Keçid linkləri

2025, 30 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:06

ToplumTV işi: 'Özünüz yaxşı bilirsiniz ki, bu ölkədə qaçaqmalçı kimlərdir'


ToplumTV-də həbslərdən 1 il sonra: Akif Qurbanov həbsxanadan suallara cavab yazır
Gözlə

No media source currently available

0:00 0:09:36 0:00

ToplumTV-də həbslərdən 1 il sonra: Akif Qurbanov həbsxanadan suallara cavab yazır

Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri, prezidentin köməkçisi Hikmət Hacıyevin yenə də məhkəməyə çağrılıb dindirilməsi tələb edilir. "ToplumTV işi" üzrə həbsdə olan jurnalistlər dekabrın 29-dakı məhkəmədə bununla bağlı bir daha vəsatət qaldırıblar.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Təqsirləndirilən jurnalistlərdən Əli Zeynalov tələb edir ki, prezidentin köməkçisi H.Hacıyev mediaya açıqlamasında jurnalistlərə qarşı qaçaqmalçılıq və digər ittihamlarla bağlı sübutların olduğunu dediyi üçün məhkəməyə gəlsin və onlara qarşı sübutlarını ortaya qoysun.

Hakimlər H.Hacıyevin dindirilməsi barədə vəsatəti bu dəfə də təmin etməyiblər.

Təqsirləndirilən digər jurnalist Fərid İsmayılovsa hakimlərə yazılı etirazını verib və etirazını məhkəmənin qərəzli olması, müdafiə tərəfinin verdiyi heç bir vəsatəti təmin etməməsi, dindirilən şahidlərə təzyiq göstərməsiylə əsaslandırıb. O, özünün və birlikdə mühakimə edildiyi digər yoldaşlarının təqsirsizliyini, siyasi sifarişlə həbs olunduqlarını vurğulayıb: "Özünüzü hakim yox, prokuror kimi aparırsınız. Prezident Aparatından nə deyilirsə, onu da edirsiniz. Özünüz də yaxşı bilirsiniz ki, bu ölkədə qaçaqmalçı kimlərdir...".

Hakimlərə etiraz da təmin olunmayıb.

"Sizə nə sifariş verilsə, o qərarı da elan edəcəksiniz"

ToplumTV-nin təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Həbsdə olduğu iki ilə yaxın müddətdə sağlamlığındakı problemlərin dərinləşdiyini vurğulayan Ə.Məmmədli təcili ixtisaslaşmış müalicəyə ehtiyac duyduğunu məhkəmənin diqqətinə çatdırıb. Hüquqşünas vətəndaşın keyfiyyətli tibbi yardım almaq hüququnun qanunlarda və Konstitusiyada da öz əksini tapdığını xatırladıb.

Ə.Məmmədlinin ev dustaqlığına buraxılması məsələsinə də hakimlər "yox" cavabı veriblər.

Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, Platformanın qurucu heyət üzvü Ruslan İzzətli də hakimlərin belə davranışını qınayıb. Onlar, əslində, məhkəmə araşdırmasının aparılmadığını bildiriblər.

"Hamımız bilirik ki, sizə nə sifariş verilsə, o qərarı da elan edəcəksiniz. Sizdən heç bir gözləntimiz yoxdur, amma bu qədər də ağ etmək olmaz", - A.Qurbanovun sözləridir.

O, vaxtilə hakimiyyətdə yüksək vəzifələrdə təmsil edilmiş və prezident İlham Əliyevə yaxın olmuş Ramiz Mehdiyevlə Bəylər Əyyubovun, eləcə də onların yaxınlarının yaşadıqlarını yada salıb.

"Bu gün sifarişlə insanların həyatı ilə oynayırsınız, lazım olanda sizi də xərcləyəcəklər", - A.Qurbanovun sözləridir.

A.Qurbanovla hakim A.Tağıyev arasında yaranan mübahisənin ardınca məhkəmə prosesinin ertələndiyi elan edilib.

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. Həmin vaxt bu işlə bağlı yeddi nəfər, o cümlədən Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli qaçaqmalçılıq ittihamıyla həbs olunublar. Jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, 2025-ci ilin yanvarında F.İsmayılov da həbs edilib.

Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan olunub. İttiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilənlərin hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edirlər ki, adı həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

XS
SM
MD
LG