Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:18

Putin-in yarım milyard dollara sahib qohumu kimdir?


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin-in qohumu Lyubov Shelomova-nın oğlu, 49 yaşlı Mikhail Shelomov ümumi dəyəri 573 milyon dollar olan aktivlərin sahibi imiş. Onun özünün bu aktivlərin bir hissəsi haqda təsəvvürü belə yoxdur.

Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzə Jurnalistika Layihəsi (OCCRP) və «Novaya qazeta», güman ki, Putin-lə bağlı olan aktivləri «saxlayan» daha bir adamın izinə düşməyə imkan verəcək.

Putin-ə məxsus 2 milyard dollarlıq aktivlərin «nominal» saxlayıcısı olan violonçel ifaçısı Sergey Roldugin-in adı hələ 2016-cı ilin aprelində, Panamada yerləşən «Mossack Fonseca&Co» şirkətinin sənədlərinin sızmasından sonra bəlli olub. Roldugin-in özü həmişə kommersiya fəaliyyəti ilə məşğul olduğunu danıb.

İkinci «pul saxlayan»ın adını 2016-cı ilin payızında «Dojd» kanalı çəkib. Söhbət Arxangelsk vilayətinin Yasnıy qəsəbəsinin 64 yaşlı sakini Pyotr Kolbin-dən gedir. Onun varidatı azı 0.55 milyard dollar məbləğində dəyərləndirilir. «Gunvor» neft emalı şirkətinin 10%-i Kolbin-ə məxsus imiş. Şirkətin təsisçilərindən biri – Putin-in dostu Gennady Timchenko-dur. Bundan başqa, Kolbin-in «Yamal SPQ» şirkətinin səhmlərinin 21.5%-nə və bir sıra başqa aktivlərə nəzarət etdiyi deyilir.

573 MİLYON DOLLARLIQ AKTİV

Bu dəfə haqqında söhbət gedən Shelomov-unsa 573 milyon dollar dəyərində aktivlərə sahib olduğu bildirilir.

Shelomov tanınmış adam deyil. O, son on il ərzində «Sovkomflot» dövlət şirkətinin Peterburq filialında işləyir. Bu şirkət neft və neft məhsullarının daşınması ilə məşğuldur. Şirkətə edilən zənglərə Shelomov-un özü cavab verir və jurnalistlərlə də özü danışır. Rusiyanın Trud.com işədüzəltmə saytından götürülmüş məlumatlara görə, onun kimi əməkdaşların maaşı ildə təxminən 8 min 400 dollardır.

Shelomov-un bilinən varidatının əksər hissəsi Peterburqda yerləşən «Aksent» şirkəti ilə bağlıdır. Bu şirkət öz növbəsində Putin-in yaxın ətrafındakı adamlara aid iri korporasiyaların aksiyalarına sahibdir. OCCRP-nin hesablamalarına görə, «Aksent»in aktivlərinin dəyəri fəaliyyətə başladığı 2004-cü ildən bəri yarım milyard dolları keçib.

Shelomov 2009-cu ildə «Novaya qazeta»ya müsahibəsində deyib ki, «Aksent» onun şəxsi layihəsidir. Jurnalistin «şirkətin arxasında əsl sahibi gizlənmir ki?» sualının ardınca Shelomov dərhal müsahibəni dayandırıb.

İqora dağ-xizək kurortu
İqora dağ-xizək kurortu

«ƏLBƏTTƏ, EŞİTMİŞƏM»

2016-cı ilin sonunda OCCRP-nin jurnalistləri «Aksent»in «İqora drayv» şirkətinin 50%-ni satın aldığını öyrənib. Bu şirkət Peterburq yaxınlığındakı İqora xizək kurortunda avtomobil yarışları trasının tikintisi ilə məşğul olub. Həmin kurort Putin-in ən sevdiyi dağ kurortlarından biridir. «Reuters»in məlumatına görə, Putin-in qızı Katerina Tikhonova öz toyunu 2013-cü ilin fevralında burada edib. Yeri gəlmişkən, o, işadamı Kirill Shamalov-a ərə gedib.

Həmin kurorta vəsait yatırmış investorlar da Putin-in yaxın ətrafındadır. Söhbət rəhbəri Putin-in köhnə dostu Yury Kovalchuk olan «Rossiya» bankı və Sergey Roldugin-ə məxsus bir ofşor şirkətdən gedir.

Bu ilin yazında OCCRP-nin jurnalistləri Shelomov-la əlaqə saxlayanda o soruşub:

«Siz mənə nə üçün zəng vurmusunuz? Niyə mənə müraciət edirsiniz?».

Jurnalistlər trasın tikintisi ilə məşğul olan şirkətin yarısının onun şirkətinə aid olduğunu deyəndə, Shelomov belə cavab verib:

«Əlbəttə, eşitmişəm. Sadəcə eşitmişəm, başqa heç nə».

Nikolay Shamalov
Nikolay Shamalov

«AKSENT»İN ƏLAQƏLƏRİ VƏ BİZNES SÖVDƏLƏŞMƏLƏRİ

«Aksent»in Panamadakı ofşor «Santal Trading Corporation»la kredit əlaqələri olub. «Santal» daha öncə ətrafında qalmaqal yaşanmış «Putin-in sarayı»nın tikintisinin maliyyələşdirilməsində iştirak edib. Həmin saray Qara dəniz sahilində, Gələncikdə yerləşir. Şirkət Putin-in yaxın ətrafına aid bir neçə adamdan, o cümlədən Katerina Tikhonova ilə evlənən işadamı Kirill Shamalov-un atası Nikolay Shamalov-dan pul alıb.

Bundan başqa, «Aksent» «Gazprom»dan «SOGAZ» sığorta şirkətinin səhmlərinin 12.47%-ni alıb. Rusiyada ən böyük sığorta şirkətlərindən biri olan «SOGAZ» həm də «Rossiya» bankı ilə bağlıdır. Jurnalistlər bu paketin dəyərinin 421 milyon rubl (7.2 milyon dollar) ola biləcəyini deyirlər.

Bundan başqa, «Aksent» 2009-cu ildə «SOGAZ-Nedvijimost» şirkətini də satın alıb.

2000-ci illərin əvvəllərində «Aksent» «Rossiya» bankının kiçik bir səhmlər paketini satın alıb. Sonradan onun bu bankdakı payı 6.1%-ə qədər böyüyüb. «Putin-in dostlarının bankı» kimi tanınan bu bank 2014-cü ildə əsas səhmdarları Yury Timchenko Yury Kovalchuk-la birlikdə ABŞ-ın sanksiyalarına məruz qalıb. Bu bankın minoritar səhmdarları Nikolay Shamalov və musiqiçi Sergei Roldugin eyni zamanda həm də Putin-in qızının xaç atalarıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG