Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:29

Özbəkistanda beş mindən çox imamın peşə hazırlığı yoxlanılıb


İmamlar

Bu il prezident Shavkat Mirziyoyev Özbəkistanın müstəqillik tarixində ilk dəfə imamları iftara çağırıb.

Özbəkistan Müsəlmanlarının Ruhani İdarəsi (ÖMRİ) beş mindən çox imam və imam-naib (imam müavini) arasında müsahibə keçirib. İdarədən alınan məlumata görə, müsahibə imamların bilik səviyyəsinin yoxlanmasını hədəfləyib. Qeyd edilir ki, dini bilik səviyyəsi aşağı olan imam və onların müavinləri barəsində heç bir tədbir görülməyəcək. Ancaq ölkənin vilayətlərindən olan imamlar müsahibəni attestasiya kimi qəbul ediblər. Onların fikrincə, hökumət ilk növbədə özbək imamlarının sosial və maliyyə vəziyyətini yaxşılaşdırmalıdır.

«MƏQSƏD - ONLARDAN GƏLƏCƏKDƏ NECƏ YARARLANA BİLƏCƏYİMİZİ ÖYRƏNMƏK İDİ»

«Daşkənddə tanınmış imamlar və idarəmizin əməkdaşları vilayətlərdəki nümayəndələrlə birlikdə imamlarımızla müsahibə keçiriblər. Biz imamların elmi bilik səviyyəsini yoxladıq. Məqsəd - onlardan gələcəkdə necə yararlana biləcəyimizi öyrənmək idi. İndi ölkədə böyük elmi mərkəzlər açılır. Buna görə də biz öyrənmək istəyirdik ki, imamlardan kimləri bu mərkəzlərdə işə göndərmək olar». Özbəkistan Müsəlmanlarının Ruhani İdarəsi kadrlar şöbəsinin rəisi Abdumannap Usmanov AzadlıqRadiosunun özbək xidmətinə belə deyib.

***Buna da bax-İmamlar pambıq yığımını vacib əməl sayırlar

Onun sözlərinə görə, aparılan müsahibələrdə imamların elmi biliyi üç səviyyə üzrə dəyərləndirilib: əla, qənaətbəxş (keçərli) və zəif. Elmi biliklərinin zəif olduğu üzə çıxmış imamlar gələcəkdə işdən çıxarıla bilərlər. Ancaq indiki halda onlarla bağlı heç bir tədbir görülməyəcək.

Müsahibəyə məsləhətçi qismində qatılan fərqanəli bir imam AzadlıqRadiosuna müsahibəsində bildirib ki, imamların əksəriyyətinin elmi biliyinin orta səviyyədən aşağı olduğu üzə çıxıb:

«Müsahibə zamanı bizim bəzi imamlarımız Rusiya paytaxtının hansı şəhər olduğu barədə suala cavab verə bilmədilər. Belə imamlara bildirildi ki, onların dini və elmi bilik səviyyəsi çox aşağıdır. Ancaq bizim imamlarımızın vəziyyətini belə müsahibələrlə dəyişdirmək olmaz».

Daşkənd məscidində namaz
Daşkənd məscidində namaz

«İMAMLARIN ƏKSƏRİYYƏTİNİN MADDİ DURUMU ÇOX AŞAĞIDIR»

O qeyd edib ki, Özbəkistanın vilayət və kəndlərində fəaliyyət göstərən imamların təkcə bilik səviyyəsi aşağı deyil, həm də maddi durumu acınacaqlıdır:

«İmamların əksəriyyətinin maddi durumu çox aşağıdır. Onların maaşları 1-1.5 milyon somdur (120 - 180 ABŞ dolları və ya təxminən 200-300 manat). Onun da yarısını onlar vergi şəklində dövlətə ödəyirlər. İmamların çoxu Allah xatirinə - maaş almadan işləyir. Onlar məscidə, sadəcə, namazın başında durmağa gedir və kitab oxumurlar. Bir çox imam özəl daşıma, əkinçilik və bu kimi başqa işlərlə məşğul olurlar. Onların çoxu Müsəlmanların Ruhani İdarəsinin mədrəsəsini bitirsələr də, bilikləri yoxdur. Mənə elə gəlir ki, hazırda Ruhani İdarəsi bu məsələni gizlətməyə çalışır».

***Buna da bax-Özbəkistanda kommunal borcu olanı həccə qoymayacaqlar

O əlavə edib ki, öz məhəlləsində 40 ildən çox məsciddə imam kim çalışıb və «özbək imamlarının bugünkü nüfuzsuz halına acıyır».

Verilən rəsmi məlumatlara görə, bu gün Özbəkistanda 2037 məscid fəaliyyət göstərir. Bu məscidlərdə beş mindən çox imam və imam naibi çalışır.

İMAMLARIN 80-90 FAİZİ MAAŞ ALIR

Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin rəsmisi Abdumannap Usmanov-un sözlərinə görə, bu gün Özbəkistanda imamların 80-90 faizi məvaciblə təmin olunub. İmamların aylıq maaş səviyyəsi məscidin gəlirləri və dindarların ianələri hesabına əmək kollektivi tərəfindən müəyyənləşdirilir.

Rəsmi bilgilərə görə, ölkənin ucqar rayonlarında yerləşən bəzi məscidlər hətta vəqf torpaqlarını əllərində saxlaya bilib. Vəqf torpaqları tarixən müsəlman dini idarələrinin ixtiyarında olan torpaqlara deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG