Dünya xəbərləri
Pravoslav xristianlar Miladı qeyd ediblər
Yanvarın 7-də dünyada milyonlarla pravoslav xristian Milad bayramını qeyd edib.
Əsasən pravoslav xristianların yaşadığı Rusiyada dini inanclılar Moskvada və ölkənin digər yerlərində kilsələrə axışıblar.
Ukraynada da xristianların çoxu pravoslavlardır, amma bu il ölkədə Milad rəsmən yanvarın 7-də deyil, katolik xristianlarla birlikdə, dekabrın 25-də bayram edilib. Buna prezident Volodimir Zelenski iyulda qərar verib. Ancaq buna baxmayaraq, yanvarın 7-nə keçən gecə minlərlə ukraynalı kilsələrdə izdiham yaradıb. Zelenskinin qərarı Ukraynanın Rusiyanın dominant olduğu ənənələrdən uzaqlaşmaq cəhdinin əlaməti sayılır. Fevralın sonunda Rusiyanın Ukraynanı işğal etməsinin ikinci ili tamam olur.
Ukrayna Pravoslav Kilsəsi hələ 2019-cu ildə Rusiya Pravoslav Kilsəsindən ayrılıb. Ancaq Ukrayna Pravoslaviyasının kiçik bir qanadı Moskvaya sadiqdir və tərəflər Kiyev monastırı üzərində nəzarəti paylaşa bilmirlər.
Əsasən Ukraynanın qərbində yaşayan xristian azlığı katoliklərdir.
Rusiya prezidenti Vladimir Putin Moskva yaxınlığındakı Noqo-Oqaryovo iqamətgahındakı milad ibadətinə Ukraynada müharibədə öldürülən əsgərlərin yaxınları ilə birlikdə qatılıb.
Ötən ildən fərqli olaraq, Putin bayram atəşkəsinə çağırmayıb.
Qərbin hesablamalarına görə, Rusiyanın müharibədə itkisi ölü və yaralılar daxil olmaqla 320 mini keçib.
Milad bayramı Belarusda, Monteneqroda, Serbiyada, digər ölkələrdə qeyd olunub.
Bütün xəbərləri izləyin
Tramp Qrenlandiyanın müdafiəsi barədə: 'İki it xizəyidir'
ABŞ prezidenti Donald Tramp bir daha deyib ki, Birləşmiş Ştatlar Qrenlandiyanı ələ keçirməsə, bunu Rusiya və ya Çin edə bilər, çünki adanın faktiki olaraq öz müdafiəsi yoxdur.
"Əslində, onların müdafiəsi iki it xizəyindən ibarətdir. Bunu bilirdinizmi? Onların müdafiəsinin nədən ibarət olduğunu bilirsinizmi? İki it xizəyindən", – Tramp jurnalistlərə deyib.
Trampın sözlərinə görə, Moskvanın və ya Pekinin təsirinin güclənməsini önləmək üçün Qrenlandiya razılaşma bağlamalıdır.
Prezident onu da vurğulayıb ki, söhbət məhz ABŞ-nin Qrenlandiyanı ələ keçirməsindən gedir. Onun iddiasına görə, əks halda, bunu Rusiya və ya Çin edəcək. "Prezident olduğum müddətdə bu, baş verməyəcək", –Tramp deyib.
Tramp bundan öncə də ABŞ-nin Danimarka Krallığına məxsus muxtar ada üzərində nəzarətinin qurulmasının zəruriliyini Rusiyadan, Çindən gələn təhdidlərlə əsaslandırıb. "The Financial Times" isə Şimali Avropa ölkələri diplomatlarının Trampın Qrenlandiya yaxınlığında Rusiya və Çin gəmilərinin mövcudluğu ilə bağlı iddialarını təkzib etdiyini yazır.
ABŞ prezidentinin dediyi it xizək dəstələri Danimarka Hərbi Dəniz Qüvvələrinin elit "Sirius" bölməsinə aiddir. Bu bölmə XX əsrin ortalarından Qrenlandiyanın şimal-şərq hissəsində patrul xidməti aparır.
ABŞ Venesuela neftinin satışından gəlirləri dondurub. Kubaya çağırış
ABŞ prezidenti Donald Tramp Venesuela neftinin satışından əldə olunan gəlirlərin Maliyyə Nazirliyinin hesablarında saxlanılan hissəsinin məhkəmə yolu ilə həbsini, müsadirəsini və ya tutulmasını bloklayan sərəncam imzalayıb. Sənəd bu vəsaitlərlə xüsusi icazə olmadan istənilən əməliyyatı qadağan edir.
Ağ ev bildirib ki, bu gəlirlər Venesuelanın mülkiyyətidir, ABŞ hakimiyyətinin idarəçiliyində saxlanılır. Onların kreditorlar və fiziki şəxslərin iddiaları əsasında müsadirəsini önləmək üçün isə qorunması zəruridir.
Vaşinqton sərəncamın "Amerika və Venesuela xalqlarının rifahı naminə" imzalandığını bildirir. Bundan öncə isə Venesuelanın neft resursları üzərində ABŞ-nin nəzarətinin gücləndirilməsinə yönəlik bəzi addımlar atılıb. Yanvarın 3-də ölkə lideri Nikolas Maduro ələ keçirilib, Venesuelada neft hasilatı və ixracına ABŞ nəzarət etməyə başlayıb.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, artıq bu həftə Vaşinqton Venesuelaya bəzi sanksiyaları ləğv edə bilər. Məqsəd neft satışını asanlaşdırmaq, ölkənin iqtisadi bərpasını dəstəkləməkdir. Bessent Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə onların Venesuela iqtisadiyyatının bərpasında iştirak imkanlarını müzakirə edəcəyini deyib.
Prezident Tramp isə "Truth Social" sosial şəbəkəsində yazıb ki, Kuba artıq Venesueladan pul və neft almayacaq. Onun sözlərinə görə, Kuba Venesueladan gələn vəsait və neft hesabına yaşayırdı.
"Əvəzində Kuba son iki Venesuela diktatoruna "təhlükəsizlik xidmətləri" göstərirdi, amma bu, artıq olmayacaq! Keçən həftə ABŞ-nin hücumunda bu kubalıların əksəriyyəti həlak oldu. Venesuelanı artıq onu illərlə girov saxlayan quldurlardan və reketçilərdən qorunmağa ehtiyacı yoxdur. İndi Venesuelanın onu qoruyacaq ABŞ kimi, dünyada ən güclü orduya (böyük fərqlə!) malik müttəfiqi var və biz onu qoruyacağıq. Kubaya daha nə neft, nə də pul veriləcək – olmayacaq!", – Tramp yazıb.
ABŞ prezidenti həmçinin Havanaya "nə qədər gec deyil", ABŞ ilə razılaşma bağlamağı tövsiyə edib.
Tramp dövlət katibi Marko Rubionu Kuba prezidenti etmək ideyasını bəyəndiyini də yazıb.
ABŞ Suriyada 'İslam Dövləti'nin obyektlərini vurub
ABŞ müttəfiqləri ilə birgə Suriyada terrorçu "İslam Dövləti" (İŞİD) qruplaşmasının obyektlərinə genişmiqyaslı zərbələr endirib. Məlumatı ABŞ Mərkəzi Komandanlığı yayıb.
Prezident Donald Tramp zərbələrin endirilməsi haqda yanvarın 10-da göstəriş verib. Komandanlıq bildirir ki, hücum dekabrın 13-də cihadçıların Palmira şəhərində Suriya-ABŞ birgə patruluna hücumuna cavab olaraq başladılan "Şahin zərbəsi" əməliyyatı çərçivəsində gerçəkləşdirilib. Həmin hücumda üç amerikalı – iki hərbçi və bir mülki tərcüməçi həlak olub.
