Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:35

Prezident : "Bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır" 


Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev

İlham Əliyev deyir ki, Azərbaycanın təklifi yeni real vəziyyətə əsaslanır: "…Bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər… "

İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində ölkənin ərazi bütövlüyü uğurunda həlak olanların ailələri və müharibə əlillərinə mənzillərin, avtomobillərin təqdim olunması mərasimində iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, Prezident deyib ki, yeni salınan yaşayış kompleksi 810 mənzildən ibarətdir. "… Görürəm ki, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var ", deyə o qeyd edib.

Dövlət başçısının əlavə etməsinə görə, son illər ərzində bu sahədə çox böyük işlər görülüb :

"Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. "

Prezidentin deməsinə görə, bütövlükdə 7200 avtomobil verilib.

Dövlət başçısı habelə qeyd edib ki, son illər ərzində ölkədə genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir :

"Biz hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün vasitələr təqdim edirik və onların sayı artır. Bu il nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özününməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır. "

" Əgər Ermənistan bunu etmək istəmirsə…"

Çıxışında Qarabağ məsələsinə də toxunan Prezident bir daha bəyan edib ki, Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq:

" Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. "

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Pasinyan və Rusiya prezidenti Vladimir Putin ,11 yanvar, 2021
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Pasinyan və Rusiya prezidenti Vladimir Putin ,11 yanvar, 2021

Prezidentin deməsinə görə, Azərbaycanın bu təklifi yeni real vəziyyətə əsaslanır: "…Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər… "

Amma son aylar bir neçə dəfə İkinci Qarabağ müharibəsinin iştirakçısı olan insanlar müxtəlif dövlət qurumları qarşısında aksiyalar keçiriblər, onlar dövlətin biganəliyindən, işsizlikdən gileyləniblər.

Xatırlatma

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.Bu döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi açıqlanıb.

Bu il yanvarın 11-də də Moskvada tərəflər üçtərəfli bəyanat imzalayıblar.Həmin bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG