Aprelin əvvəlində Rusiyada traktor zavodunun direktoru Moskvada İqtisadi Foruma gedərkən internetdə bir video yayıb. Vladimir Boqlayev videoda deyirdi ki, 1990-cı illərdən bəri hakimiyyətdəkilərin özlərini bu qədər fəal şəkildə gözdən saldıqlarını xatırlamır: "Başdakılar yerdəki və iqtisadiyyatdakı reallıqdan tamamilə təcrid olunublar".
AzadlıqRadiosunun jurnalisti Rey Förlonq yazır ki, narazılığın nadir hal sayıldığı və sərt cəzalandırıldığı Rusiyada son həftələr oxşar bəyanatlar çoxalıb.
Karneqi Rusiya-Avrasiya Mərkəzinin siyasi analitiki Tatyana Stanovaya deyir ki, fərdi tənqidlər ayrılıqda əhəmiyyətsiz görünə bilər, lakin birlikdə ciddi məna daşıyır.
"Tibbi bənzətmə ilə desək: xırda və izahı çətin simptomlar keçici narahatlıq da ola bilər, həyat üçün təhlükəli xəstəliyin əlaməti də", - o, aprelin 21-dəki yazısında bildirib.
Bu arada prezident Vladimir Putinə çox az tənqid yönəlir, Ukraynadakı müharibədən isə heç danışan yoxdur. Putinin çoxdankı dəstəkçisi ona "hərbi cinayətkar" dedikdən sonra psixiatrik klinikaya salınıb.
Stanovaya görə, bəzi analitiklər təxmin edirlər ki, internetin bloklanmasının yaratdığı narazılıq Federal Təhlükəsizlik Xidmətinin (FSB) daxilində və ətrafında pərdəarxası çəkişmələri, həmçinin hökumətdəkilərin biznes və iqtisadi maraqlarını üzə çıxarır. Yəni Putinə sadiq rəqib qruplar bir-biri ilə çəkişirlər.
Putin aprelin 23-də rəsmilərlə videokonfransda deyib ki, "əgər bu terror hücumlarının qarşısının alınması ilə bağlıdırsa, təhlükəsizlik həmişə prioritet olacaq". Rəsmi qurumlar da məhdudiyyətləri Ukraynanın dron hücumlarından qorunmaq ehtiyacı ilə izah edirlər.
"İqtisadiyyat çökür"
Son iqtisadi göstəricilər Boqlayevin nə demək istədiyini açıq şəkildə göstərir: Rusiyanın ümumi daxili məhsulu (ÜDM) yanvar-fevral aylarında 1.8 faiz azalıb. İnternet qadağalarına narazılıq məhz bu fonda baş verir. Məhdudiyyətlər bizneslərə ciddi zərər vurub.
Müstəqil iqtisadçı Vladislav Jukovski aprelin 22-də AzadlıqRadiosunun rus xidmətinə deyib: "İqtisadiyyat çökür. Bu o deməkdir ki, nə investisiya olacaq, nə iş yerləri, nə də gəlir. Rusiya Dövlət Statistika Xidmətinin hesablamalarına görə, bu ilin əvvəlində gəlir 30 faiz azalıb. Bu, Ukrayna ilə müharibə başlayandan bəri rekord azalmadır".
Onun sözlərinə görə, hətta silah istehsal edən zavodların belə yeni işçi cəlb etmək üçün maaşları artırmağa maliyyə imkanı qalmayıb: "Bu il vəziyyət daha da pisləşəcək".
Oliqarx Oleq Deripaskanın martda Mərkəzi Bankı hədəf alan tənqidləri böyük rezonans doğurub. İqtisadçıları faiz dərəcələrini aşağı salmağa çağıran milyarderdən sonra ötən həftə prezident Vladimir Putin də hərəkətə keçib. O, baş nazir Mixail Mişustin və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da daxil olmaqla, iqtisadi bloka rəhbərlik edən yüksəkvəzifəli şəxsləri sərt tənqid edib.
Siyasətə qarışmaq istəməyənlərin gözlənilməz sözçüsü
Maraqlısı odur ki, etirazların qarşısını almaq üçün interneti kəssələr də, bu, narazılığı daha da alovlandırıb. Ölkədə mobil internet kəsilib, populyar "Telegram" messenceri bloklanıb, VPN xidmətlərinə tətbiq edilən məhdudiyyətlər isə "Instagram" kimi platformalara girişi çətinləşdirib.
İqtisadi təsirə gəlincə, yalnız taksi sifarişi, yemək çatdırılması və digər onlayn alış-veriş kimi gündəlik xidmətlərə deyil, həm də influenserlərə ciddi zərbə dəyib. Rusiyalı "Instagram" ulduzu Viktoriya Bonyanın tənqidi xüsusilə diqqət çəkib. O, həm onlayn qadağalara, həm də Dağıstandakı daşqınlara və Qara dənizdəki çirklənməyə toxunub. Putinə xitabən "Vladimir Vladimiroviç, xalq Sizdən qorxur" deyib. Bundan sonra onunla kremlyönlü teleaparıcı Vladimir Solovyov arasında söz atışması başlayıb; Solovyov hətta onu 'fahişə' adlandırıb.
Praqada yaşayan rusiyalı sosioloq Dmitri Dubrovski "Current Time"a deyir ki, Bonya "adətən heç kimin təmsil etmədiyi – siyasətə qarışmaq istəməyən adi insanların gözlənilməz sözçüsünə çevrilib".
Tənqidlərin artması Putinin reytinqinin düşdüyü və payızda keçiriləcək parlament seçkiləri ərəfəsində baş verir. Əvvəlki təcrübə bu seçkilərin azad və ədalətli keçirilməyəcəyini deməyə əsas verir. Lakin Dubrovskinin fikrincə, Kreml cavab olaraq internet məhdudiyyətlərini yumşalda bilər: "Bu, seçkilərdən əvvəl mütləq baş verəcək. Müvəqqəti addım ola bilər. Amma fikrimcə, xüsusilə "Telegram"la bağlı məhdudiyyətləri yumşaltmağa çalışacaqlar".
Effektindən asılı olmayaraq, Kreml bunu edə bilər. Rusiyanın dərin iqtisadi problemlərini həll etmək isə daha çətin məsələdir, - R.Förlonq yazır.