Əməliyyat zamanı ABŞ hərbçiləri və onların müttəfiqləri 35-dən çox hədəfə 90-dan artıq yüksəkdəqiqlikli döyüş sursatı buraxıblar. "CBS News"un məlumatına görə, əməliyyatda 20-dən çox təyyarə iştirak edib. Zərbələrin dəqiq harada endirildiyi hələlik açıqlanmayıb. İtkilər haqda məlumat verilməyib.
İŞİD 2019-cu ilədək İraq və Suriyanın bir hissəsinə nəzarət edib. O vaxtdan Qərb ölkələri qruplaşmanın yenidən dirçəlməsini önləmək üçün bölgədə müşahidə və kəşfiyyat fəaliyyətlərini davam etdirirlər. BMT hazırda İŞİD-in İraq və Suriyada 5 mindən 7 minədək üzvü olduğunu bildirir.
2025-ci ilin noyabrında Suriya ABŞ-nin rəhbərlik etdiyi İŞİD ilə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulub, onun 90-cı üzvü olub.
2025-ci ilin dekabrında Pentaqonun rəhbəri Pit Heqset "intiqam əməliyyatı"nın başladığını elan edib. Bu əməliyyat çərçivəsində ABŞ hərbçiləri Suriyada İŞİD-in onlarla obyektinə zərbələr endiriblər. Yanvarın 4-də Böyük Britaniya və Fransa "İslam Dövləti"nin Palmira yaxınlığında silah anbarını vurub.
İsrailin zərbələrindən Qəzzada 11 nəfər həlak olub
Yanvarın 8-də İsrailin zərbələrindən Qəzza zolağında azı 11 fələstinlinin həlak olduğu bildirilir. Ordu anklavdakı silahlıların uğursuz raket buraxmasına cavab verdiyini açıqlayıb.
Qəzzanın müxtəlif yerlərinə zərbələrdə yaralananlar da var.
İsrail ordusu HƏMAS-ın bir neçə silahlısını, raket buraxılan yerləri, "terror" infrastrukturunu hədəf aldığını bildirib. Buna Qəzza şəhərindən İsrailə doğru raket atılmasının səbəb olduğu deyilir. Ordunun bildirdiyinə görə, raket Qəzzada xəstəxanaya düşüb. İsrail HƏMAS-ı atəşkəsi pozmaqda suçlayıb.
ABŞ və Aİ HƏMAS-ı terrorçu kimi tanıyır.
Oktyabrda tərəflərin əldə etdiyi atəşkəs birinci mərhələdən irəli gedə bilməyib. Böyük döyüşlər dayanıb, İsrail Qəzzanın yarıdan az hissəsindən çəkilib, HƏMAS isə fələstinli məhbusların əvəzində girovları qaytarıb.
ABŞ prezidenti Donald Trampın planına HƏMAS-ın tərksilahı, İsrailin daha da geri çəkilməsi, beynəlxalq qüvvələrin yerləşdirilməsi və Qəzzanın bərpası daxildir.
Rusiya Ukraynaya 'Oreşnik' ilə zərbə endirdiyini bildirir [Video]
Rusiya Silahlı Qüvvələri Ukraynada kritik obyektlərə "Oreşnik" mobil ortamənzilli raket kompleksi və dronlar ilə kütləvi zərbə endirdiyini bildirir. Müdafiə Nazirliyi Telegram kanalında bunun ötən il dekabrın 29-da Novqorodda prezident Vladimir Putinin iqamətgahına "Kiyev rejiminin terror aktına cavab" olduğunu yazıb.
Nazirlik zərbənin məqsədlərinə çatdığını bildirib: "Terror aktı zamanı istifadə edilmiş dronların istehsalı ilə məşğul olan obyektlər, eləcə də Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji infrastrukturu obyektləri məhv edilib".
Kiyev Putinin iqamətgahına hücumla bağlı Kremlin iddialarını rədd edib. ABŞ prezidenti Donald Tramp əvvəlcə Rusiyanın iddialarını qəbul edə biləcəyinə eyham vurub. Amma Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) belə bir hücumun olmadığını müəyyən edəndən sonra o, Kiyevin tərəfini tutub.
