Rusiyada builki 9 may Qələbə günü paradı prezident Vladimir Putinin mövqeyində hansı dəyişiklikləri üzə çıxarır? Axı o, 25 ildən çoxdur ki, bu parad vasitəsilə həm özünün, həm də ölkəsinin qüdrətini dünyaya göstərir.
Ötən il nasist Almaniyası üzərində qələbənin 80 illiyində Putin 10 dəqiqəlik çıxışında Ukraynanın işğalına yüngülcə toxunmuşdu. Bu il vəziyyət xeyli fərqlidir.
Əvvəla, paradda hərbi texnikanın olmayacağı açıqlanıb. İkincisi, Kremlin sözçüsü Dmitri Peskov bu qərarın arxasında Ukraynanın "terror fəaliyyəti"nin durduğunu açıq şəkildə deyib. Halbuki əvvəllər Putin Ukraynanın hansısa təhdid yaratması barədə fikirlərin şişirdilməsinə imkan vermir, Rusiyanın "xüsusi hərbi əməliyyat"da məqsədlərinə çatacağını deyirdi.
Kiyev son həftələrdə Rusiyanın dərinliklərində neft infrastrukturu və hərbi obyektlərə zərbələri artırıb.
AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv Qutterman builki parada daha az xarici liderin qatılacağına diqqət çəkir.
Orta Asiya liderlərindən parada gedən yoxdur?
Kremlin açıqladığı siyahıya əsasən, tədbirdə Belarus lideri Aleksandr Lukaşenko, Slovakiyanın baş naziri Robert Fitso, Malayziya kralı Sultan İbrahim və Laos prezidenti Tonqloun Sisulit iştirak edəcək.
Orta Asiyanın beş ölkəsinin prezidentlərinin olmaması da qeyri-adi hal sayılır. Postsovet məkanından yalnız Lukaşenkonun olacağı təsdiqlənib. "Bu isə Rusiyanın son illər regionda nüfuzunu qoruyub saxlamaq üçün çaba göstərdiyini üzə çıxarır", – Qutterman yazır.
Bu həftə Yerevanda Aİ liderlərinin və Ukrayna prezidenti Volodimir Zelenskinin qatıldığı sammitə ev sahibliyi etmiş baş nazir Nikol Paşinyan bir ay əvvəl Putinə deyib ki, parada getməyəcək, çünki başı 7 iyun parlament seçkiləri üçün kampaniyaya qarışıb. Fitso da parada qatılmayacağını bildirib.
Rusiyada təhlükəsizlik tədbirləri gücləndirilir, mayın 9-da mobil internetin məhdudlaşdırılacağı açıqlanıb.
Bu ilin əvvəlindən müharibənin Rusiyada həyat şərtlərinə təsirinin Putinin statusuna vurduğu zərbəyə dair dəlillər artır. Rəy sorğuları onun reytinqinin düşdüyünü göstərir. Bir sosial media influenserinin Putinə videomüraciəti böyük rezonans doğurub və s.
Hökumətdə rəqib fraksiyalar arasında toqquşmaların da əlamətləri görünür.
"R.Politik" analitika mərkəzinin rəhbəri Tatyana Stanovaya X platformasındakı təhlilində Rusiyadakı mövcud idarəetmə modelinin artıq səmərəsizləşdiyini və sistemin özünə zərər verdiyini vurğulayıb. Ekspertin fikrincə, mövcud vəziyyətin qorunub saxlanılmasına yönəlmiş dözümlülük artıq tükənməkdədir: "Putin isə ya strategiyasını dəyişmək istəmir, ya da bunu etmək iqtidarında deyil".
Çevriliş cəhdi?
Rusiyada paraddan beş gün əvvəl bəzi media qurumları Avropa kəşfiyyat xidmətindən sızdırılmış sənədə istinadən yazıb ki, Putin şəxsi təhlükəsizliyini gücləndirib, çünki çevriliş və ya sui-qəsd cəhdindən ehtiyatlanır.
CNN, "The Financial Times" və "iStories" nəşrləri bu məlumatın kəşfiyyat xidmətlərinə yaxın bir mənbə tərəfindən anonimlik şərti ilə təqdim edildiyini bildiriblər. AzadlıqRadiosu bu informasiyanı müstəqil mənbələr vasitəsilə təsdiqləyə bilməyib.
Elita daxilində fikir ayrılıqlarının artdığı da iddia olunur. Putinin Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqunun adı "çevriliş riski" ilə əlaqələndirilib.
Bəzi təhlilçilər bu kəşfiyyat məlumatına şübhə ediblər. Amma Berlində yerləşən Karneqi Rusiya Avrasiya Mərkəzinin eksperti Aleksandr Baunovun fikrincə, son dövrdə baş verənlər ölkədə ab-havanın dəyişdiyini göstərir.
"Media, hökumət, parlament, kilsə və xüsusi xidmət orqanları da daxil olmaqla, bütövlükdə dövlət aparatı eyni problemin həllinə — Putinin 2022-ci ildə buraxdığı səhvi gizlətməyə çalışır, lakin vəziyyət getdikcə daha da pisləşir", – Baunov yazır.
"Putin öz sehrini itirməkdədir. Hakimiyyət hələ də tam şəkildə onun əlindədir, amma hakimiyyətin sehri sönür", – o əlavə edib.