Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:03

'Hətta deputatın fikrini sərbəst ifadə etmək hüququ məhdudlaşdırılıb'


Sosial mediaya qadağa tələbi - deputatlar nədən narahatdır?
Gözlə

No media source currently available

0:00 0:04:53 0:00

Sosial mediaya qadağa tələbi - deputatlar nədən narahatdır? (2022)

Bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə deputat Vahid Əhmədovun məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılacağı gözlənir.

Bu barədə qərarın aprelin 25-də Milli Məclisin iclasında qəbul edildiyi bildirilir.

V.Əhmədov aprelin 16-da verdiyi müsahibədə bəzi deputatların bizneslə məşğul olmaları, onların düzgün seçilib-seçilməmələri ilə bağlı fikirlərini dilə gətirmişdi. Habelə, o seçki keçirilərsə, hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyasının da parlamentdə təmsil oluna biləcəyini istisna etməyib.

V.Əhmədovun sözlərinə görə, Azərbaycanı idarə etmək çox çətindir, üstəlik, indiki dövrdə dövlətin də apardığı siyasətə müxalifət olmaq o qədər də asan məsələ deyil. "Bizim coğrafi vəziyyətimiz elədir ki, hamının burada gözü var. İndi Türkiyə bizə qardaşdır, bizə çox köməklik etdi müharibədə. Amma yenə gözləri elə buradadır...", - o, sözlərinə əlavə edib.

Parlamentdə aprelin 25-də bu məsələ ilə bağlı müzakirələr sosial şəbəkələrin də diqqətini çəkib. Artiq orada "linç kampaniyası", "düz sözə görə cəzalandırma", "söz azadlığının olmaması" kimi dəyərləndirmələr ifadə edilməkdədir.

E.Nəsirov
E.Nəsirov

"Vahid Əhmədovun bu çıxışı dövlətçiliyə ziddir"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir və ölkədə bütün hüquqlar, o cümlədən də söz azadlığı qorunur: "Müxalif olmaq olar, tənqidli çıxışlar etmək olar. Vahid müəllim həmişə tənqidi çıxışlar edib və bu, heç vaxt belə reaksiya doğurmamışdı. Niyə məhz indi belə reaksiya oldu? Çünki Vahid Əhmədovun bu çıxışı dövlətçiliyə ziddir".

"Vahid Əhmədov niyə hesab edir ki, AXCP, Müsavat xalqın böyük etimadını qazanıb parlamentdə yer tuta bilərlər?", - sual edən Nəsirovun fikrincə, "bu, kökündən yanlışdır".

"Vahid Əhmədovun ən bağışlanılmaz səhvi"

Komitə üzvü hesab edir ki, həmin müsahibədə "ən bağışlanılmaz səhv" V.Əhmədovun Türkiyə ilə bağlı sözləridir: "Ulu Öndər deyib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə dövləti, onun ali siyasi rəhbərliyi, şəxsən cənab Ərdoğan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan dövlətinin, xalqının, ordusunun yanında oldu, bizə çox böyük siyasi və mənəvi dəstək verdi. Türkiyədə qarşıda seçkilər gəlir və bunu demək bağışlanmazdır. Seçicilərim mənə zəng vurub soruşurlar ki, Vahid müəllim niyə Türkiyə ilə bağlı belə danışıb?".

"Bütün suallara cavab verməyə hazıram"

Məsələ ilə bağlı deputat V.Əhmədovun özündən münasibət öyrənmək mümkün olmayıb. Amma aprelin 25-də parlament iclası zamanı deputat müsahibədə dövlətin mövqeyini müdafiə etdiyini bildirib: "Bu gün də müdafiə edirəm. Bütün çıxışlarımda, - istər Milli Məclisdə, istər mətbuatda, - hamıya aydındır ki, mən hansı mövqedə olmuşam. İntizam Komissiyasında məsələnin baxılmasına etiraz etmirəm, baxılsın. Mən orada da bütün suallara cavab verməyə hazıram".

"Narahatdırlar ki,… bu, xoru poza bilər"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, aprelin 25-də parlament üzvlərinin verdiyi həmin reaksiya söz azadlığına ziddir: "İstənilən şəxsin öz fikrini sərbəst şəkildə ifadə etməsi onun Konstitusion hüququdur".

B.Süleymanlı
B.Süleymanlı

Hüquq müdafiəçisinin fikrincə, deputata qarşı belə kampaniya açıq-aydın göstərir ki, Azərbaycanda demokratiya, ifadə azadlığı məhdudlaşdırılıb: "Hakimiyyət tərəfindən bir daha təsdiq olunub ki, hətta deputatın belə öz fikrini sərbəst ifadə etmək hüququ məhdudlaşdırılıb və istər parlamentdə, istər mediada ona qarşı linç kampaniyasından istifadə olunur".

B.Süleymanlı, bununla belə, V.Əhmədovun deputat mandatından məhrum ediləcəyinə inanmır: "Bunun üçün istənilən deputatın cinayəti sübut olunmalıdır. Hesab edirəm ki, İntizam Komissiyası ona töhmət verə və ya xəbərdarlıq edə bilər ki, digərləri "gözü çıxmış qardaşdan dərs götürsün". Sistem elədir ki, onlar fərqli fikrə dözümlü yanaşa bilmir, çünki sabah başqaları da danışa bilər, bu da xoru poza bilər".

Baş nazirin keçmiş birinci müavini olan 76-yaşlı V.Əhmədov 2005-ci ildən ardıcıl olaraq Azərbaycan parlamentində təmsil olunur. O, Milli Məclisdə bir çox tənqidi çıxışları ilə diqqət çəkib. V.Əhmədov 1990-1995-ci illərdə də Azərbaycan parlamentində yer alıb.

Bu ilin yanvarında deputat Erkin Qədirlinin bloqer Mehman Hüseynova qısa müsahibəsi də Milli Məclisdə tənqidlərə səbəb olmuşdu. Onda bloqer deputata belə bir sual vermişdi: "Mənə Milli Məclisdə oturan bir nəfər deputatın adını çəkin, hansı ki, həqiqətən də, xalqın səsini qazanıb və Milli Məclisdə oturub".

Suala E.Qədirli isə belə cavab vermişdi: "Vallah, onu heç özüm haqqında da deyə bilmərəm. Demokratik seçki olsa, onda əminliklə demək olardı. Amma demokratik seçki yoxdur axı bizdə".

XS
SM
MD
LG