"Bu zərbənin baş verdiyinə inanmıram. Yaxınlıqda nəsə baş verib, amma bununla əlaqəsi olmayıb", – o, yanvarın 4-də deyib.
Rusiyanın Kiyevə dron hücumunda dörd nəfər həlak olub
Yanvarın 9-da səhər Rusiya dronları Kiyevə hücum edib, 4 nəfər həlak olub, azı 19 nəfər yaralanıb. Yaşayış binaları və infrastruktura ciddi ziyan vurub.
Kiyevin meri Vitali Kliçko Telegram-da yazıb ki, ölənlərdən biri təcili tibbi yardım əməkdaşı olub. Eyni briqadadan olan dörd nəfər də yaralanıb.
Bir dron ticarət mərkəzində yanğın törədib, digəri tibb ocağının yaxınlığına düşüb. Rəsmilər bir neçə rayonda yanğınların baş verdiyini qeyd ediblər.
Paytaxtda beş saat ərzində hava həyəcanı verilib.
Cümə günü Ukraynanın qərbi Lvov vilayətində bir infrastruktur obyekti də Rusiyanın hücumuna məruz qalıb.
Rusiyalı jurnalist Fransada ölü tapılıb
Yanvarın 6-sı səhər saatlarında Fransada 38 yaşlı rusiyalı jurnalistin meyiti tapılıb. Bu barədə "Le Parisien" və "Le Figaro" polisdəki mənbələrə istinadla məlumat yayıb.
Jurnalistin yeddinci mərtəbədəki mənzilinin pəncərəsindən yıxıldığı bildirilir. Polis onun mənzilində pəncərənin yanında qoyulmuş stul, zibil qutusunda isə dərmanlar aşkarlayıb. Bundan əlavə, mənzildə rusca məktublar da tapılıb.
"Le Parisien" yazır ki, hazırkı mərhələdə əsas versiya intihardır, ancaq "qurbanın ölüm şəraiti suallar yaradır". "Le Figaro" onun Rusiyanın təhdidlərinə məruz qalması ehtimalından yazır.
Fransa mediası jurnalistin adını açıqlamır. Jurnalist Denis Balaşovun yazdığına görə, həlak olan jurnalist Yevgeni Safronovdur. O, Safronovun Ukraynaya qarşı genişmiqyaslı müharibədən öncə Rusiyanı tərk etdiyini yazıb. Hakimiyyət çalışdığı media orqanını "xarici agent" kimi tanıyıb. "Altı ay öncə o, Parisə köçüb, burada məskunlaşmağa çalışırdı. Depressiyada idi. Düz bir həftə əvvəl telefonlarının, sosial şəbəkələrinin, messencerlərinin, "Qosusluqi"dəki hesabının sındırıldığını demişdi, bu da onu özündən tamamilə çıxarmışdı", –Balaşov qeyd edib.
Hüquqşünas Dmitri Zaxvatov Y.Safronovun ona vida məktubu göndərdiyini, bunu jurnalistin ölümündən sonra oxuduğunu bildirib. "Son həftələr Yevgeni öz durumu ilə mübarizə aparmağa çalışırdı, lakin bunu bacarmırdı. Ətrafındakı insanlar, mən faciənin qarşısını ala bilmədik", – o, Telegram kanalında yazıb.
Safronovun yaşadığı mənzildə onun qonşusu da olub. Medianın yazdığına görə, həmin şəxs şok vəziyyətində olub və yalnız russa danışıb deyə, polis onu dərhal dindirə bilməyib. Qonşu polisin müşayiəti ilə xəstəxanaya aparılıb.
38 ölkənin vətəndaşları ABŞ-yə turizm vizası üçün 15 min dollaradək depozit ödəməli olacaq
ABŞ Dövlət Departamenti turist və ya işgüzar vizalar (B-1/B-2) üçün depozit ödəməli olan ölkələrin siyahısını genişləndirib.
