Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 09:59

Musiqi biznesində #MeToo olacaqmı


#MeToo hərəkatı kino industriyasından başlamışdı
#MeToo hərəkatı kino industriyasından başlamışdı

Publisist və fəal Doroti Karvello "Face the Music Now" qrupunu musiqi sahəsində çalışan və cinsi təzyiqə məruz qalanlara kömək üçün yaradıb.

#MeToo hərəkatı kino industriyasından başlamışdı. Bəs görəsən, nə vaxtsa musiqi industriyasının öz #MeToo-su olacaqmı? Rayan Adams, Merilin Menson və Ar Kelli kimi musiqiçilər, Rassell Simmons və Çarli Uolk kimi iri sahibkarlar on illərlə insanları cinsi təcavüzə məruz qoymaqda suçlansalar da, cəzalarını almırlar.

"Qadınlar danışmağa qorxurlar"

"Rolling Stone" jurnalı yazır ki, "Face the Music Now" fondunun məqsədi cinayət qurbanlarına hüquqi dəstək tapmaqda yardım etmək, onları media ilə əlaqələndirmək, habelə bu sahədə zəruri normativ aktların qəbulu istiqamətində çalışmaqdır.

"Bu, əvvəllər atılmamış ilk addımdır. Bundan əvvəl heç kimin cinsi təcavüz faktından şikayət edəcək təhlükəsiz yeri yox idi. Qadınlar danışmağa qorxurlar", – Karvello deyir.

Karvellonun özü karyerasına hələ 1980-ci illərin sonlarında "Atlantic Records" studiyasında Ahmet Ertegünün assistenti kimi başlayıb. O bu studiyada şirkətin ilk qadın sənətçi və repertuar direktoru vəzifəsinə yüksəlib.

2018-ci ildə yazdığı "Anything for a Hit" kitabında Ertegünün bir neçə dəfə onu cinsi təcavüzə məruz qoyduğunu iddia edib. İş görüşü zamanı iş yoldaşının qucağında oturmadığı üçün işdən çıxarıldığını yazıb. O bu hadisəni studiyanın rəhbərliyinə bildirib və ertəsi günü işdən qovulub.

Səhmdar-aktivizm

Karvello kitabının çıxmasından bəri həm də səhmdar-aktivizm ilə məşğuldur. Ötən il o, üç əsas musiqi şirkətinin hər birində səhmdar-aktivizmə başlayıb. Bu yolla o öz maliyyə vəsaitindən rıçaq kimi yararlanaraq musiqi industriyasında daha çox şəffaflığa nail olmağa ümid edir. Onun sözlərinə görə, musiqi industriyasında sükut mentaliteti hökm sürür: "Kitabımı nəşr etdirdikdən sonra çox adam mənimlə əlaqə yaradıb öz hekayəsini danışdı. Bilirdim ki, bu qadınlara musiqi sahəsində kişilərin hesabatlılığının olmaması ilə bağlı vəziyyəti dəyişməkdə kömək etməliyəm".

Karvello öz fondunun musiqi biznesində oyunçu olmasını istəyir. Ancaq o, iri musiqi şirkətlərinin hər hansı birindən maliyyə dəstəyi almaq istəmir.

"Face the Music Now" musiqi industriyasında qadınlara bərabərlik tələb edən ilk təşkilat deyil. Bu sahədə çalışan qurumlar arasında "Change the Conversation", "She Is the Music" və "Women in Music" kimi fondların adları var. Ancaq "Face the Music Now" musiqi biznesində bilavasitə cinsi təcavüz problemlərinə fokuslanan ilk təşkilatdır.

Kişilərə qarşı yox, qanunsuz davranışa qarşı

"Çox zaman qadınlar seçim etməli olublar. Ya olanları açıq danışa, ya da musiqi industriyasında karyera qura bilərdilər. Hər dəfə də elə alınır ki, sən məhkəməyə müraciət edirsənsə, karyeranı bitirmiş olursan. Çünki bundan sonra daha heç kim səni işə götürməyəcək. …Qadınlar araqarışdıran damğası vurularaq uzaqlaşdırılır, kişilərsə rahatca işlərində qalmağa davam edir. Biz bu tendensiyaya son qoymalıyıq. …Ümid edirik, bu [fond] qadınlara bu kimi ittihamlarla irəli çıxmağa kömək edəcək. Siz cinayət işlətmiş tərəf deyilsiniz. Siz qurbansınız. Belə bir fond kişilərə qarşı yox, qanunsuz davranışa qarşıdır", – Orta Tennessi Dövlət Universitetinin Media və Əyləncə Kollecinin dekanı Beverli Kil deyir.

Həm Karvello, həm də Kil bildirib ki, "Face the Music Now" fondu qətiyyən musiqi biznesinə qarşı və ya şirkətlərlə vuruşan bir qurum deyil. Onlar ümid edirlər ki, cinayət qurbanlarının yalnız olmadıqlarını anlamasına və daha cəsarətli davranmasına kömək edə biləcəklər.

"Çox sayda qadın mənim bütün karyeram ərzində mübarizə apardığım kimi vuruşmaq istəmir. Bu, insanı tükəndirir və yükləyir. Ancaq bu vacibdir. Çox adama elə gəlir ki, bunun heç bir nəticəsi olmur. Ümid edirəm ki, bu fondun təsisi ilə və mənə müraciət edən qadınları birləşdirməklə … o kişiləri məsuliyyətə cəlb edə biləcəyik", – Karvello deyir.

XS
SM
MD
LG