Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:55

Özbəkistan və Tacistanda dinə münasibət necə dəyişir?


Özbəkistan. Dindar öz arvadları ilə.
Özbəkistan. Dindar öz arvadları ilə.

Tacikistanda 125 imam-xətibə sosial şəbəkələrdən və internet texnologiyalardan istifadə üzrə təlim keçilib. Ölkə rəhbərliyi bu xüsusi təlimi Müharibə və Sülhün İşıqlandırılması İnstitutu (IWPR) ilə birlikdə təşkil edib.

İmam-xatiblərə Facebook və Odnoklassniki sosial şəbəkələrində öz səhifələrini yaradaraq, sosial şəbəkələrdə dini ekstremist fikirlər yayanlarla mübarizə aparmaq tövsiyə olunub.

Buna da bax:​ Özbəkistanda hicab taxan, şort geyən abituriyent ola bilməz

“İNTERNETƏ NƏZARƏT GÜCLƏNDİRİLSİN”

IWPR-ın Tacikistan nümayəndəliyinin əməkdaşı Lola Olimova təlimlərin ölkənin beş bölgəsində keçirildiyini deyir. Təlimlərə cümə namazlarında minlərlə insanın toplaşdığı məscidlərin nisbətən gənc imamları cəlb edilib.

Tacikistanda ruhanilər sosial şəbəkələrlə maraqlanmırlar. Şəbəkələrdə Hoji Mirzo IbronovEshoni Nuriddin Turaonzoda kimi tanınmış din xadimlərinin səhifələri gözə dəysə də, onların özləri bu səhifələrlə əlaqələrinin olmadığını deyirlər.

Tacikistanda məscid
Tacikistanda məscid

Tacikistanda hökumət gənclərin radikallaşmasından narahatdır. Hökumət dəfələrlə Facebook və Odnoklassniki sosial şəbəkələrini ekstremist fikirlər yaymaqda suçlayaraq internet üzərində nəzarəti gücləndirməyi təklif edib.

Buna da bax: Keçmiş prezidentin qızı Gulnara Karimova saxlanıb

Tacikistan prezidenti Emomali Rahmon ötən ilin yanvarında hökumətin iclasında bildirmişdi ki, gənclərin "İslam dövləti" qruplaşmasına cəlb edilməsi ölkənin daxilində və xaricində məscidlərdə, başqa dini qurumlarda və internetdə baş verir.

300-DƏN ÇOX TACİKİSTANLI DÖYÜŞLƏRDƏ ÖLDÜRÜLÜB

Ötən il Rusiyanın Avropa hissəsi müsəlmanlarının ruhani idarəsinin rəhbəri Ravil Gainutdin Tacikistanın Moskvadakı səfiri ilə söhbəti zamanı Rusiyada Tacikistan İslam Mərkəzinin nümayəndəliyinin açılmasının vacibliyini vurğulamışdı. O, tanınmış tacik imam-xətiblərinin tacik miqrantların daha çox yaşadığı Rusiya şəhərlərinə göndərilməsini təklif etmişdi. Tacikistanın Üləmalar Şurasının rəhbəri də bu fikri dəstəkləmişdi.

Tacikistanda ötən ilin dekabrında terrorizm və ekstremizmlə mübarizəyə dair milli strategiya qəbul edilib. Parlamentin deputatı Jurahon Majidzoda deyir ki, ölkədəki 3 milyon internet istifadəçisinin 80%-dən çoxu terrorçuluqla bağlı məlumatlar alır. Ancaq "İnternet siyasəti üzrə vətəndaş təşəbbüsü" ictimai fondunun rəhbəri Muhammadi İbodulloyev hesab edir ki, ölkədə internet istifadəçilərinin yalnız 5%-i belə məlumatlar ala bilər.

Buna da bax:​ Özbəkistanda beş mindən çox imamın peşə hazırlığı yoxlanılıb

Tacikistan hökumətinin verdiyi məlumatlarda 1100 ölkə vətəndaşının Suriya və İraqa yollandığı deyilir. Hazırda 300-dən çox tacikistanlının döyüşlərdə öldürüldüyü bildirilir.

Özbəkistanda isə 4 mindən çox müsəlman hökumətin "qara siyahısından" çıxarılıb.