Yanvarın 6-da siyahıya 25 ölkə əlavə edilib. Onların sırasında Əlcəzair, Anqola, Fici, Banqladeş, Kuba, Nigeriya, Nepal, Venesuela, Qırğızıstan və Tacikistan var. Yeni tələblər yanvarın 21-dən qüvvəyə minəcək.
Türkmənistan 38 ölkənin olduğu siyahıya daha öncə salınmışdı.
Bu ölkələrin vətəndaşları 5 min, 10 min və ya 15 min ABŞ dolları depozit ödəməlidirlər. Məbləğ vizanın alınması üçün müsahibə zamanı müəyyən edilir. Amma depozit vizanın verilməsinə zəmanət demək deyil, viza tələblərinə əməl olunduğu halda, yaxud viza verilmədikdə depozit geri qaytarılacaq.
Viza alan şəxslər ABŞ-yə yalnız üç beynəlxalq hava limanı vasitəsilə daxil olub çıxmalıdırlar: Loqan hava limanı (Boston), Kennedi hava limanı (Nyu-York) və Dalles hava limanı (Vaşinqton). Bu tələbin yerinə yetirilməməsi ölkəyə girişdən imtinaya, çıxışın lazımi qaydada qeydə alınmamasına səbəb ola bilər.
Viza sahibi viza öhdəliklərini pozarsa, pozuntunun olub-olmadığını ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) müəyyən edəcək.
ABŞ 2025-ci ilin avqustunda depozit qarşılığında giriş vizalarının verilməsi üzrə pilot proqramı işə salıb. ABŞ hakimiyyət orqanlarının mövqeyinə görə, bu ölkələrin vətəndaşları Birləşmiş Ştatlara daxil olduqdan sonra icazə verilən qalma müddətini tez-tez aşırlar.
Erməni xizəkçi kostyumundakı 'Azərbaycan' sözünü örtdüyünə görə cərimələnib
Erməni xizəkçi Mikael Mikaelyan idman kostyumunun sinəsində "Azərbaycan" sözünü örtdüyünə görə cərimələnib. Hadisə dekabrın sonunda İtaliyada "Tour de Ski" yarışmasında baş verib. Ermənistanın Xizək Federasiyası Mikaelyanı müdafiə edib, onun cəriməsini ödəməyi təklif edib.
"İdmana siyasətdən ayrı baxa bilmərəm, vətənimə təcavüzə meylli ölkənin adını örtmədən yarışa biıməzdim", – Mikaelyan AzadlıqRadiosunun erməni xidmətinə deyib.
Mikaelyan Azərbaycanla Ermənistan arasında müharibənin yenidən qızışmayacağına ümidini bildirsə də, sülh danışıqlarında durumun aydın olmadığını deyib, gələcək yarışlarda da belə davranacağını əlavə edib.
Dediyinə görə, kostyumu ona yarışa iki saat qalmış veriblər və o da "Azərbaycan" sözünün üstünü örtmək qərarına gəlib.
Yarışdan sonra jüri Mikaelyanı çağırıb, ona sanksiyanın səbəbi izah olunub.
"OC Media" yazır ki, cərimənin məbləği hələlik bəlli deyil. Ermənistanın Xizək Federasiyası onu ödəməyə hazır olduğunu bildirib.
Azərbaycan beş illik tərəfdaşlıq sazişi çərçivəsində İtaliyada keçirilən turnirin sponsorudur.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar. Dekabrda Azərbaycandan Ermənistana ilk dəfə neft məhsulları göndərilib. Ondan öncə isə Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya və Qazaxıstandan buğda daşınıb.
ABŞ senatoru: Tramp Rusiyayla bağlı sanksiyalar layihəsinə 'yaşıl işıq' yandırır
ABŞ-nin Rusiyaya qarşı sanksiyalar layihəsi gələn həftə Konqresdə səsverməyə çıxarıla bilər. Bunu respublikaçı senator Lindsi Qrem yanvarın 7-də bildirib. Onun sözlərinə görə, prezident Donald Tramp çərşənbə günü onunla görüşdən sonra qanun layihəsinə "yaşıl işıq" yandırıb. Hər iki partiyanın dəstəklədiyi layihə Rusiya ilə işgüzar əlaqələri hədəf alacaq.
Qrem digər respublikaçı və demokrat senatorlarla aylardır bu qanun layihəsi üzərində işləyir. Layihə Rusiya ilə iş görən ölkələrə, ondan enerji alanlara sanksiyaların tətbiqini nəzərdə tutur. Səbəb Ukrayna ilə sülh danışıqlarında Moskvanın sülh sazişi üzrə razılığa gələ bilməməsidir. Rusiya Ukraynaya 2022-ci ildə müdaxilə edib.
"Bu qanun layihəsi prezident Trampa Putinin müharibə maşınını hərəkətə gətirən ucuz Rusiya nefti alan ölkələri cəzalandırmağa imkan verəcək", - deyə Qrem Çin, Hindistan və Braziliyanı potensial hədəflər kimi göstərib.
Konqres indiyədək qanun layihəsini səsverməyə çıxarmayıb, əvəzində Tramp Hindistandan idxal olunan mallara rüsumlar tətbiq edib. Hindistan Çindən sonra Rusiya neftinin ikinci ən böyük alıcısıdır.
ABŞ rəsmisi noyabrda "Reuters"ə deyirdi ki, qanun layihəsi qəbul olunarsa, Tramp onu imzalayacaq, amma sanksiyalar üzərində nəzarətin onun əlində qalması üçün xüsusi müddəaların salınmasına israr edəcək.
Ukraynada müharibə dörd ilə yaxındır gedir. Ötən noyabrdan danışıqlar intensivləşsə də, nəticə əldə olunmayıb.
Tramp ABŞ-ni onlarla beynəlxalq və BMT qurumundan çıxarır
ABŞ prezidenti Donald Tramp yanvarın 7-də deyib ki, Vaşinqton onlarla beynəlxalq və BMT qurumundan çıxacaq. Buraya iqlim sazişi, BMT-nin gender bərabərliyini təbliğ edən qurumu daxildir. Tramp onların ABŞ-nin milli maraqlarına zidd işlədiyini söyləyib.
Tramp administrasiyasının göndərdiyi siyahıda 35 qeyri-BMT qrupu və 21 BMT qurumu var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası isə 2015-ci il Paris İqlim Sazişinin əsasını təşkil edir.
Ötən il Birləşmiş Ştatlar son 30 ildə ilk dəfə olaraq BMT-nin beynəlxalq iqlim sammitini təxirə salıb.
ABŞ "BMT-Qadınlar" qurumundan və BMT Əhali Fondundan da çıxacaq. Sonuncu təşkilat 150-dən çox ölkədə ailə planlamasına, ana-uşaq sağlamlığına fokuslanır. ABŞ ötən il onun maliyyəsini kəsib.
BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü məsələni şərh etməyib.
"Reuters" yazır ki, Tramp dəfələrlə beynəlxalq qurumlara xərclənən pullar və onların effektivliyini sual altına alıb, onların ABŞ-nin maraqlarına xidmət etmədiyini deyib.
Bir il öncə ikinci dönəm prezidentliyə başlayan Tramp ölkəsinin BMT-yə maliyyəsini kəsib, BMT İnsan Haqları Şurasında işi dayandırıb, UNRWA Fələstinə yardım agentliyinə maliyyənin kəsilməsini uzadıb, BMT-nin UNESCO mədəniyyət agentliyindən çıxıb. Tramp Ümumdünya Səhiyyə Təşkilatı və Paris İqlim Sazişindən çıxacağını açıqlayıb.
Avstraliyanın cənubunda temperatur 40 dərəcəni keçib
Yanvarın 7-də Avstraliyanın cənub ştatlarında kəskin istilər başlayıb, temperatur 40 dərəcə Selsini keçib. Səhiyyə orqanları xəbərdarlıq səsləndirib, meşə yanğınları alovlanıb.
