Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:10

'Hökumət öz sosial öhdəliklərindən imtina edir'


İlham Əliyev Sabirabadda pambıq plantasiyasında.
İlham Əliyev Sabirabadda pambıq plantasiyasında.

Ölkədə kənd təsərrüfatının ixrac potensialının artırılması istiqamətində atılan addımlar, pensiya yaşının artırılması, aztəminatlı ailələrin mənzil alma şansının azalması və ölkədə inhisarçı dövlət müəssisələrinin durumu bu gün medianın aparıcı mövzusudur...

KƏND TƏSƏRRÜFATININ İXRAC İMKANLARI

«Azərbaycan» qəzetində dərc edilən «Dövlət başçısı aqrar sektorun qarşısına real vəzifə qoyub» sərlövhəli məqalədə kənd təsərrüfatının ixrac imkanları qiymətləndirilir.

Müəllif yazır ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub və ölkədə mühüm iqtisadi islahatlar həyata keçirilir. Müəllifə görə, bu islahatlarda məqsəd ölkənin neftdən asılılığını tam aradan qaldırmaqdır.

Yazıda qeyd edilir ki, kənd təsərrüfatı qeyri-neft sahəsində xüsusi əhəmiyyətə malikdir. İlk növbədə bu sahənin inkişafı ölkənin ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Müəllif yazır ki, bu sahənin inkişafından ötrü istehsalçılar, torpaq vergisi də daxil olmaqla, bütün vergilərdən azad olunublar.

Yazıda dövlət başçısı İlham Əliyevdən sitat gətirməklə bu sahədə nəzərdə tutulan hədəflər göstərilir: «Əlbəttə, bütün bu işləri görərkən bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsəd güdürük: ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu real hədəfdir və buna nail olmağa çalışmalıyıq».

Milli Şuranın iclası.
Milli Şuranın iclası.

«ÖLKƏDƏ SOSİAL GƏRGİNLİK ARTACAQ»

Azadliq.info saytında «Milli Şura hakimiyyətin pensiya oyununa etiraz etdi: «Bu, böhranı xalqın üzərinə qoymaqdır»» başlıqlı yazı dərc edilib.

Yazıda bildirilir ki, Milli Şuranın son toplantısında pensiya yaşının artırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi istiqamətində atılan addımlar ciddi tənqid olunub.

«Əmək pensiyası haqqında» Qanun layihəsi artıq parlamentin komitəsindən keçib. Həmin layihədə pensiya yaşının 65-ə qaldırılması nəzərdə tutulur. Hazırda bu, qadınlarda 60, kişilərdə isə 63 yaş həddindədir.

Milli Şuradakı müzakirələrdə vurğulanıb ki, postsovet respublikalarının çoxunda pensiya yaşının qadınlarda 57, kişilərdə 60 yaş həddində olduğu halda Azərbaycan hakimiyyətinin bunu 65 yaşa qaldırmaq cəhdləri xalqa yönəlmiş addım kimi qiymətləndirilməlidir. Yazıda daha sonra oxuyuruq: «Çıxışlarda qeyd olunub ki, BMT-nin məlumatına görə, orta ömrün 70 yaş ətrafında olduğu bir ölkədə pensiya yaşının 65-ə qaldırılması hökumətin öz sosial öhdəliklərindən imtina, böhranın ağırlığını geniş xalq kütlələrinin üzərinə qoymaq cəhdidir. Milli Şura əhalinin pensiya hüququnun məhdudlaşdırılması ilə bağlı hakimiyyətin xalq əleyhinə yönəlmiş qeyri-humanist cəhdlərini kəskin şəkildə pisləyir. Belə cəhdlərin xalqın onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracağını, ölkədə sosial gərginliyi artıracağını bəyan edir».

Tikinti
Tikinti

AZTƏMİNATLI AİLƏLƏRİN MƏNZİL ARZULARI...

«Exo» qəzetində «Azərbaycanda aztəminatlı ailələr sosial mənzilsiz qala bilər» sərlövhəli məqalə diqqət çəkir. Yazıda sosial mənzil tikintisi və aztəminatlı ailələrin mənzil ala bilmə imkanları ekspertlərlə müzakirə edilir.

Müəllif yazır ki, paytaxtda mənzilə malik olmayan aztəminatlı və gənc ailələrin çoxu sosial evlərin tikintisinin nə zaman başa çatacağını gözləyir. Sosial evlərin tikintisini həyata keçirən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) rəhbəri Samir Nuriyev isə işlərin davam etdiyini bildirib. O deyib ki, bu mənzillər bazar qiymətindən 20-25 faiz ucuz olacaq.

Daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov isə qəzetə dövlət güzəştinin vətəndaşların mənzil problemini həll edə bilməyəcəyini söyləyib: «Aztəminatlı ailələr bu layihədən çətin ki, yararlana bilsinlər. Son məlumatlara görə, ikin bazarda bir kv.metr 853, təkrar bazarda isə 1045 dollar təşkil edir. Bunu da qeyd edim ki, manat bazarda sabit olmadığı üçün bizim şirkət statistikanı dollarla aparır».

N.İbrahimov deyib ki, Agentlik qiyməti bazar əsasında müəyyən etsə və 25 faizlik endirim nəzərə alınsa belə, aztəminatlı ailələr yenə də mənzil problemlərini həll edə bilməyəcəklər: «Bakıda daşınmaz əmlak bazarında 25 faizlik endirim də nəzərə alınmaqla bu, 600 dollar vəsait deməkdir. Bunu da manat ifadəsinə çevirəndə 1000 manatdan da çox olur. Hətta iqtisadi situasiya yaxşı olduğu zamanlarda çoxları belə hər kv.metrə 1000 manat ödəyə bilmirdilər».

N.İbrahimov hesab edir ki, indiki halda aztəminatlılar hər kv.metrə 650 manat ödəyə bilər və Agentlik sosial mənzilin maya dəyərini müəyyən edən zaman bu amili nəzərə almalıdır.

«İmişli regional elektrik şəbəkəsi» MMC
«İmişli regional elektrik şəbəkəsi» MMC

DİBSİZ ÇƏLLƏK

«Novoye Vremya» qəzetində isə ««Azərenerji» borc içində» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Azərbaycan iqtisadiyyatının təbii inhisarçıları olan SOCAR, «Azərenerji» ASC, «Azərsu»ASC, «Azəriqaz» İB daha çox

böhran durumuna kökləniblər. Müəllif bunun təsdiqi kimi son günlər beynəlxalq reytinq agentliklərinin onların fəaliyyətinə dair neqativ proqnozlarını göstərir.

Yazıda qeyd edilir ki, «Standard&Poor's Global Ratings» beynəlxalq agentliyi «Azərenerji» ASC-nin uzun və qısa- müddətli korporativ kredit reytinqini «neqativ» dəyərləndirib.

Müəllif yazır ki, «Azərenerji» ASC-nin 2016-cı ilə olan borclarının çoxu dövlət təminatı ilə ödənilib. Bu il də elə belə olacaq.

Müəllif vurğulayır ki, reytinq agentlikləri həm bu qurumlarda, həm də bank sistemində durumun pisləşməsini çoxdan proqnozlaşdırır. Ancaq, hələ ki, dövlət «Azərenerji» ASC-nin borclarını bağlayır: «Görəsən, «Azərenerji» ASC adlı dibsiz çəlləyə daha nə qədər milyardlar yatırmaq lazımdır ki, bu struktur özü böhrandan çıxış yolu tapa bilsin?».

Yazıda xatırladılır ki, ötən ilin sonlarında «Azərenerji» ASC-nin qiymətləri 33 faiz qaldırılıb: «Göründüyü kimi, tariflərin qaldırılması şirkətin maliyyə durumuna təsir etməyib».

Müəllifə görə, bütün bu baş verənlər məmurların bacarıqsızlığına görə xalqın əziyyət çəkməsidir.

XS
SM
MD
LG