4 MİNDƏN ÇOX ADAMA BƏRAƏT VERİLİB

Özbəkistan ruhani idarəsinin məlumatına görə, prezident Shavkat Mirziyayevin tapşırığı ilə məscidlərin imamları və yerli hökumət nümayəndələrinin adları xüsusi siyahıya salınmış dindarlarla söhbətindən sonra 4 min 152 adama "bəraət verilib". Həmin şəxslərin yaşadıqları ərazilərdə yerləşən məscidlərin imamları onların daha "haqq yolundan sapmayacağına" zamin durublar. Ruhani idarəsi yaxın zamanlarda 5 minədək müsəlmanın adının "qara siyahıdan" çıxarılacağını bildirib.

«İmamlarımız 10 min 990 adama zamin durublar. Onlardan 4 min 152 adama bəraət verilib. Qısa zamanda söhbət aparılmış digər müsəlmanlar da «qara siyahıdan» çıxarılacaq», – idarənin məlumatında deyilir.

Buna da bax:​ Azərbaycanda məzhəb savaşı körüklənə bilər?

Bir müddət öncə məhəllə komitələri və rayon administrasiyaları əməkdaşlarının güc strukturları ilə birlikdə adları DİN-in xüsusi siyahısına salınmış dindarların evinə gəldiyi, onlarla söhbət apardığı haqda xəbər yayılmışdı.

ÇOXU BƏRAƏT ALIB

Söhbətlərdə iştirak edən fərqanəli imam AzadlıqRadiosu-na bildirib ki, adları güc strukturlarının "qara siyahısına" salınmış dindarların yarıya qədərinin qadağan olunmuş dini ekstremist qruplaşmalarla heç bir əlaqəsi yoxdur.

"Prezidentimiz Əndicanda demişdi: «Siz hətta mobil telefonla anlaşılmaz dini mətnlər göndərənləri də "qara siyahıya" salmısınız. İndi onlara bəraət verməli olacaqsınız». Məlum olub ki, doğrudan belə imiş. Bəzi dindarlar "Telegram" və başqa messencerlərdən bir-birinə qadağan edilmiş dini mesajlar göndərdiklərini bilmirlərmiş. İndi o dindarlar çox sevinirlər, prezidentə təşəkkür edirlər. Biz onların çoxuna bəraət vermişik", – Fərqanədən olan imam deyir.

Buna da bax:​ Özbəkistan “rəhbərə məddahlığı” qadağan edir

Bu günlərdə Daşkənd İslam Universitetində və Özbəkistan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təntənəli mərasimlər keçirilib. Bu mərasimlərə adları "qara siyahıdan" çıxarılmış minlərlə müsəlman dəvət edilib.

ŞƏRLƏNƏRƏK “QARA SİYAHI”YA SALINIBLAR

Adı DİN-in siyahısına salınmış Daşkənd sakini Аbror Mukhtor Aliy də Daşkənd İslam Universitetindəki təntənəli mərasimə qatılıb. O deyir ki, bəraət verilmiş dindarların çoxunun həqiqətən də dini qruplaşmalarla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, bəziləri, o cümlədən onun özü də şərlənərək "qara siyahıya" düşüb.

Son illər ərzində Özbəkistanda qadağan edilmiş dini-ekstremist qruplaşmalarla bağlılıqda şübhəli bilinən minlərlə müsəlmanın adları DİN, Milli Təhlükəsizlik Xidməti (MTX) və Baş Prokurorluğun "qara siyahılarına" salınıb.

Buna da bax:​ Özbəkistan KTMT-yə qayıtmayacaq

Adları "qara siyahıda" olan dindarlar daim güc strukturlarının nəzarətindədir. Onlar həftədə və ya ayda bir dəfə yerli polis məntəqələrində qeydiyyatdan keçməli olurlar. Rayon polis şöbələri isə onlarla söhbət aparır.

Həmin şəxslərin xaricə getməsinə də məhdudiyyət qoyulur. Çox zaman onlara "çıxış vizası" verilmir. "Çıxış vizası" Özbəkistan vətəndaşlarına iki illik verilən, onların xaricə səfər etməsinə icazə verən sənəddir.

Bundan başqa, adları siyahıya düşmüş şəxsləri dövlət qurumlarına işə götürmürlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG