Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Milli Şura mitinq qərarı verdi


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli. 29mart2017
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli. 29mart2017

Demokratik Qüvvələrin Milli Şurası bu gün, martın 29-u Bakıda mitinq keçirmək haqqında qərar verib.

Mitinq aprelin 9-da keçirilməsi planlaşdırılır.

Bu haqda Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli məlumat verib.

Ə. Kərimli mitinqlə bağlı əlaqəli icra hakimiyyəti qurumlarına müraciət göndəriləcəyini deyib.

Buna da bax:​ C.Həsənli: 'Aksiyaları zəruri edən şərtlər var'

“Bu mitinq dinc xarakterli olacaq. Şəhər rəhbərliyi ilə razılaşdırılacaq. Heç bir zorakılığa imkan verilməyəcək. Biz bu prosesi davamlı olaraq dinc yolla aparmaq niyyətindəyik”, o, qeyd edib.

Əli Kərimli mitinqin əsas şüarlarını da açıqlayıb.

“Bu mitinq ölkədə geniş yayılmış korrupsiyaya qarşıdır. Azərbaycan dövlətinin varının talan edilməsinə, bu qədər varlı ikən xalqımızın yoxsul hala salınmasına qarşıdır. Bahalaşmaya, sülalə sisteminin formalaşdırmasına qarşıdır. Bu mitinq həmçinin, siyasi məhbusların azad edilməsi tələbi ilə keçiriləcək. Biz hesab edirik ki, azad düşüncəli insanlarımız, inanclı kəsim həbsdə olmamalıdır”, Əli Kərimli vurğulayıb.

Buna da bax:​ Milli Şura: 'Əhali var-yoxdan çıxa bilər'

O, xüsusi qeyd edib ki, bu aksiya seçki mitinqi olmayacaq.

“Bu mitinq ona görə keçirilmir ki, kimsə hansısa məqsədinə, vəzifəyə çatsın. Bu siyasi partiya çərçivəsində olan mitinq deyil. Bu ümummilli mənafelərimizdən ötrü keçirilən aksiyadır. Xalqın haqqı var ki, bu hökumətdən soruşsun: son 10 ildə ölkəyə 150 milyon neft pulu gəlmişkən, ölkəni necə idarə etdiniz ki, sadə xalq çörək dərdi çəkmək zorunda qalıb?...”, Əli Kərimli bildirib.

Buna da bax:​ 'Qadağan olunmuş informasiya' 8 saat ərzində saytdan götürülməsə... [video]

Xatırlatma

Milli Şura son mitinqini ötən il Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum öncəsi təşkil etmişdi. Aksiya icazəli olsa da bəzi fəalların saxlanması ilə bağlı məlumatlar yayılmışdı. Mitinq ərəfəsi AXCP-nin 70-dən çox fəalı saxlanaraq müxtəlif günlərə inzibati qaydada həbs edilmişdilər. Onlara polisə müqavimət və buna oxşar ittihamlar verilmişdi.

Referendumda isə Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib.

Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax:​ 'Hökumət öz sosial öhdəliklərindən imtina edir'

Bu il prezident İlham Əliyev Konstitusiyaya həmin dəyişikliklərdən yararlanaraq öz həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse prezident təyin edib. Müxalifət bu dəyişiklikləri hakimiyyətin bir ailədə cəmləşməsi kimi xarakterizə edirdi. Ancaq hakimiyyət rəsmilərinə görə isə, bu ölkənin təhlükəsizliyinə və daha dinamik idarə edilməsinə imkan yaracaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG