Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 17:12

İqtisadçı 'günün müəmması'ndan danışır


N.Cəfərli
N.Cəfərli

«İstənilən ölkədə Mərkəzi Bankın atdığı addımlar həmin ölkənin bank sisteminə, maliyyə institutlarına öz təsirini göstərir və bu belə də olmalıdır. Amma bu mənada Azərbaycan dünya ilə müqayisədə fərqlilik yaşayır».

REAL Partiyasından olan iqtisadçı Natiq Cəfərli bunu Mərkəzi Bankın martın 15-də uçot dərəcəsinin aşağı salınması ilə bağlı qərarını şərh edərkən söyləyib.

O hesab edir ki, ölkədə maliyyə institutları hələ tam formalaşmadığından Mərkəzi Bankın addımlarının da bu institutlara təsiri məhduddur: «Bir neçə il bundan öncə uçot dərəcəsi 3 faiz idi. Amma kredit faizləri yenə də 20-25 faiz həddində idi. Sonra uçot dərəcəsi 15 faizə qalxdı, yenə də bankların kredit faizlərində bir dəyişiklik olmadı. Deməyim odur ki, Mərkəzi Bankın uçot dərəcəsini endirməsi və ya qaldırması banklara, onların kredit faizlərinin həcminə təsir göstərə bilmədi. İndi də kiçik istisnalarla yəqin elə olacaq».

N.Cəfərli hesab edir ki, indiki halda banklar aşağı faizlə Mərkəzi Bankdan daha çox manatla kredit götürə bilərlər. O qeyd edib ki, manatla verilən kreditlər çoxalanda manatın dövriyyəsi artır. İqtisadçının fikrincə, manatın dövriyyəsinin artması həm də xarici valyutaya keçidi artırır, yəni, əsasən dollar tələbatı güclənir: «Amma «bütün bunlar banklarda kredit faizlərinin aşağı düşməsinə səbəb ola bilərmi» sualına cavab deyil. Bu məsələ günümüzün müəmması olaraq qalır».

Xatırlatma

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin bu gün, martın 15-dən 9.25-dən 9 faizə endirilməsi haqqında qərar qəbul edib. AMB-in saytında yer alan məlumatda qeyd olunur ki, faiz dəhlizinin yuxarı həddi 11, aşağı həddi isə 7 (uçot dərəcəsinə ±2 faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Mərkəzi Bank bu qərarını inflyasiyanın proqnozlaşdırılan həddən aşağı olması və iqtisadi artımla izah edib. Rəsmi açıqlamaya görə, ötən il inflyasiya 3 faizdən az olub. 2018-ci ildə təqribən 1 faiz iqtisadi artım olduğunu deyən rəsmi qurumların vurğulamasına görə, bu ilin əvvəlindən ümumi daxili məhsulun (ÜDM) artımı 3 faizə yaxınlaşıb.

XS
SM
MD
LG