Meteoroloqlar vəziyyətin son altı ildə ən pis həddə çatdığını deyirlər. 2020-ci ilin "Qara yay" adını almış yanvarında istilər 33 nəfərin həyatına son qoymuşdu.
Viktoriya ştatında temperatur 44 dərəcəyə çatıb. Ştatın paytaxtı Melburnda 41 dərəcə istilik var və sakinlərə evdən çıxmamaq tövsiyə olunub.
Kitabxanalar kimi ictimai məkanlar sakinlərin sərinlənməsi üçün iş vaxtlarını uzadıblar. Monarto safari-parkı isə bağlanıb.
Adelaida şəhərində minlərlə insanın işıqsız qaldığı xəbər verilir.
Hələbdə toqquşmalarda azı dörd nəfər öldürülüb
Yanvarın 6-da Suriyanın şimalında Hələb şəhərində toqquşmalarda azı dörd nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hökumət və kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) zorakılığa görə bir-birini ittiham edib.
Rəsmi SANA agentliyi dünən öldürülənlərin üçünün dinc sakinlər, birinin əsgər olduğunu xəbər verir.
Yanvarın 7-də Hələbdə təhsil ocaqlarının, hökumət idarələrinin işini dayandırdığı, eləcə də Hələb aeroportuna uçuşların 24 saatlığa təxirə salındığı bildirilir.
Bu arada hökumət ABŞ-nin dəstəklədiyi SDF-i hökumət qüvvələrinə birləşdirməyə çalışır. SDF 14 illik müharibədə qazandığı muxtariyyəti əldən vermək istəmir. Bu qruplaşma hazırda "İslam Dövləti" (İŞİD) həbsxanalarına və neft resurslarına nəzarət edir. Suriyada təxminən bir il öncə Bəşər əl-Əsəd devriləndən sonra siyasi durum kövrək olaraq qalır.
Kürd qüvvələrin inteqrasiyası üzrə razılaşma 2025-ci ilin sonunadək icra olunmalı idi. Amma bu yöndə irəliləyiş olmayıb və tərəflər buna görə bir-birini qınayıb.
"Reuters" yazır ki, SDF-in Suriya ordusuna inteqrasiyası alınmasa, zorakılıq qızışa, nəticədə Türkiyə duruma müdaxilə edə bilər. Ankara terrorçu saydığı kürd silahlılara qarşı müdaxilə ilə hədələyib.
İsrail ordusu Livanda 'Hizbullah' və HƏMAS obyektlərini vurduğunu bildirir
İsrail Müdafiə Ordusu (SAXAL) Livanda "Hizbullah" və HƏMAS-ın infrastruktur obyektlərinə zərbələr endirdiyini bildirir. ABŞ və İsrail "Hizbullah"ı terror təşkilatı kimi tanıyır, Livanda isə bu silahlı təşkilat qanuni siyasi qüvvə kimi fəaliyyət göstərir. HƏMAS ABŞ və Aİ-də terror təşkilatı kimi tanınır.
SAXAL-ın məlumatına görə, zərbələrlə bir neçə silah anbarı, yerüstü və yeraltı hərbi qurğular, Livanın cənubunda HƏMAS-a məxsus silah istehsalı meydançaları hədəfə alınıb. Bu obyektlərdən hərbi gücün artırılması, İsrail hərbçilərinə qarşı terror aktlarının törədilməsi üçün istifadə edildiyi bildirilir. Obyektlərin mülki yaşayış məntəqələrində yerləşməsi isə "terror təşkilatlarının Livanın dinc sakinlərindən canlı qalxan kimi istifadəsinin nümunəsi" adlandırılır. Ordu əhaliyə xəbərdarlıq edilməsi yönündə tədbirlər görüldüyünü bildirir.
"The Associated Press" yazır ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənub və şərq bölgələrinə, eləcə də ölkənin üçüncü ən böyük şəhəri olan Sidona zərbələr endirib. Zərbələrdən birinin Sidonda üçmərtəbəli kommersiya binasını tamamilə dağıtdığı iddia olunur.
