Indiewire saytı yazır ki, Pedro Almodovar "Parallel Mothers" (Paralel analar) adlı yeni melodraması ilə yenidən gündəmə qayıdıb. Filmdə baş rolları onun muzası Penelopa Krus və ispan kino və TV aktrisası Milena Smit oynayırlar.
Penelopa Krusun qəhrəmanı bir jurnalın fotoqrafı, Milena Smitin qəhrəmanı isə ana olmaqdan qorxan yeniyetmədir. Onların körpələri doğulan kimi səhv düşür. Krus bu filmdə uzun zamandan bəri birlikdə işlədiyi kinorejissorla yenidən bir araya gəldiyi halda, Smiti "Instagram" tapıntısı saymaq olar.
20 il bundan əvvəl...
"Parallel Mothers" 24 sentyabr – 10 oktyabrda keçirilən Nyu-York Kinofestivalının bağlanış gecəsi seçimi idi. Krus festival zamanı keçirdiyi mətbuat konfransında "Parallel Mothers"in əslində uzun zamandan bəri "bişməkdə" olan bir film olduğunu deyib. Onun sözlərinə görə, filmin ideyası 20 ildən çox bundan əvvələ, 1999-cu ildə çəkilmiş, "Oskar" mükafatına layiq görülmüş "All About My Mother" (Anam haqqında hər şey) filminə gedib çıxır.
"O, ilk dəfə bu hekayə ilə bağlı fikirlərini mənimlə bölüşəndə biz Nyu-Yorkda idik və "All About My Mother" filmi üçün mətbuat konfransı keçirirdik. O mənə bu hekayə haqda bir neçə söz dedi. Hekayə dəyişərək təkamül edib və yeni bir şeyə çevrilib. Ancaq bu hekayənin kökü oradadır", – Krus deyib.
Yeni filmdə isə Penelopa Krusun qəhrəmanı Smitin qəhrəmanı ilə erotik çalarlı əsrarəngiz bağ qurur.
"Gələcəyin necə olacağını belə bilmirdik"
"Biz tam qapanmada olanda "FaceTime" zənglərimizin birində o mənə dedi: "Yeri gəlmişkən, mən o hekayəni siyirtmədən çıxarıb yenidən yazıram və qəhrəman üçün ağlımda səni tutmuşam". Təsəvvür edin ki, lokdaun vaxtıdır, gələcəyin necə olacağını belə bilmirdik, heç bir təsəvvürümüz yox idi. Heç nə bilmirdik. Sonra da o mənə bu ümid və həyəcanı verdi. Bu gözəl hekayələri birlikdə canlandıracağımızı bilirdik. Bəlkə də, onun o hekayələri mənimlə paylaşdığı zamanların içində ən sevdiyim zaman budur", – Krus deyib.
Krus ispan kinorejissoru Almodovarla yeddi filmdə əməkdaşlıq edib. Onun Almodovarın filmindəki ilk rolu 1997-ci ildə çəkilən "Live Flesh" filmində indiki həyat yoldaşı Xavyer Bardemlə tərəf müqabili olduğu roldur. Bundan sonra "All About My Mother", "Volver", "Broken Embraces", "I'm So Excited", "Pain and Glory" və, nəhayət, "Parallel Mothers" filmləri gəlir.
Çıxış yolu
"Mənim üçün bu, [pandemiyadan çıxmaq] reallıqdan qaçmaq üçün yeganə çıxış yolu idi. Hər gün ətrafımda qəzetləri görə bilirdim. Böyük faciələr… Ancaq əslində bu dövr əvvəlkindən daha məhsuldar idi. Çünki qapanma zamanı mən xeyli daha çox konsentrasiya oluna bilirdim. Çölə çıxa bilmirdim. Heç kimi görə bilmirdim", – Almodovar deyib.
"O həmişə yazır. Hətta biz səyahət edəndə və ya filmlərdən birini tanıtmaqla məşğul olanda da. Bəzən o, eyni zamanda üç ssenari yazır. Bilmirəm o bunu necə edir, ancaq mən onu tanıyandan belədir. Mənə elə gəlir ki, biz çəkiliş edəndə o daha xoşbəxt olur. Yazmaq, çəkmək, postprodakşn, filmlə birlikdə dünyanı gəzmək, - o bu proseslər zamanı daha xoşbəxt olur", – Penelopa Krus mətbuat konfransında Pedro Almodovar haqqında deyib.