Özbəkistanın tanınmış jurnalistlərindən Bobomurod Abdullayev Türkiyədə naməlum səbəblərlə saxlanıb.
Ailəsi narahatdır ki, o, Özbəkistana qaytarılarsa işgəncələrlə üzləşə bilər.
Abdullayevin Türkiyə universitetlərindən birinin tələbəsi olan qızı Kamola Qodiri AzadlıqRadiosuna deyib ki, atasını aprelin 26-da Eskişehirdə saxlayıblar.
Qodiri bildirib ki, atası böyük bir ehtimalla Özbəkistan hökumətinin müraciəti əsasında saxlanıb və Daşkəndə ekstradisiya ediləcəyi təqdirdə qanunsuz həbs və işgəncələrlə məruz qala bilər.
50 yaşlı jurnalist Almaniyada yaşayır və onun Türkiyəyə hansı məqsədlə səfər etdiyi məlum deyil.
“Qara atıcı” təxəllüsü
Abdullayev ilk dəfə 2017-ci ildə polis onu və daha üç nəfəri həbs etdikdən sonra məşhurlaşıb. Həbs edilənlər Özbəkistanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhddə ittiham olunurdular.
AzadlıqRadiosu yazır ki, bu ittihamın Usman Haqnazarov imzası ilə dərc olunmuş bir neçə məqalədən qaynaqlandığı düşünülür. Bu da qeyd olunur ki, bu təxəllüsdən bir neçə jurnalist istifadə edib.
Abdullayev o vaxt ittihamı rədd etmiş və bildirmişdi ki, jurnalist kimi öz peşə vəzifəsini yerinə yetirir.
Jurnalist 2018-ci ilin mayında “antihökumət təbliğatında” ittiham edilmiş, amma onun barəsində daha ağır ittiham – “dövlətə qarşı qəsd” ittihamına xitam verilmiş və o, azadlığa buraxılmışdı.
Bir dəfə ekstradisiya olunub
Lakin Abdullayev 2020-ci ildə ona qarşı indiyədək naməlum qalan ittihamlar üzrə cinayət işi açılanda Qırğızıstana qaçmışdı.
Özbəkistan mediası bildirirdi ki, sözü gedən ittihamlar onun “Qora Mergan” (Qara atıcı) təxəllüsü ilə prezident Şavkat Mirziyoyev barəsində yazdığı sosial media postları ilə bağlı ola bilərdi.
Abdullayev 2020-ci ilin avqustunda Qırğızıstan hakimiyyət orqanları tərəfindən saxlanmış və Daşkəndə ekstradisiya edilmişdi.
O vaxt Birləşmiş Ştatlar və beynəlxalq insan haqları qrupları Abdullayevin Özbəkistana ekstradisiya edilərsə, işgəncə ilə üzləşə biləcəyindən narahatlıq ifadə edirdilər.
Lakin o Özbəkistana qaytarıldıqdan dərhal sonra azad olunmuş, amma barəsində istintaqın davam etdirildiyi bildirilmişdi.
2020-ci ilin oktyabrında ona qarşı cinayət təqibinə xitam verilmişdi.