Həbsdə olan jurnalistlərdən Nurlan Qəhrəmanlı (Libre) saxlandığı Bakı İstintaq Təcridxanasında müəssisə rəhbərliyinin ona qarşı rəftarından narazıdır. MeydanTV ilə bağlı cinayət işi üzrə təqsirləndirilən jurnalist deyir ki, hətta ittiham aktı da əlindən alınıb. Bu barədə o, aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində özü də daxil olmaqla, "MeydanTV işi" üzrə həbsdə olan 12 nəfərin məhkəməsində danışıb.
N.Qəhrəmanlı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovu ittiham edib: "Elnur İsmayılov ittiham aktını əlimdən alıb. Özümü müdafiə edə bilmirəm. Adi ittiham aktı yoxdursa, özümü necə müdafiə edim?".
"MeydanTV işi" üzrə həbsdə jurnalistlərin işinə Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. N.Qəhrəmanlının təcridxanadakı durumdan şikayətinə məhkəmə reaksiya verməyib.
Jurnalistlərdən birinin vəkili səhhətindəki problemlə əlaqədar məhkəmədə iştirak edə bilmədiyindən proses mayın 1-dək təxirə salınıb.
Ötən məhkəmə iclaslarında da "MeydanTV işi" üzrə həbsdə olan jurnalistlərdən Xəyalə Ağayeva, Aysel Umudova, Aytac Əhmədova Bakı İstintaq Təcridxanasında pis rəftara, təhqirlərə məruz qaldıqlarını bildirmişdi. Jurnalistlər yaşananların rəis müavini Cavid Gülalıyevin iştirakı ilə baş verdiyini vurğulamışdı. A.Əhmədova həmçinin başqa dustaqların da işgəncəyə məruz qalmasına şahidlik etdiklərini demişdi.
Jurnalistlərin şikayətlərinin araşdırılması məqsədilə məhkəmənin göndərdiyi sorğuya cavab olaraq, Bakı İstintaq Təcridxanasının rəhbərliyi deyilənləri təkzib etmişdi.
N.Qəhrəmanlının dedikləri ilə bağlı Penitensiar Xidmət və ya Bakı İstintaq Təcridxanasından şərh almaq mümkün olmayıb. Lakin bundan öncə Penitensiar Xidmət açıqlamalarında, bir qayda olaraq, penitensiar müəssisələrdə saxlanılan bütün şəxslərin qanunla nəzərdə tutulan hüquqlarının təmin olunduğunu bəyan edib.
Xatırlatma
MeydanTV-nin baş redaktoru Aynur Qənbərova, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.
Bu cinayət işi üzrə fevralda daha üç jurnalist saxlanılıb - Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlı.
Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub.
Onlara Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və başqa maddələri ilə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin xeyli əməkdaşı da var.
"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 9 ildən 7 il 6 aya qədər həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
"ToplumTV işi" üzrə məhkəmə davam edir.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. İddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.