Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:43

Müsəlman QHT-lər Trump-a görə federal vəsaitlərdən imtina edirlər


Trump sənəd imzalayır.
Trump sənəd imzalayır.

Ən azı, dörd müsəlman qeyri-kommersiya təşkilatı ekstremizmlə mübarizəyə ayrılmış 2 milyon dollarlıq federal vəsaitdən imtina edib.

Səbəb kimi ABŞ prezidenti Donald Trump-ın ABŞ müsəlmanları və islama dair ritorikası və bunun nəticəsi olaraq yeni administrasiyanın siyasəti göstərilir.

Bu qurumlar "Zorakı Ekstremizmlə Mübarizə" qrantlarının verildiyi 31 təşkilat arasında olub. Həmin qrantlar keçmiş prezident Barack Obama-nın prezidentliyinin sonuncu həftəsi ərzində Daxili Təhlükəsizlik Departamenti tərəfindən verilib. Vəsait "İslam Dövləti" kimi xarici silahlı qruplaşmaların, habelə ağdərili supremasistlər kimi daxili qrupların insanları öz sıralarına cəlb edərək radikallaşdırma cəhdlərini önləmək məqsədilə ayrılıb.

Buna da bax:​ Trump “rüsvayçı” məhkəmə qərarına qalib gələcəyini deyir

Qrant bir çox təşkilatın büdcəsinə çox böyük töhfə olsa da, onlardan dördü bu vəsaitdən imtina edib.

ÖZÜNÜ İDEOLOGİYADAN KƏNARLAŞDIRMAQ

“Maraqlar toqquşmasının olmadığı məqamlarda biz hökumətimizlə işləməyə davam edəcəyik. Ancaq hakimiyyətin hazırkı icraedici qanadının antimüsəlman fəaliyyətini nəzərə alsaq, biz bu qrantı qəbul edə bilmərik", – deyə Kaliforniyada özəl islam məktəbi olan "Bayan Claremont" öz açıqlamasında bildirib. Cümə günü məktəb 800 min dollarlıq qrantdan imtina edib. Vəsait "dinlərarası əməkdaşlıq, vətəndaş iştirakı və sosial ədalətin yaxşılaşdırılması" məqsədi daşıyan ikiillik "Çiçəklənən İcmalar" layihəsinə sərf olunmalı idi.

Buna da bax: Müsəlman olimpiya medalçısı sərhəddə saxlandığını deyir

Minneapolisdə yerləşən, Somali əsilli amerikalı gənclərlə işləyən "Ka Joog" təşkilatı isə öz açıqlamasında 500 min dollarlıq qrantdan imtina etdiyini bildirib. O, həmin addımını Trump administrasiyasının öz siyasətində “nifrət, qorxu, qeyri-müəyyənlik və ən dəhşətlisi, Amerika müsəlmanları və mühacirlərlə rəsmi müharibəni təbliğ etməsi" ilə izah edib. "Ka Joog"un icraçı direktoru Mohamed Farah mətbuata bunun asan qərar olmadığını deyib:

"500 min dollar böyük puldur. Xüsusilə də qeyri-kommersiya təşkilatı üçün. Ancaq son nəticədə biz mühacirlər, qaçqınlar, müsəlmanlarla işləyirik. Biz bu yeni administrasiyanın bizim uğrunda mübarizə apardığımız hər şeyə qarşı olduğunu düşünürük. Bu səbəbdən də özümüzü bu administrasiyadan gələn ideologiyalardan kənarlaşdırmaq qərarına gəldik".

SƏBƏB PROQRAMIN ADININ DƏYİŞMƏSİDİR

Trump yanvarın 27-də imzaladığı qərarla bütün qaçqınların ABŞ-a daxil olmasını 120 günlüyünə təxirə salıb. Suriyadan gələn qaçqınlarınsa ölkəyə daxil olması qeyri-müəyyən müddətə ertələnib. Bundan başqa, Trump xristian qaçqınlara üstünlük veriləcəyini bildirib.

Buna da bax:​ Apellyasiya məhkəməsi Trump-ın miqrant qadağanını bərpa etmədi

“Reuters” xəbər agentliyi fevralın əvvəlində bildirmişdi ki, Trump administrasiyası "Zorakı Ekstremizmlə Mübarizə" proqramının adını dəyişib "İslam Ekstremizmi ilə Mübarizə", yaxud da "Radikal İslam Ekstremizmi ilə Mübarizə" proqramı qoymaq, beləliklə də diqqəti daxildəki ağ supremasistlərdən yayındırmaq istəyir. Bu xəbər müsəlman qruplarına həyəcan siqnalı olub və proqramın işinə ciddi təsir edib.

"Associated Press"in verdiyi xəbərə görə, azı daha iki qurum federal proqramın qrantından imtina edib. Miçiqandakı İcmaları Dəstəkləyən Liderlər təşkilatı gənclər və səhiyyə proqramlarına ayrılmış 500 min dollardan, Virciniyadakı Unity Productions Foundation isə maarifləndirici filmlərin çəkilməsinə ayrılmış 400 minə yaxın dollardan imtina edib.

31 QRANT VERİLƏCƏKDİ

Daxili Təhlükəsizlik Departamentinin sözçüsü şənbə günü bildirib ki, proqramla bağlı yaranan yeni sualları dərhal cavablandıra bilməyəcək. İmtina olunmuş vəsaitin hara xərclənəcəyi bəlli deyil.

Buna da bax:​ 'SpaceX' və 'Tesla' Trump-ın müsəlman qadağasına qarşı

Ümumilikdə yerli hökumətlərə, universitet və qeyri-hökumət təşkilatlarına 31 qrant nəzərdə tutulmuşdu.

Neonasist qrupunun keçmiş üzvü, "Life After Hate" ("Nifrətdən sonrakı həyat") təşkilatının həmtəsisçisi Christian Picciolini də Trump administrasiyasının proqramın adını dəyişdirərək diqqəti islam terrorizminə yönəltməyə çalışmasından narahatdır.

“…Bu, guya ağdərili ekstremizmin mövcud olmadığı, yaxud da ölkəmizdə prioritet olmadığı mesajını verir. Əslində isə, bu növ ekstremizm, statistik olaraq, daha böyük və daha açıq terror təhlükəsidir", – deyə Picciolini AP-ə bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG