında baş verənlər mənə çox tanışdır. Vaxtilə kitablardan oxuduğum hadisələr bu gün mənim başıma gəlir", – A.Əhmədov məhkəmədəki son sözündə belə deyib.

Vaxtilə Sokratdan tutmuş Hüseyn Cavidədək bir çox ziyalının repressiya qurbanı olduğunu yada salan ictimai fəal vurğulayıb ki, tarixdə bu adamları nahaqdan mühakimə edən hakimlər, prokurorlar yox, onların özləri qaldı. O, ədalətin tez-gec bərqərar olacağına əminliyini ifadə edib.

A.Əhmədov əlavə edib ki, 8 ay davam edən məhkəmə prosesində ona qarşı irəli sürülmüş ittihamların heç biri sübut olunmadı. Əksinə, heç bir cinayət törətmədiyi halda, 2025-ci ilin aprelindən həbsdə saxlandığı aydınlaşdı.

O, çıxışının sonunda hakimlərdən hüquqi cəsarət nümayiş etdirmələrini, vicdanlı davranmalarını və təqsirsiz birini cəzalandırmamağı istəyib.

Bu çıxışdan sonra müşavirəyə gedən hakimlər kollegiyası bir neçə dəqiqə sonra geri qayıdaraq 8 illik həbs hökmünü elan edib.

'Hüquqi əsaslandırması yoxdur' - QHT-lərlə bağlı cinayət işləri niyə yenidən başladılıb?
Gözlə

No media source currently available

0:00 0:05:36 0:00

Xatırlatma

Azərbaycanda QHT-lərlə bağlı 2014-cü ildə başlanmış cinayət işinin icraatı 2022-ci ildə dayandırılıb. 2025-ci ilin fevralında Baş Prokurorluq icraatı təzələyib və beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq etmiş vətəndaş cəmiyyəti fəalları cinayət məsuliyyətinə cəlb olunublar. Onlardan beş nəfər həbs edilib, 10-a yaxın vətəndaş cəmiyyəti fəalı haqqında alternativ qətimkan tədbiri seçilib, daha iki nəfər isə axtarışa verilib.

Həbs olunanlar arasında Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, "Ubuntu" Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) və ictimai fəal Əhməd Məmmədzadə də var.

Həbsdə olan QHT təmsilçilərindən Z.Zəkiyevin məhkəməsi yekunlaşıb və ona 7 il 6 ay həbs cəzası kəsilib. Digərlərinin məhkəməsi isə davam edir.

Barəsində alternativ qətimkan tədbiri seçilmiş fəallardan Aygül Pəncəliyeva ilə Asiman Qocayevə isə şərti cəza verilib. Digərlərinin mühakiməsi isə hələ də gedir.

Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.

XS
SM
MD
LG