Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:28

Özbəkistanda hicab taxan, şort geyən abituriyent ola bilməz


Özbəkistan ali məktəbləri hicab, miniətək və şort geymiş abituriyentlərin sənədlərini qəbul etmir.
Özbəkistan ali məktəbləri hicab, miniətək və şort geymiş abituriyentlərin sənədlərini qəbul etmir.

Bu il Özbəkistanın ali təhsil ocaqlarına sənəd vermək istəyən hicablı qızlardan baş örtüklərini arxadan düyünləmək və müsəlman geyimləri geyməmək tələb olunub. Onlara deyilib ki, əks halda sənədləri qəbul edilməyəcək. Qısa ətək və şort geyən abituriyent qızlara da eyni tələblər irəli sürülüb.

HİCABLI QIZLARIN SƏNƏDLƏRİ QƏBUL EDİLMƏYİB

Kokand Dövlət Pedaqoji İnstitutuna sənəd vermək istəyən qızlardan baş örtüklərini arxadan düyün şəklində bağlamaq və müsəlman geyimləri geyməmək tələb olunub.

Tələbə olmaq istəyən hicablı qızlardan bəzilərinin bu tələbə əməl etdiyi bildirilir.

Kokand Dövlət Pedaqoji İnstitutunun bir tələbəsi də oxuduğu ali məktəbin rəhbərliyinin hicablı abituriyentlərə belə tələblər irəli sürdüyünü təsdiqləyib.

«Mən pedaqoji instituta sənəd verən bir hicablı qız gördüm. Ondan hicabı çıxarmağı tələb etmədilər. Sadəcə, nəzakətlə baş örtüyünü arxadan bağlamasını xahiş etdilər. Ona dedilər ki, hər yerdə kameralar var və o, kameraya düşsə, institut rəhbərliyinə söz gələcək». Həmin tələbə AzadlıqRadiosunun özbək xidmətinə belə deyib.

BBC-nin özbək xidməti isə xəbər verib ki, Əndican Dövlət Universiteti bu il hicablı abituriyentlərin sənədlərini ümumiyyətlə qəbul etməyib.

Həmin ali məktəbin nümayəndələri bu məlumatı təsdiqləyərək, Daşkənddən gələn göstərişə əməl etdiklərini söyləyiblər.

Özbəkistan ali məktəblərində tələbələr üçün dress-kod mövcuddur
Özbəkistan ali məktəblərində tələbələr üçün dress-kod mövcuddur

AzadlıqRadiosu özbək xidmətinin Facebook səhifəsində də istifadəçilər Özbəkistanın bir çox ali məktəbində islami geyimli qızların sənədlərinin qəbul edilmədiyini yazıblar.

RƏSMİ YASAQ

Özbəkistan Ali və Orta İxtisas Təhsili Nazirliyinin özünü təqdim etməyən əməkdaşı bildirib ki, ölkənin ictimai yerlərində dini geyim geymək rəsmən qadağan edilib.

Özbəkistan Respublikası İnzibati Xətalar Məcəlləsinin 184-cü maddəsinin 1-ci bəndində deyilir: «Özbəkistan vətəndaşlarının (dini qurumların işçiləri istisna olmaqla) ictimai yerlərdə dini geyimlərdə görünməsi minimal əməkhaqqının 5-10 misli məbləğində cərimə və ya 15 sutkalıq inzibati həbs cəzası ilə nəticələnə bilər».

«Vicdan azadlığı və dini qurumlar haqqında» qanunun 14-cü maddəsində də deyilir ki, «Özbəkistan vətəndaşlarının (dini qurumların işçiləri istisna olmaqla) ictimai yerlərdə dini geyimlərdə görünməsinə yol verilmir».

Bununla yanaşı, Özbəkistan Konstitusiyasının 31-ci maddəsində belə yazılıb: «Hər kəsin vicdan azadlığına təminat verilir. Hər kəsin istənilən dinə sitayiş etmək və ya heç bir dinə sitayiş etməmək hüququ var».

Daşkənd ali məktəblərində tələbə qızların cins şalvarda dərsə gəlmələri qadağandır
Daşkənd ali məktəblərində tələbə qızların cins şalvarda dərsə gəlmələri qadağandır

ABİTURİYENTLƏRƏ GEYİM ŞƏRTİ

Hər il Özbəkistanda ali məktəblərə sənəd qəbulu prosesi iyunun 15-dən iyulun 15-dək davam edir. Bu il ali məktəblərin şort və miniətək geyən qızların da sənədlərini qəbul etmədiyi bildirilir.

«Qardaşım qızı Cizak Politexnik İnstitutuna sənəd verməyə gedəndə, əynində şort olduğundan, sənədlərini qəbul etməyiblər. Daha öncə də müəyyən çatışmazlıqlara görə onun sənədlərini götürməkdən imtina ediblər. O, sənədlərini yalnız beşinci cəhddən sonra verə bilib», – Cizak sakini olan bir qadın AzadlıqRadiosuna belə deyib.

Özbəkistanın ali təhsil müəssisələrinin, o cümlədən Nəvai şəhərində yerləşən Dövlət Pedaqoji İnstitutunun nümayəndələri AzadlıqRadiosuna həqiqətən də açıq geyimdə olan abituriyentlərin sənədlərini qəbul etmədiklərini söyləyiblər.

«Geyim etikasına hələ abituriyent olandan əməl etmək lazımdır. Axı onlar gələcəyin müəllimləridir, gənc nəsli yetişdirəcəklər», - Nəvai Dövlət Pedaqoji İnstitutunun əməkdaşının reportyorlara dediyi sözlərdir.

Özbəkistanda tələbələr əvvəllər də geyimlə bağlı sərt tələblərlə üzləşiblər. Məsələn, Daşkənd ali məktəblərindən birində oxuyan tələbə qızların cins şalvarda dərsə buraxılmaması halları qeydə alınıb. Kokandda isə qalstuk taxmayan tələbələri ərazini təmizləməyə, ağacların dibini belləməyə və divarları ağartmağa məcbur ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG