Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 01:36

Orta Asiyada 'saray uşaqları' necə böyüyür


Tacikistan prezidenti Emomali Rahmon qızı Ozoda Rahmon-u medalla təltif edir
Tacikistan prezidenti Emomali Rahmon qızı Ozoda Rahmon-u medalla təltif edir

Orta Asiya ölkələrində uzun illər hakimiyyətdə olan ataların övladları vəzifədən-vəzifəyə böyüyür, yeni rütbələr və elmi dərəcələr alır, özü də bütün bunları çox sürətlə edirlər.

TACİKİSTANIN ƏN BÖYÜK AİLƏSİ

Tacikistan prezidenti Emomali Rahmon bu yaxınlarda böyük qızı Ozoda Rahmon-a dövlət ədliyyə müşaviri rütbəsi verib. Bu, ölkənin ədliyyə və prokurorluq orqanlarında ən yüksək rütbədir. O.Rahmon 2016-cı ildən bəri prezident administrasiyasına rəhbərlik edir. O, 2012-ci ildə «Tacikistanda qadın hüquqları və azadlıqlarına dair qanunvericiliyin inkişafı» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

38 yaşlı Ozoda eyni zamanda fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir. O, Tacikistanın ABŞ-dakı səfirliyində işləyib, 2009-ci ildə isə xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O.Rahmon-un həyat yoldaşı Jamoliddin Nuraliev Tacikistan Milli Bankı sədrinin birinci müavinidir.

Doqquz uşaq atası olan E.Rahmon 1992-ci ildən vətəndaş müharibəsindən çıxmış Tacikistana rəhbərlik edir. Onun 29 yaşlı oğlu Rustam bu il paytaxt Düşənbənin meri təyin edilib, daha sonra isə şəhər məclisinin sədri seçilib. Bundan öncə o, gömrük xidmətinə və antikorrupsiya idarəsinə rəhbərlik edib.

Prezidentin digər qızı Ruhshona Rahmonova 2016-cı ilin noyabrından bəri Xarici İşlər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsi rəhbərinin müavini vəzifəsində çalışır. Bundan öncə o, ölkənin Böyük Britaniyadakı səfirliyində xidmət edib. Bu ilin mayında Ruhshona özünün «Diplomatik xidmətin əsasları» adlı kitabının təqdimatını keçirib.

E.Rahmon-un yeddi kürəkəni hökumətdə iqtisadiyyat və maliyyə sahələrində vəzifələr tutur.

N.Nazarbaev qızı Darigha Nazarbaeva ilə birlikdə prezident seçkisində qələbəni bayram edir
N.Nazarbaev qızı Darigha Nazarbaeva ilə birlikdə prezident seçkisində qələbəni bayram edir

«ELBAŞI»NIN AİLƏSI

Qazaxıstan prezidenti Nursultan Nazarbaev E.Rahmon-dan da uzun müddətdir ki, hakimiyyətdədir. Onun ortancıl qızı Dinara Kulibaeva bu ilin mayında pedaqoji elmlər akademiki oldu.

Böyük qızı isə ötən ildən bəri Senatın üzvüdür. İqtisadi və siyasi elmlər namizədi, tarix elmləri namizədi Darigha Nazarbaeva daha öncə bir il ərzində ölkənin baş nazirinin müavini vəzifəsini tutub. Hazırda Senatın Beynəlxalq münasibətlər, müdafiə və təhlükəsizlik komitəsinə rəhbərlik edir.

Nazarbaev-in qardaşı oğlu, Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədrinin birinci müavini Samat Abish bu ilin mayında əmisi tərəfindən general-leytenant poqonlarına layiq görülüb.

Ondan öncə MTK sədrinin birinci müavini vəzifəsini prezidentin keçmiş kürəkəni Rakhat Aliev tuturdu. O, sonradan prezidentin mühafizə xidmətinin rəis müavini, Qazaxıstanın Avstriyadakı səfiri və xarici işlər nazirinin müavini vəzifələrini tutub. Ancaq «Rakhatgate» kimi ad çıxarmış qalmaqaldan sonra onu beynəlxalq axtarışa veriblər. Elə həmin il məhkəmə R.Aliev-lə D.Nazabaeva-nın boşanması haqda hökm çıxarıb. Qazaxıstan hökuməti dəfələrlə Avstriya hökumətinə müraciət edərək R.Aliev-in ekstradisiyasını tələb edib. Ancaq Vyana onu təhvil verməkdən imtina edib. Dövlət çevrilişi cəhdində ittiham olunan R.Aliev-in işi hələ də gizli qalır.

Aliev-i 2006-cı ildə müxalif siyasətçi Altynbek Sarsenbaev-in qətlində ittiham ediblər. R.Aliev 2014-cü ildə Avstriyanın hüquq-mühafizə strukturlarına təslim olub. Məhkəmənin qərarını gözlədiyi zaman, 2015-ci il fevralın 24-də R.Aliev həbsxanada ölü tapılıb. Avstriya hökuməti onun ölümünü sui-qəsd kimi tanıyıb.

Nazarbaev-in ikinci kürəkəni, ortancıl qızı Dinara-nın əri Timur Kulibaev «Ata-Meken» milli sahibkarlar palatasının rəhbəridir. Kiçik qızı Aliya Nazarbaeva-nın həyat yoldaşı Dimash Dosanov-sa ötən il «KazTransOil» neft boru şirkətinin direktoru təyin edilib.

G.Berdymukhamedov oğlu Serdar və nəvəsi Kerimguly ilə birlikdə.
G.Berdymukhamedov oğlu Serdar və nəvəsi Kerimguly ilə birlikdə.

«ARXADAĞ»IN OĞLU SERDAR

Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov Orta Asiyada hakimiyyətdə olduğu dövrün uzunluğuna görə Nazarbaev və Rahmon-dan sonra üçüncü yeri tutur. Əvvəllər onun oğlu Serdar haqqında çox danışılmırdı. Ötən il o, parlamentin deputatı seçilib. Hazırda isə parlamentin Qanunvericilik və normalar komitəsinin sədridir.

Bu ilin mayında dövlət KİV-ləri Serdar Berdymukhamedov-un Rusiyaya səfərini və Kazanda Tatarıstan prezidenti Rustam Minnikhanov-la görüşünü geniş işıqlandırıb.

Ölkədə «Arxadağ» (hami) adlandırılan G.Berdymukhamedov-un oğlu Serdar deputat seçilməzdən öncə bir neçə nazirlik və agentlikdə çalışıb. Onun əvvəlki vəzifələrindən biri Xarici İşlər Nazirliyinin xarici KİV-lərlə əlaqələr departamentinin rəhbəridir.

S.Berdymukhamedov Moskvada diplomatik akademiyanı bitirib. 2014-cü ildə o, namizədlik dissertasiyasını müdafiə edib, 2015-ci ildə isə texnika elmləri doktoru olub.

Fotoda Shavkat Mirziyoyev-in kiçik kürəkəni Otabek Shahanov əks olunub.
Fotoda Shavkat Mirziyoyev-in kiçik kürəkəni Otabek Shahanov əks olunub.

ÖZBƏKİSTAN VƏ QIRĞIZISTAN

Özbəkistan prezidenti Shavkat Mirziyoyev-in böyük oğlu Oybek Tursunov prezident administrasiyası rəhbərinin müavini təyin edilib. Mirziyoyev cəmi altı ay öncə prezident olub.

Prezidentin kiçik kürəkəni Otabek Shahanov Mirziyoyev-in xarici səfərləri zamanı qayınatasının arxasında mühafizə xidmətinin əməkdaşı kimi gözə dəyib. Bəzi məlumatlara görə, Shahanov bu ilin yanvarında prezidentin mühafizə xidməti rəisinin birinci müavini təyin edilib.

Özbəkistanın birinci prezidenti Islam Karimov-un böyük qızı Gulnara Karimova da vaxtilə xarici işlər nazirinin müavini vəzifəsini tutub.

Qırğızıstanın keçmiş prezidenti Askar Akaev 2005-ci ildə oğlu və qızının deputat seçilməsindən sonra baş vermiş «zanbaq inqilabı» nəticəsində ölkəni tərk etməli olub. O, hazırda Rusiyada yaşayır. Ondan sonra hakimiyyətə gəlmiş, öz oğlunu və qardaşını yüksək vəzifələrə təyin etmiş Kurmanbek Bakiev də 2010-cu ildə aprel inqilabından sonra vəzifədən getməli olub. Qırğızıstanı tərk etmiş Bakiev hazırda Belarusda yaşayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG