-
Özbəkistanın keçmiş prezidenti İslam Karimovun qızı Gulnara Karimova saxlanıb.
Bu barədə Özbəkistan prokurorluğu iyulun 28-də məlumat yayıb.
Prokurorluq açıqlamasında yazır ki, Gulnara Karimovanın üzərində 2015-ci ildən 5 il müddətinə həbs qərarı vardı. Bu qərar Özbəkistanda bir neçə şirkətdə qəsb, mənimsəmə, oğurluq və vergidən yayınmaya görə idi.
Lakin davam edən istintaq zamanı ona daha bir neçə ittiham irəli sürülüb. Onun barəsində həm də çirkli pulların yuyulması, fırıldaqçılıq ittihamları ilə də araşdırma aparılır və istintaq müddətində həbsdə qalacaq.
Reuters agentliyi yazır ki, ölkə prokurorluğu Gulnara Karimovanın İsveçrə, Rusiya, İngiltərə və Fransadakı 1.5 milyard dollarlıq əmlakına da həbs qoyulmasını istəyir.
Gulnara Karimova hələlik deyilənlərə münasibət bildirməyib. Prokurorluq onu kimin təmsil etdiyini də açıqlamayıb.
2014-cü ildə yoxa çıxmasından sonra bu, Gulnara Kaimova haqda ilk rəsmi xəbərdir.
45 yaşlı Gulnara Karimova bir vaxtlar modelyer, pop müğənni, BMT-də səfir idi.
O, 2014-cü ildən ictimaiyyət arasında görünmür, atasının yasına belə buraxılmayıb.
İsveçrədə ona qarşı pulyuma əməliyyatı və korrupsiya ilə bağlı rəsmi ittihamlar irəli sürülüb. Bu ilin əvvəlində “World Street Journal” yazır ki, Gulnara Karimova korrupsiya ittihamı ilə bağlı İsveçrə prokurorluğuna da ifadə verib.
Onun Özbəkistanda rüşvətlə iş görməkdə ittiham olunan bir sıra xarici şirkətlərlə bağlılığı olduğu iddia edilir.
İsveçrə hakimiyyəti istintaq çərçivəsində onun 650 milyon dollarlıq bank hesablarını dondurub.
“World Street Journal” bunun Özbəkistanda həbs olunduqdan sonra Karimova barədə ilk etibarlı məlumat olduğunu yazır.