Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:41

Islam Karimov-un prezident iqamətgahı muzey olur


Özbəkistan Karimovlar ailəsi
Özbəkistan Karimovlar ailəsi

Yeni prezident “Oksaroy”da oturmayacaq

Daşkənddə Özbəkistanın ilk prezidenti, bu yaxınlarda vəfat etmiş Islam Karimov-un iqamətgahı olan “Oksaroy” (“Ağsaray”) muzeyə çevriləcək. TASS informasiya agentliyi ölkə hakimiyyətindəki bir neçə mənbəyə istinadən bu məlumatı yayıb.

Agentlik Özbəkistanın mərhum prezidentinin qızı Lola Karimova-Tillyayeva-nın da ötən ay bu mövzuda “facebook” hesabında məsələ qaldırdığını yada salır və ondan sitat gətirir:

“Anamla birgə atamın adını və həyat prinsiplərini əbədiləşdirmək üçün Islam Karimov adına Fond yaratdıq. Bu fondun planında Özbəkistanın birinci prezidentinin muzeyinin yaradılması da var. Müstəqil dövlətimizin banisi - atam barədə işlərin də dərci nəzərdə tutulur”.

İslam Kərimovun dəfn mərasimi, Əndican
İslam Kərimovun dəfn mərasimi, Əndican

TASS öz qaynaqlarının Karimova-Tillyayeva-nın planlarını təsdiqlədiyini bildirib. Agentliyin müsahiblərindən biri deyib ki, “Oksaroy”ın məxfilik dərəcəsi indi azalıb.

“Oksaroy”un yaxınlığında nəqliyyatın hərəkəti bərpa olunub

Bu mövzunu davam etdirən internet nəşri “kun.uz” yazır ki, “Oksaroy” rezidensiyası yaxınlığındakı küçə ictimaiyyətə açılıb:

“Bundan başqa, Şərəf Rəşidov prospekti və Beşyaqac küçəsinin arasında yerləşən Afrosiab küçəsi də nəqliyyatdan istifadəyə açılıb. Bir neçə il əvvəl bu küçə prezident Karimov-un təhlükəsizliyini qorumaq məqsədilə bağlanmışdı”.

Məlumatlara görə, həmin ərazidə indi avtomobillərin aramsız hərəkəti gözə çarpır, ancaq ola bilər yolda təmir də başladılsın.

Yerli mətbuat da yazmışdı ki, Daşkənddə Karimov-un şərəfinə park, muzey və heyləllərin olması gözlənir.

27 illik hakimiyyətində Kərimov tənqid olunub

Islam Karimov Özbəkistana 27 il rəhbərlik edib. O, beynəlxalq hüquq müdafiə təşkilatlarının aramsız tənqidlərinə məruz qalıb. Mərhum prezident ölkəsində insan haqlarını pozmaqda, söz və ifadə azadlığını boğmaqda, siyasi azadlıqları buxovlamaqda suçlanıb. Özəlliklə pambıq yığımında uşaq əməyini istismar etdiyinə görə, bir çox tanınmış toxuculuq şirkəti dünyanın iri pambıq ixracatçılarından olan Özbəkistandan pambıq almaqdan imtina etmişdi.

Gulnara Karimova, 2010
Gulnara Karimova, 2010

Mərhum prezident qızıyla üz-göz oldu

Karimov hakimiyyətinin adı beynəlxalq korrupsiya araşdırmalarında da çəkilib. Hakimiyyətinin son illərində qızı Gulnara Karimova-nın adı beynəlxalq korrupsiya qalmaqallarında hallandığından, onunla arasında ciddi münaqişələr yaranmış, nəticədə, qızının varidatı əlindən alınmışdı. Gulnara bu barədə «twitter» hesabında yazandan, başçılıq etdiyi təşkilat və media qurumlarına təzyiqlər başlandığını deyəndən sonra xarici aləmdən təcrid olundu.

Hazırda Gulnara Karimova-nın xaricdə yaşayan oğlu anası ilə əlaqə saxlaya bilmədiyini, yalnız bacısına ayda bir dəfə onunla görüşmək imkanı verildiyini söyləyib.

Prezident seçkisidir

Özbəkistanda dekabrın 4-də növbədənkənar prezident seçkisi keçiriləcək. Ölkənin baş naziriShavkat Mirziyayev prezidentliyə ən iddialı şəxsdir. O, həm də prezidentin vəzifələrini müvəqqəti icra edir. Özbəkistanın əsas rəsmiləri arasında Mirziyayev "beyin" yox, "yumruq" kimi tanınır. Bəzi müşahidəçilərin fikrincə, o, prezidentliyi ələ keçirərsə, Karimov hökumətindən də repressiv olacaq.

Özbəkistanda prezident seçkilərində 4 namizəd mübarizə aparır. Özbəkistanda keçirilən seçkiləri Qərb heç vaxt azad və ədalətli saymayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG