İnsident zamanı 5 nəfərin öldüyü, azı 40 nəfərin xəsarət aldığı açıqlanıb. Polis ölü sayının arta biləcəyini deyir.
Polisin məlumatına görə, vəziyyət “dəyişir, təhqiqat gedir”.
2015-ci ildə Oklahomada oxşar insident zamanı dörd nəfər öldürülüb, 46 nəfər xəsarət alıb. O zaman bir qadın yerli idman komandasının ölkəyə dönməsini izləyən kütlənin üstünə sürmüşdü. 2016-cı ildə Berlində isə yük maşını Milad bazarına sürərək 12 nəfərin həyatına son qoymuşdu. Sonuncu hücum İslam Dövlət silahlı qruplaşması ilə əlaqələndirilib.
***
ABŞ-ın Viskonsin ştatının Vaukeşa şəhərində kütləvi Milad paradının üstünə sürülmüş maşın “bir neçə nəfərin ölümü”, 20-dən çox adamın xəsarət almasına səbəb olub.
Vaukeşanın polis rəisi Den Tomson noyabrın 21-də deyib ki, “şübhəli maşın” müəyyənləşdirilib, şübhəli saxlanıb.
Bunun “terrorçuluqla bağlılığı” hələ aydın deyil, o bildirib.
“Qırmızı rəngli SUV şəhər mərkəzində keçirdiyimiz Milad paradının üstünə sürüb. İnsident nəticəsində 20-dən çox şəxs xəsarət alıb”, – Tomson deyib.
O, öldürülənlərin dəqiq sayını bilmədiyini əlavə edib.
11 yetkin yaşlı və 12 uşaq xəstəxanaya aparılıb.
Sosial mediada yayılan videolarda da qırmızı rəngli idman avtomobilinin paradı izləyən ailələrin, uşaqların üstünə getdiyi, bir videoda isə maşının orta məktəbin yürüş keçirən dəstəsinin üstünə arxadan sürdüyü görünür.
Polis adamlara küçədən çəkilərək mağazalarda daldalanmağı məsləhət görüb.
Videolarda həmçinin bəzi vətəndaşların yerə yıxılan şəxslərə köməyə cumduğu görünür, fonda ağlaşma səsləri eşidilir.
Parad Milvauke şəhərindən 30 km qərbdə yerləşən Vaukeşa şəhərinin mərkəzində keçirilib.