Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 21:17

Andersonun nağıl dünyası


Ues Anderson
Ues Anderson

BBC yazır ki, Ues Andersonun filmləri boz reallıq içində mövcud deyil. Onun qurduğu dünyalar nağıldır. Onun 1998-ci ildə çəkdiyi "Rushmore" filmi tənha, travmalı, insanla ünsiyyəti axtaran adamlar haqdadır.

Texaslı rejissorun filmlərində ölümə xüsusi yer verilir. "The Royal Tanenbaums" (2001) filmində Ben Stillerin oynadığı Çes Tenenbaum öz parlaq qırmızı idman geyimində karikaturaya bənzəsə də, əslində həyat yoldaşının ölümündən və uşaqları üzərindəki məsuliyyətinin ağırlığından dərin təsirlənmiş bir adamdır.

Bill Mürreyin "The Life Aquatic with Steve Zissou" (2004) filmindəki Stiv Zissu rolu da açıq-aşkar absurd personajdır. Ancaq yaxın dostunun amansız ölümündən sonra qisas alacağına söz verir. Andersonun qəhrəmanları öz travmalarını karikatura fasadı arxasında gizlədir. Onların həyatı isə bu travmanın öhdəsindən necə gəlmələrindən asılı olur.

Fırıldaqla faciə arasında bağ

Andersonun ən son filmi olan "The French Dispatch" (2021) filmində də bu ənənə davam edir. Onun ən sentimental işi kimi görülən bu film uzun zamandan bəri çalışan jurnal redaktorunun ölümü ilə başlayır. Filmdə sanki bu adama və ümumilikdə tədricən yoxa çıxmağa başlayan çap sahəsinə yas tutulur. Hadisələr Annui-sür-Blaze adlı uydurma bir fransız şəhərində cərəyan edir. Anderson tərzində rəngli personajlar burada da var. Ancaq onların ekssentrikliyi ümumi tablonu tamamlayır.

Anderson fırıldaqla faciə arasında bağ qurmaq ustasıdır. Filmlərində yarada bildiyi fəlakət hissi onun fantastik dünyasına reallıq və qorxu çaları qatır.

"Ölüm nəzarət edə bilmədiyimiz ən böyük şeydir. Biz ondan sonra nələrin olduğunu da bilmirik. Bunu qəbul etmək Ues Andersonun hər şeyə nəzarət etmək tutqusu olan qəhrəmanlarına dərs verir", – amerikalı yazıçı və kinorejissor Mett Zoller Zeyts BBC-yə deyib.

Həssas məsələlərin absurdla qarışması

Anderson Maykl Pauell və Emerik Pressburqer kimi rejissorlardan tutmuş, yazıçı Stefan Sveyqə qədər bir çox mənbədən ilham alıb. Ancaq rejissorun öz təcrübəsi də böyük bir ilham mənbəyidir. Onun filmləri avtobioqrafik detallarla doludur. Məsələn, "Rushmore" filmi Hyustonda, rejissorun "alma mater"i olan Sent Con Məktəbində çəkilib. "The Royal Tenenbaums" filminin mərkəzində duran ailə münaqişəsi isə onun öz valideynlərinin boşanmasından qaynaqlanır. Bəlkə də, Anderson öz işlərində şəxsi təcrübəsinə çox yer verdiyi üçün bu filmlərində həssas məsələlərin absurdla qarışması tamaşaçıya qəribə görünmür.

Sadə insan bağının şəfaverici gücü

Andersonun qəhrəmanlarına və onların emosional narahatlıqlarına o qədər canı yanır ki, onun hekayələrində birbaşa mənfi qəhrəmanlara nadir hallarda yer tapılır. "Fantastic Mr Fox" (2009) filmindəki fermerlər və "Grand Budapest"dəki faşist "ZiqZaq" diviziyası istisnadır.

Məqalədə daha sonra deyilir ki, Andersonun işlərindəki ümumi cəhət sadə insan bağının şəfaverici gücünü göstərməsidir.

"The Darjeeling Limited" filmində Uitmen qardaşlarının Hindistana səyahəti onlara gözlənilən mənəvi aydınlanma və ya anaları ilə barışıq hissini gətirməsə də, ən azı, onların bir-birinə qarşı sevgi və hörmət hissini təzələyir. Filmin son anlarında qardaşlar atalarından miras qalmış əcaib naxışlı dəri çamadanı kənara tullayanda özlərini emosional yükdən qurtarmış olurlar. Onların bir-birindən qoparan da bu emosional yük idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG