Keçid linkləri

2026, 05 Aprel, bazar, Bakı vaxtı 03:29

Aytac Əhmədova: 'İki dustağı gözümüzün önündə...'

Aytac Tapdıq
Aytac Tapdıq

MeydanTV ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən Aytac Tapdıq deyir ki, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında iki nəfər dustağın xüsusi amansızlıqla döyülməsinin şahidi olublar. Onun sözlərinə görə, bu, martın 23-dən 24-nə keçən gecə baş verib və saxlandıqları kameradan görüblər.

"Məhkəmə bu işgəncə faktının araşdırılması üçün prokurorluğa sorğu göndərsin. Biz də şahidlik etmək istəyirik", - A.Tapdıq aprelin 3-də "MeydanTV işi" üzrə keçirilən məhkəmə prosesində vəsatət qaldırıb. O əlavə edib ki, fevralın 18-də MeydanTV-dən olan daha iki həmkarı (Aysel Umudova, Xəyalə Ağayeva) ilə birlikdə təcridxananın rəis müavini Cavid Gülalıyev və digər əməkdaşların zorakılığına məruz qalmaları barədə şikayətlərini də prokurorluq araşdırmayıb.

Bu cinayət işi üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmə qərar verib ki, A.Tapdıqın qaldırdığı işgəncə məsələsi ilə bağlı prokurorluğa sorğu göndərilsin.

Məhkəmə prosesində hazırda jurnalistlərin dindirilməsi mərhələsidir. Onlardan ikisi –MeydanTV-nin baş redaktoru Aynur Elgünəş və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov ötən məhkəmə iclasında ifadə verib. Aprelin 3-də keçirilən məhkəmə iclasında isə daha iki nəfər dindirilib.

Natiq Cavadlı
Natiq Cavadlı

"İlham Əliyev ölkədə azad media istəmədiyinə görə həbsdəyik"

Öncə jurnalist Natiq Cavadlı ifadə verib. O bildirib ki, heç bir cinayət törətməyib: "Həbsimin əsl səbəbi dövlət başçısı İlham Əliyevin ölkədə azad mətbuat görmək istəməməsidir. MeydanTV ətrafında baş verənlər "AbzasMedia" və ToplumTV-yə qarşı repressiyaların davamı idi".

N.Cavadlı bildirib ki, cinayət işi saxta və quramadır, hətta jurnalist həmkarları arasında olan zarafatları da fakt kimi materiallara əlavə ediblər.

O, cinayət işində MeydanTV haqqında "qeydiyyatdan keçməyən, qanunsuz media orqanı" fikrinə də münasibət bildirib. Vurğulayıb ki, Azərbaycanda media orqanlarının dövlət qeydiyyatı hələ 30 il öncə Sirus Təbrizlinin rəhbərlik etdiyi Mətbuat və İnformasiya Nazirliyi ləğv olunanda aradan qaldırılmışdı. Jurnalist əlavə edib ki, Milli Məclisin deputatlarından, dövlət qurumlarının nümayəndələrindən müsahibələr alıb. Vurğulamasına görə, özü və MeydanTV-dən olan həmkarları nazirliklərin mətbuat konfranslarında iştirak ediblər, hamısında da özlərini MeydanTV əməkdaşı kimi təqdim ediblər: "Bütün bu müsahibələr, reportajlar MeydanTV-də yayımlanıb. Məntiqlə yanaşsaq, bu qurumlar və deputatlar da "qanunsuz mütəşəkkil dəstə" adlandırdığınız MeydanTV ilə əməkdaşlıq edib. Hətta 2022-ci ildə Prezident Administrasiyasından zəng vurub, ölkə başçısının köməkçisi Hikmət Hacıyevin adından işğaldan azad olunmuş bölgələrə səfərə məhz MeydanTV əməkdaşı kimi dəvət etdilər. Redaktorum Aynur Elgünəş iştirak edib reportaj hazırladı. Reportaj da MeydanTV-də yayımlandı".

N.Cavadlı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin aqibətini (dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham edilir, hazırda ev dustaqlığında olduğu bildirilir) yada salıb. Deyib ki, o, R.Mehdiyevi tənqid edəndə akademiki müdafiə edənlər indi onun Elmlər Akademiyasından xaric olunması üçün səs verirlər.

"Putinlə görüşdən sonra həbsdən də, ölkədən də buraxdılar"

N.Cavadlı ötən il "Sputnik Azərbaycan"ın baş redaktorunun həbsi və azadlığa buraxılmasından da danışıb. O bildirib ki, baş verənlər ölkədə həm müstəqil məhkəmə sisteminin, həm də azad medianın olmamasının sübutu idi: ""Sputnik-Azərbaycan" saytının baş redaktoru həbs olundu, ağır maddələrlə ittiham elan edildi. Hökumətaltı media onu "kəşfiyyatçı-agent" elan etmişdi. Amma Əliyevlə Putin Düşənbədə görüşəndən sonra onu buraxdılar, çıxıb getdi. Hətta onun ölkədən çıxışına qadağaya da məhəl qoyulmadı. Haradadır "Sputnik-Azərbaycan"ın baş redaktorunu "kəşfiyyatçı-agent" adlandıranlar?".

Ramin Deko
Ramin Deko

Ardından MeydanTV-nin həbsdə olan digər əməkdaşı Ramin Deko ifadə verib. Özünü "cavan bir ölkənin qoca vətəndaşı" adlandıran jurnalist deyib ki, burada ədalət unudulub, insana qiymət verilmir.

"Məhkəmə salonlarında qızılı rəngdə yazılmış "ədalət" sözü haqqında aforizmlər hələ də bir mifdir", - R.Deko belə deyib. O, ifadəsində vurğulayıb ki, özü və jurnalist dostları heç bir cinayət törətməyiblər, həqiqətləri dediklərinə, doğruları çəkib göstərdiklərinə görə həbsdədirlər. Onun sözlərinə görə, saxlanılarkən üstündən 38 min avro pul çıxması barədə ittihamda yazılanlar da yalandır. R.Deko bildirib ki, Tbilisidən Bakıya qayıdanda hava limanında yoxlamadan keçib və bu proses videolentə alınıb: "Hava limanını tərk edəndən sonra Zığ şosesində saxlanılmışam. Yükümə əlavə 30 min avro pul qoyulub. Əgər 38 min avro pulla ölkəyə gəlmişəmsə, nədən hava limanında saxlanılmamışam?".

"MeydanTV işi" üzrə məhkəmə prosesi aprelin 17-də davam edəcək.

Məhkəmədə döymə, işgəncə vermə ilə bağlı səslənən iddialara Bakı İstintaq Təcridxanasının rəhbərliyi və başqa aidiyyəti cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma buna qədər rəsmi qurumlar təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə halları ilə bağlı şikayətləri, əsasən, yalanlayıblar.

Məhkəmədə habelə həbslərin səbəbi ilə bağlı ölkə rəhbərliyi haqqında deyilənlərə də rəsmi qurumlar münasibət bildirməyiblər. Lakin onlar, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu bəyan edirlər.

Xatırlatma

MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə AğayevaRamin Deko 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub.

Bu cinayət işi üzrə ötən ilin fevralında daha üç jurnalist saxlanılıb - Şəmşad Ağa, Nurlan Libre Fatimə Mövlamlı.

Mayda jurnalist Ülviyyə Əli, avqustda fotojurnalist Əhməd Muxtar da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs olunub.

Onlara Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və başqa maddələriylə ittihamlar verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların arasında "AbzasMedia" və ToplumTV-nin xeyli əməkdaşı da var.

"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilə qədər həbs cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.

"ToplumTV işi" üzrə məhkəmə davam edir.

Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, prezident də daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyətinə görə həbs olunmur. İddia edirlər ki, jurnalistlər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar.

XS
SM
MD
LG