Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:07

İllərlə rəflərdə qalmış sovet filmləri


"İvan Qroznı" filmindən kadr
"İvan Qroznı" filmindən kadr

Kinorejissor üçün filminin auditoriya qarşısına çıxmasına imkan verilməməsi çox ağrılıdır. SSRİ-də onilliklər ərzində filmləri nümayiş imkanından məhrum edərək rəfə göndərmək kimi senzura növü olub. hi-fi.ru saytı rəfdə ən uzun müddət gözləmiş sovet filmləri haqda yazıb. Həm də onların rəfə göndərilməsinin yeganə səbəbi partiyanın narazılığı olmayıb.

Sergey Eyzenşteynin 1945-ci ildə çəkdiyi "İvan Qroznı" epopeyası 13 il rəfdə qalıb. Maraqlıdır ki, filmin birinci seriyası partiya rəhbərlərinin o qədər xoşuna gəlib ki, dərhal rejissora Stalin mükafatı veriblər. Bu, SSRİ vətəndaşlarının elm və təhsil sahəsində ala biləcəyi ən yüksək mükafat idi. İkinci seriya isə "xalqların atası"nı çox qəzəbləndirib. O, filmdə öz idarəçiliyinə eyhamlar görüb. Filmi rəfə göndərib yalnız 1958-ci ildə təsdiq ediblər.

Ehtiyatdan dövlət mükafatına

Aleksey Qermanın "Yollarda yoxlama" hərbi dramı (1970) xəyanətini yumaq üçün partizanlara qoşulan kollaborasionist haqqındadır. Daim rəhbərlik üçün "narahat" kinorejissor sayılan Qerman hər bir filmini son ana qədər müdafiə etməli olub. Bu film də Dövlət Kino Birliyinin (Qoskino) rəhbərliyini sevindirməyib. Onlar filmi vətənin müdafiəçilərinin xatirəsini ləkələməsi bəhanəsi ilə ehtiyata göndəriblər. Film yalnız 1985-ci ildə bəraət qazanıb və dərhal bir neçə festivala göndərilib. Son nəticədə Qerman bu işinə görə SSRİ Dövlət mükafatına layiq görülüb.

Rejissor Yuri Kara Mixail Bulqakovun ölməz romanı "Master və Marqarita"nı 1993-cü ildə - postsovet dövründə ekranlaşdırıb. Ancaq bu film düz 18 il rəfdə qalıb. Maraqlıdır ki, film senzuranın, yaxud dövlət hakimiyyətinin pis niyyətinin qurbanı olmayıb. Səbəb əsərin müəllif hüquqlarının sahiblərinin iddiaları olub. Film yalnız 2011-ci ildə ekranlara çıxıb.

"Müdaxilə"

Qennadi Polokinın "Müdaxilə" filmi (1968) 19 il rəfdə gözləyib. Parlaq, enerjili, gözəl musiqi parçaları və yaxşı ifaçıları ilə yadda qalan bu film XX əsrin əvvəllərinin teatr tamaşaları şəklində stilizasiya olunub. Görünür, sovet kino sənayesinin qoca rəhbərlərini qəzəbləndirən də bu olub. Eyniadlı pyesin müəllifi də filmdən narazı qalıb. Bu səbəbdən də filmi ehtiyata göndəriblər.

Andrey Konçalovskinin "Sevən, amma evlənməyən Asya Klyaçinanın hekayəsi" filmi (1967) 20 il rəfdə gözləməli olub. Həmin il Oktyabr inqilabının 50-ci ildönümü olduğundan senzura at oynadırdı. Elə buna görə də bu siyahıdakı filmlərin bir neçəsi məhz həmin il ehtiyata göndərilib. Bu film gənc Konçalovskinin üçüncü rejissor işi idi. Kino industriyasının ozamankı rəhbərləri bu filmi sovet kəndini məsxərəyə qoyan mənasız iş adlandıraraq nümayişinə icazə verməmişdilər. Müəllifsə ucqarlarda həyatın monotonluğunu və yoxsulluğunu göstərmək istəmişdi.

Aleksandr Askoldovun "Komissar" filmi (1967) "antisovet kinosu" adlandırılaraq 20 illiyə rəfə göndərilib. Bu filmin yeganə kopiyasının məşhur rejissor Sergey Qerasimov tərəfindən xilas edildiyi haqda əfsanə mövcuddur. Onun bu lenti ölənədək öz seyfində saxladığı deyilir. Ancaq o dövrdə yaşayan müşahidəçilər filmin Qızıl orduya qeyri-standart yanaşmaya, yəhudi mövzusunun qaldırılmasına və bəzi səhnələrin hədsiz təbiiliyinə görə qadağan edildiyini deyirlər. Film yalnız 1987-ci ildə böyük ekrana çıxıb və bir neçə mükafata layiq görülüb.

Yalançı obrazı. Paradla oxşarlıq

Aleksey Korenevin 1968-ci ildə bitirdiyi "Ədəbiyyat dərsi" filmi tamamilə neytral tragikomediya kimi görülə bilər. Ancaq o, 21 il rəfdə qalmalı olub. Bunun səbəbi filmin ilk adı idi: "Yalansız gün". Halbuki, ssenariyə ilham verən hekayənin adı məhz belə idi. "Qoskino" rəhbərləri deyirdilər ki, bu ad sovet müəllimlərini yalançı kimi göstərir.

Georgi Daneliyanın "Otuz üç" filmi (1965) 25 il ekrana çıxmasını gözləyib. Bu məzəli və yüngül komediyada Yevgeni Leonovun canlandırdığı qəhrəman kortejin tərkibində Moskvanı gəzir. Kino Birliyinin rəhbərləri həmin səhnədə sovet kosmonavt və baş katiblərinin parad və səfərləri ilə oxşarlıq görüblər. Filmin nümayişi yasaqlansa da, onun bir neçə kopiyası yarımleqal yollarla kənd klubları, sanatoriyalar və hərbi hissələrdə göstərilib.

Gənc Eldar Ryazanovun "Heç yerdən olmayan insan" adlı satirik komediyası (1961) 27 il rəfdə qalıb. Bu film həm də Sergey Yurski və Anatoli Papanovun debütü ilə əlamətdardır. Filmin müzakirəsi ən yüksək səviyyələrə qədər gedib çıxıb. Onu SovİKP-nin XXII qurultayında müzakirə ediblər. Son nəticədə qadağanı Suslovun özü qoyub. Film yalnız 1988-ci ildə bəraət qazanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG