MeydanTV-nin həbsdə olan əməkdaşlarından Xəyalə Ağayeva məhkəmədəki ifadəsində Əliyevlər ailəsinin xaricdəki əmlakları və hökumətdəki korrupsiya barədə danışanda məhkəmə yarımçıq dayandırılıb. Hakimlər qəfildən qalxaraq məhkəmə zalını tərk ediblər. Bu olay mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşanıb.
"MeydanTV işi" üzrə təqsirləndirilən 12 nəfərin işinə Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Mayın 22-də məhkəmədə jurnalistlərdən yalnız Xəyalə Ağayeva ifadə verib.
Mayın 17-22-də Azərbaycanda Ümumdünya Şəhərsalma Forumu keçirildiyini yada salan X.Ağayeva deyib ki, prezident İlham Əliyev gələn qonaqlara Bakının tarix və memarlıq irsinin qorunmasından danışır: "Lakin paytaxtın xatirələrinin dağıdılmasından, tarixi binaların yerlə-yeksan edilməsindən danışmır. Həbsimizdən əvvəl çəkdiyim, amma hakimiyyətin yayımlamağa imkan vermədiyi son süjetimiz də Bayırşəhərin məhv edilməsiylə bağlı idi. Foruma gələn xarici qonaqlar Ağ Şəhərdə gəzdirildiyi vaxt Bayırşəhərdə tarix artıq dağıntılar altındadır".
Özü daxil, MeydanTV əməkdaşlarının siyasi sifarişlə həbs olunduğunu deyən jurnalist vurğulayıb ki, onların məqsədi rəsmilərin yalanlarını ifşa etmək, insanlara doğru xəbəri çatdırmaq olub.
"Təzə Pir" məscidinin ətrafı, paytaxtın "Bayırşəhər" adlanan hissəsində yaşayanlar ötən il AzadlıqRadiosuna deyirdrilər ki, buranı sökmək Bakının tarixini, mədəniyyətini məhv etməkdir. Onlar "Bayırşəhər"də yerli və ölkə əhəmiyyətli 113 tarixi abidənin yerləşdiyini bildirirdilər. Rəsmi qurum isə söküntü ərazisindəki tarixi abidələrin qorunacağını açıqlamışdı.
"Gəlin, sizə orada heç yoxlanılmamış bir şəxsdən danışım"
Jurnalist ona verilən qaçaqmalçılıq ittihamı haqda danışarkən deyib ki, həbs olunanadək nə vaxt xarici ölkəyə gedib-gəlibsə, həmişə sərhəd-keçid məntəqəsində yoxlanılıb. Heç bir pozuntu da aşkarlanmayıb.
"Gəlin, sizə orada heç yoxlanılmamış bir şəxsdən danışım. Mənimlə həmyaşıd balaca Heydər hələ 9 yaşında ikən adına 75 milyon dollarlıq Dubay mülkləri alınmışdı. Bu, hökumətimizin ölkədə uşaqpulunun verilməsini dayandırdığı 2006-cı ildə baş verib. Bəs eyni vaxtda öz uşaqları üçün milyonlarla pulu xaricə necə çıxarmışdılar?", - jurnalist ifadəsində sual edib.
«The Washington Post» qəzetinin 5 mart 2010-cu ildə Azərbaycandan 11 yaşlı Heydər Əliyevin adına Dubayda 44 milyon dollara 9 mülk alındığını yazmışdı. Qəzet bu məktəblinin Azərbaycan prezidenti İlham Əliyevin oğlu ilə eyni ad və soyad daşıdığını yazırdı. Prezidentin üç uşağının adı ilə eyni olan azərbaycanlıların Dubaydakı müklərinin ümumi dəyərinin təxminən 75 milyon dollar olduğu qeyd edilirdi. Bu informasiyanı Azərbaycan rəsmiləri birbaşa şərh etməyiblər. Amma prezident Əliyev 11 il sonra bir müsahibəsində prezident vəzifəsinə gəlməmişdən uğurlu biznesmen olduğunu, sonradan biznesini ailəsini ötürdüyünü demişdi.
X.Ağayeva ifadəsində Azərbaycan hökumətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) deputatları ələ almaqdan ötrü rüşvət verməsiylə bağlı qalmaqala da toxunub: "Cinayətkar məqsədlər üçün hökumət təxminən 3 milyon dollar rüşvət verib. Nəticədə ləyaqətini satışa çıxaran həmin deputatlar Azərbaycan hökumətiylə eyni mövqedən çıxış ediblər…".
Beynəlxalq jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP bir neçə il əvvəl "Azerbaijani Laundromat” (“pulyuyan maşın”) adlı araşdırmasında Avropada siyasi qərarların əldə olunması üçün Azərbaycandan 3 milyard dollarlıq vəsaitin çıxarıldığını yazıb. Hakimiyyətin mövqeyindən çıxış edənlər isə bu iddiaları “qarayaxma” adlandırıb. Ötən il Almaniyada AŞPA-nın keçmiş üzvü Eduard Lintner Azərbaycanla bağlı korrupsiya işi üzrə 9 ay şərti azadlıqdan məhrum edilib.
X.Ağayevanın çıxışı zamanı hakimlər bir neçə dəfə ona xəbərdarlıq ediblər. Son cümlə səslənəndə isə onlar qəfildən məhkəmə zalını tərk edərək məhkəmə prosesini yarımçıq dayandırıblar.
Xatırlatma
2024-cü il dekabrın 6-da MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva, Ramin Deko və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs edilib. Cinayət işi çərçivəsində daha sonra jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və fotojurnalist Əhməd Muxtar da saxlanılıb. Onlara qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və qaçaqmalçılıq maddələri ilə ittihamlar irəli sürülüb. İttihamlar təsdiqlənərsə, jurnalistlər 12 ilədək həbs oluna bilərlər.
Ümumilikdə, 2023-cü ilin noyabrından bəri Azərbaycanda 30-dan çox jurnalist və fəal bənzər ittihamlarla qruplar halında həbs olunub. Artıq "AbzasMedia işi" üzrə 7 jurnalistə 7 il 6 aydan 9 ilədək (o cümlədən AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadəyə 9 il) həbs cəzası verilib.
"Toplum TV işi" üzrə isə məhkəmə hələ davam edir.
Jurnalistlər ittihamları rədd edərək korrupsiya və məmur özbaşınalıqlarını işıqlandırdıqlarına görə hədəfə alındıqlarını deyir. Rəsmilər isə həbslərin peşə fəaliyyəti ilə deyil, konkret cinayət əməlləri ilə bağlı olduğunu bildirir.