Keçid linkləri

2026, 22 Aprel, çərşənbə, Bakı vaxtı 15:55

Rusiyanın mərkəzi bankiri iqtisadi burulğandan çıxa biləcəkmi

Elvira Nabiullina
Elvira Nabiullina

Rusiya prezidenti Vladimir Putin ötən həftə Kremldə keçirilən iclasda baş iqtisadi müşavirlərini danlayıb. Onun qəzəbinə tuş gələnlər arasında Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da olub. Ukraynadakı müharibənin sarsıdıcı təsirlərinə baxmayaraq, iqtisadiyyatı işlək saxlayan Nabiullina...

Təxminən 13 ildir bu vəzifəni tutan Nabiullina Kremlin gözündən düşübmü? Əgər belədirsə, Kremlin növbəti planları nədən ibarətdir? AzadlıqRadiosunun jurnalisti Mayk Ekkel bu mövzunu araşdırıb

Mərkəzi Bankın keçmiş müşaviri, hazırda Berlindəki Karneqi Rusiya Avrasiya Mərkəzində çalışan Aleksandra Prokopenko deyir ki, hazırkı məqamda onu vəzifədən kənarlaşdırmaq sadəcə zəiflik siqnalı olmazdı: "Bu, bazarlarda etibarını saxlayan və inflyasiyanı sabitləşdirən yeganə institusional dayağı sarsıdar".

"Nabiullinanın işdən çıxarılması biznes mühitində ciddi panika yaradar", – bunu isə siyasi risk və xammal bazarları üzrə təhlilçi Nikolas Birman-Trikett deyir. Onun fikrincə, "Kreml daha aşağı faiz dərəcələri istəyə bilər, lakin hər deyilənlə razılaşan bir rəhbərin iqtisadiyyat üçün fəlakət olacağını da anlayırlar".

London Biznes Məktəbinin professoru Riçard Portes isə qeyd edir ki, Nabiullina Rusiya iqtisadiyyatının azsaylı "parlaq" simalarından biridir: "Onu əvəzləyə biləcək daha uyğun namizəd yoxdur. Putin istədiyi qədər tənbeh edə bilər, lakin bu, Rusiya iqtisadiyyatını düzəltməyəcək; vəziyyət fəlakətlidir. Məncə, Rusiya rəhbərliyi daha çox bu reallıqdan narahat olmalıdır".

Mərkəz Bank şərh üçün elektron sorğuya cavab verməyib.

Rusiya iqtisadiyyatında yavaşlama

"Hamı durumun nə qədər ağır olduğunu anlayır"

Rusiya 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibədən bəri ölkə ÜDM-nin əsas hərəkətverici qüvvəsi, əsasən, müharibə xərcləri olub.

Kreml ölkə iqtisadiyyatını müharibə relsləri üzərinə keçirib; hərbçilərin orduya cəlbi və maaşları ilə yanaşı, tank, təyyarə və dron istehsal edən zavodların qurulmasına rekord həcmdə vəsait ayırıb.

Bu transformasiya, əsasən, neft və qaz ixracından əldə olunan gəlirlər hesabına maliyyələşdirib. Kişilərin yüksək maaşla Ukraynaya döyüşə göndərilməsi isə daxili bazarda ciddi işçi çatışmazlığına yol açıb. Bu amil maaşların süni artımına, nəticədə isə inflyasiyanın kəskin yüksəlməsinə səbəb olub. Mərkəzi Bank inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artırmağa məcbur qalıb. Bu adım müəyyən nəticə versə də, həm borclu biznes subyektlərinə, həm də sıravi istehlakçılara ağır təzyiq göstərib.

Statistik göstəricilərə görə, ÜDM-in artım tempində kəskin azalma müşahidə olunur: 2024-cü ildəki 4.9 faizə qarşı 2025-ci ildə cəmi 1 faiz artım qeydə alınıb. 2026-cı ilin ilk iki ayında isə Rusiya iqtisadiyyatı 1.8 faiz kiçilib. Prezident Putin Kremldəki son iclasda bu geriləməyə xüsusi toxunub. Rəsmilər 2026-cı il üçün indiki 1.3 faizlik artım proqnozunun tezliklə aşağı salına biləcəyini istisna etmirlər.

A.Prokopenko deyir ki, iqtisadi yavaşlama vəziyyəti yaxında izləyənlər üçün gözlənilməz deyil. Onun sözlərinə görə, bu, yalnız 2024-cü ildəki 4.9 faizlik artımın səbəblərini sorğulamayanlar üçün sürpriz ola bilər.

"İndi hamı vəziyyətin nə qədər ağır olduğunu anlayır. Sadəcə, bunu dərk etmək illərlə davam edən müharibənin fonunda mümkün oldu. Sistem artıq özünü bərpa edə bilmir", – təhlilçi Birman-Trikettin sözləridir.

İqtisadiyyat naziri Maksim Reşetnikovun sözlərinə görə, güclü rubl, yüksək faiz dərəcələri, işçi çatışmazlığı və büdcə məhdudiyyətləri tamamilə tükənmə həddinə çatdırıb.

"Onunla sonuncu danışan"

Aprelin 15-də Putinlə görüşdə baş nazir Mixail Mişustin, Reşetnikov və digər nazirlərlə yanaşı Nabiullina da iştirak edib. Putin iqtisadiyyatın real vəziyyəti barədə ona yanlış məlumat verildiyinə eyham vurub: "Mən təkcə ekspertlərin deyil, həm də hökumət və Mərkəzi Bankın proqnozlarından geri qalan makroiqtisadi göstəricilərin səbəbləri barədə ətraflı izahat eşitmək istəyirəm".

"The Financial Times" yazır ki, İsveç və Almaniya kəşfiyyat orqanları Rusiya hökumətinin statistik məlumatlarla manipulyasiya etdiyini, iqtisadi problemlərin real miqyasını gizlətdiyini düşünür.

Ekspert A.Prokopenko isə Kremldəki son iclasın düşünülmüş bir "performans" olduğunu bildirərək hadisədən uzaqgedən nəticələr çıxarmamağa çağırıb: "Putinin idarəçilik üslubunun belə bir xüsusiyyəti var – ona məsələ barədə sonuncu danışan şəxs onun baxış bucağını formalaşdırır. Bu, heç də monetar siyasətdə ciddi dəyişiklik siqnalı deyil".

Ötən yaydan etibarən biznes və bank sektorunun təmsilçiləri staqflyasiya riski - iqtisadi artımın zəifləməsi, inflyasiya və işsizliyin eyni vaxtda artması barədə açıq xəbərdarlıq edirlər. Həmin vaxt biznes liderlərinin qəzəbi birbaşa Nabiullinaya yönəlmişdi. Belə ki, faiz dərəcələrinin yüksəldilməsi inflyasiyanı cilovlasa da, kreditləri kəskin bahalandırmışdı.

Nabiullinanın izahı

Dekabrda müdafiə naziri Andrey Belousovla əlaqəli bir təhlil mərkəzi xəbərdarlıq etmişdi ki, "pis kreditlər" artarsa, oktyabradək bank böhranı riski yaranar.

Putinin tənqidindən cəmi bir gün sonra Nabiullina iqtisadi problemlərin əsas səbəbini açıqlayıb: işçi qüvvəsi çatışmazlığı müasir Rusiya tarixində görünməmiş həddə çatıb.

Sərt tənqidlərə baxmayaraq, Nabiullina öz kursunu dəyişməyib. Ekspertlərin fikrincə, bu, Putinin ona olan dəstəyinin hələ də qaldığını göstərir. Bəzi məlumatlara görə, mərkəzi bankir 2022-ci ildə Ukrayna müharibəsi başlayandan dərhal sonra istefa vermək istəyib, Putin qəbul etməyib.

Qanunla Mərkəzi Bank sədrinin mandatı bir ildən sonra başa çatır. Prokopenko hesab edir ki, Putin onu vaxtından əvvəl vəzifədən uzaqlaşdırmayacaq: "Daha maraqlısı mandatın müddəti bitəndə nə olacağıdır: görəsən, bir ildən sonrakı siyasi mühitdə müstəqil rəhbər Kremlə sərf edəcək, yoxsa mane olacaq?".

XS
SM
MD
LG