Livan prezidenti Jozef Aun hücumları pisləyib. O bildirib ki, bu zərbələr həm döyüşləri səngitməyə yönəlik beynəlxalq səylərə, həm də Livanın səylərinə ziddir. Livan hökuməti uzun müddət "Hizbullah"ın nəzarətində olmuş ərazilərdə hakimiyyətini genişləndirməyə, silahlı dəstələrin tərksilah olunmasına çalışır.
Qırğızıstan da bloqerlərin fəaliyyətini tənzimləyəcək
Qırğızıstanda bloqerlər haqqında qanun layihəsi hazırlanır və sənədin 2026-cı il ərzində hazır olması gözlənilir. Bunu ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev "AKIpress"ə müsahibəsində deyib.
"Bloqerlərin izləyiciləri, təsir etdikləri auditoriya var və bloqerin kim olduğunu müəyyənləşdirməliyik. O, təbii ki, kütləvi informasiya vasitələrinə aid edilməyəcək, amma əhali üzərində müəyyən təsiri var və hər hansı məlumat yayarkən məsuliyyət də daşımalıdır", – agentlik nazirə istinadla yazır.
Mambetaliyev sosial şəbəkə səhifələrində müxtəlif mal və xidmətləri reklam edən bloqerləri xüsusi vurğulayıb: "50 min -100 min, bəzən bir milyon və daha çox izləyicisi olan bloqerlər var, sahibkarlıqla məşğuldurlar, bu və ya digər məhsulu reklam edirlər. Bu da sahibkarlıq fəaliyyətidir. Ona görə də biz elə mexanizm müəyyən etməliyik ki, hər iki tərəf razı qalsın".
Qazaxıstan və Tacikistanda bloqerlər sahibkar kimi qeydiyyatdan keçməli və vergi ödəməlidirlər. Vergi Komitəsinin məlumatına görə, 2024-cü ildə Tacikistanda bloqerlər 2.5 milyon dollar qazanıblar, bunun 440 min dolları vergi və digər məcburi ödənişlərə gedib. Söhbət rəsmən vergi orqanlarında qeydiyyatdan keçmiş 114 bloqerin gəlirlərindən gedir.
2025-ci ilin fevralında isə Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi bloqerlərin və onların gəlirlərini genişmiqyaslı yoxlamağa başlayıb. Qurum bildirib ki, onların nəzarət siyahısında 594 nəfər var və vergi orqanlarının fikrincə, bu şəxslər dövlətdən təxminən 106 milyon dollar gəliri gizlədiblər.
Bricit Makrona qarşı onlayn qısnamaya görə 10 nəfər məhkum edilib
Yanvarın 5-də Parisdə məhkəmə 10 nəfəri Fransanın Birinci xanımı Bricit Makrona qarşı onlayn qısnamada təqsirli bilib. Onlar Makronun transqadın olması, kişi doğulması ilə bağlı saxta iddialar yaymışdılar.
"Reuters" Bricit və əri -Fransa prezidenti Emmanuel Makronun son illər dəfələrlə saxta iddialarla üzləşdiyini yazır.
Prezident cütlüyünün 24 yaş fərqi də tənqid və ironiya mövzusu olub. Onlar uzun müddət bunu gözardı ediblər, amma son vaxtlar fəal şəkildə məhkəmələrə üz tuturlar.
Bugünkü məhkəmə qərarı isə Makronların mövqeyini gücləndirir. Onlar ABŞ-də sağçı influenser və podkaster Kendis Ouensə qarşı böhtan maddəsi ilə məhkəmə iddiası qaldırıblar. O da B.Makronun kişi doğulduğunu iddia edib.
Səkkiz kişi və iki qadın B.Makronun cinsi və seksual kimliyi barədə zərərli şərhlər verməkdə, hətta onun əri ilə yaş fərqini pedofiliyaya bərabər tutmaqda təqsirli biliniblər. Onlara səkkiz aya qədər şərti cəza kəsilib, - Fransız mediası məlumat verib.