“Azərbaycan hakimiyyətinin mövqeyi göstərir ki, Bakı regional kommunikasiyaların açılmasını istəmir və Errmənistanı blokadada saxlamaq niyyətindədir”.
AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Ermənistan baş nazirinin əvəzi Nikol Paşinyan bu bəyanatı iyulun 15-də keçirilən hökumət müşavirəsinin açılışında verib.
Azatutyun xatırladır ki, bugünlərdə Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanması məsələsindən danışmışdı.
Əliyev demişdi ki, Azərbaycanın bu təklifi yeni real vəziyyətə əsaslanır:
"…Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər… "
Lakin Paşinyan Azərbaycan qoşunlarının may ayından bəri Ermənistan ərazisinə daxil olduqları və orda qaldıqları barədə iddiaları təkrar edirb.
O deyib ki, Azərbaycan bu həmsərhəd bölgələrdən qoşunlarını geri çəkməli, burada Rusiya sülməramlıları və beynəlxalq müşahidəçilər yerləşdirilməli, daha sonra isə delimitasiya işinə başlanmalıdır.
“Hansısa Zəngəzur dəhlizi”
Paşinyan bildirib ki, onun bu təklifi qüvvədə qalır və Yerevan bu istiqamətdə artıq öz partnyorları ilə, ilk növbədə rusiyalı partnyorlarla birgə işləyir, Bakı isə bu təklifə heç bir reaksiya verməyib:
“Bakının taktikasını irəlicədən görmək asandır və bu taktika dəyişməyib: Onlar sülhsevər bəyanatlarına baxmayaraq hər şeyi edirlər və edəcəklər ki, regionda sülh prosesi pozulsun. Onlar həm də bəyan edirlər ki, Ermənistan və Artsax (Qarabağ – red) guya sülhün və sərhədlərin müəyyən edilməsinə qarşıdır”.
Rusiya rəsmiləri, o cümlədən son dəfə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur. Bakının bəyanatlarında da sülh sazişi ilə bağlı Dağlıq Qarabağın adı çəkilmir.
Buna baxmayaraq Paşinyan Azərbaycanın “hansısa Zəngəzur dəhlizi” barədə bəyanatlarından çaşqınlıq keçirdiyini deyib.
Paşinyanın sözlərinə görə Azərbaycanın bu kimi bəyanatları Moskvada yanvarın 11-də üç liderin imzaladıqları bəyanata ziddir:
“Mənim baş verənlər barədə fikrim birmənalıdır: Azərbaycan belə bəyanatları üçtərəfli komissiyanın işini pozmaq və kommunikasiyaların açılmasına yol verməmək üçün edir. Amma biz üçtərəfli qrupdakı işimizi davam etdirəcəyik ki, bu blokadanı yaraq və rusiyalı və beynəlxalq partnyorlarımızla birlikdə kommunikasiyaların açılmasına nail olaq”.
“Bütün mümkün və qeyri-mümkün vasitələr”
Ermənistanın baş nazir əvəzi bu hökumət iclasında “Dağlıq Qarabağın statusu” ilə bağlı məsələyə də toxunub və deyib ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara başlanmasına tərəfdardır.
Paşinyan xatıladıb ki, burada üç əsas prinsip var: millətlərin öz müqəddəratını təyinetmə hüququ, zorakılığa əl atılmaması və ərazi bütövlüyü:
“Aydındır ki, biz qızğın şəkildə Artsax (Qarabağ – red) xalqının öz müqəddaratını təyin etməsinə çalışacağıq”.
Paşinyan daha sonra deyib:
“Heç nəyə baxmayaraq Ermənistan öz ərazi bütövlüyü və suverenliyinin müdafiəsi üçün, Rusiya-Ermənistan birgə hərbi qüvvəsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil bütün mümkün və qeyri-mümkün vasitələrdən istifadə edəcəkdir”.
Paşinyan iddia edib ki, bu istiqamətdə partnyorlarla “məsləhətləşmələr” davam etdirilir.
Xatırlatma
2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi açıqlanıb.
Bu il yanvarın 11-də də Moskvada tərəflər üçtərəfli bəyanat imzalayıblar.Həmin bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.