Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 10:37

Cəfərinin dəstəsinə 2 qəpik verirlərsə...


Masallıda badımcan sahələrinə xəstəlik düşüb. iyun2017

“Mövsüm vaxtıdır, işimiz artıb. Gecə-gündüz sahələrdəyik. Kənd təsərrüfatı məhsulların əkinində risk böyükdür. Əkirsən torpağı, bir dəfə məhsul verir, bir dəfə vermir. Məhsul verməyəndə əlində nə var idi gedir. Kül olur kəndlinin başına”.

“Payız, qış aylarında sel basır, yaz və yay aylarında suya həsrətik”

Masallı rayonun Təklə kənd sakini Səmədağa Həsənov belə deyir. O kənd təsərrüfatı məhsulların əkini ilə bağlı problemlərdən danışır:

“Kənd sakinləri 200 hektara yaxın sahədə taxıl əkmişdilər, su altında qaldı, məhv oldu. Traktor hər hektarı 35-40 manata sürür, toxumun hər kiloqramına 40 qəpik ödənib. Hər hektara 200 kiloqram toxum gedir və 100 manatdan çox pul xərclənir. Həmin sahədən ot da götürə bilmədilər. Payız, qış aylarında sel bizi basır, yaz və yay aylarında suya həsrətik. Bu problemi dəfələrlə qaldırmışıq. Həllini tapmır”.

Buna da bax: 'Çörəyimizi əlimizdən almaq istəyirlər'

Cəfərinin dəstəsini 2 qəpiyə verirlər

Onun dediyinə görə, Təklə kəndinin sakinləri əsasən tərəvəz becərirlər:

“Cənub bölgəsində yeganə cəfəri plantasiyası bizdədir. Hektarla əkirlər. Bu il yaxşı məhsul var. Lakin tədarükçülər cəfərini çox ucuz götürürlər, bir dəstəsini 2 qəpiyə. Amma bazarda bunun bir dəstəsi 10 qəpiyədir. Göy soğan da elə. Göy soğanın bir dəstəsini 4 qəpiyə götürürlər, bazarda 10 qəpiyədir. Bununla nə etmək olar? Bir kisə cəfəriyə 2 manat pul verirlər. Alan da azdır. Əvvəllər cəfərini Rusiyaya aparardılar. İndi gözümüz dikmişik daxili bazara. Orda da tələbat azdır...”

Masallı. Tədarük və təhcizat mərkəzi. may2017
Masallı. Tədarük və təhcizat mərkəzi. may2017

Alıcı problemi...

Buna da bax: 'Qəzet 11 səbəbə görə çıxmırdı...'

Kənd sakini alıcı azlığından gileylənir. Onun fikrincə, problemlərdən biri də sərfəli bazar tapmaqdır:

”Özüm 70 sot qarğıdalı əkmişəm. Toxumu Türkiyədən gətirilib, 400 qramını 25 manata almışam. Məhsuldardır. Hələ ki, vəziyyət yaxşıdır. Yaxşı məhsul əldə edilsə, hər hektarından 2 min manatdan yuxarı gəlir əldə etmək olar. Alıcı lazımdır”.

Xəstəlik...

Masallı rayonun Həsənli kənd sakini Toğrul Mərhəmli isə badımcan sahələrində xəstəliyin yayıldığını bildirir:

Buna da bax: Astara-Şirvan yolunda gördüklərim və eşitdiklərim

“Kənd təsərrüfatı məhsulların yetişdirilməsi üzrə ixtisaslaşmış kəndlər var. Məsələn bizdə daha çox badımcan əkirlər. Qonşu Ərəb kəndində də badımcan sahələri çoxdur. İlk vaxtlarda vəziyyət yaxşı idi. Bitki boy atmağa başlayanda xəstəlik yarandı. Gəlirlər-gedirlər, xəstəliyi müəyyən edə bilmirlər. Sahələr məhv olur, yanır. Bu il taxıl azdır, quraqlıq oldu. Ot da azdır. Mənə elə gəlir ki, kəndlinin qazancı bu il elə də yaxşı olmayacaq”.

“Dərman vermişik, yenə təsir etmir...”

Ərəb kəndinin adının çəkilməsini istəməyən bir sakini də deyir ki, badımcan sahəsini xəstəlik bürüdüyündən bütün əziyyəti zay olub:

Buna da bax: 'Biz tərəfdə bir Şəmi var...'

“Sizə dərdimi danışsam nə olacaq ki?... Olan-qalan pulumu sərf etdim, badımcan əkdim. Sahələr yanır. Dərman vermişik, yenə təsir etmir. Aşağıdan iki yarpağı yanır. Xəstəliyi zərərsizləşdirsək, bəlkə də bir az məhsul verdi. Kəndin cavanları, əsasən Qaradağa işləməyə gedirlər. Torpaq qazanc versə, orda nə işləri var...”

Aqronom Natiq Əbilov isə nikbindir. O deyir ki, insanların torpağa qayıdışı hiss olunur:

Masallıda badımcan sahələrinə xəstəlik düşüb. iyun2017
Masallıda badımcan sahələrinə xəstəlik düşüb. iyun2017

“Baxaq, görək bu il nəticə nə olacaq?”

“Bu il məhsul da var. Kartof yaxşı yetişib. Çəltik sahələri genişləndirilir. Çiyələk bu il daha çox əkilib. Çiyələyin hər hektarından 20 min manat gəlir götürülür. Əsas odur ki, bazarı da var, satılır. Problemlər də var. Kənd təsərrüfatında güzəştlər var. O güzəştlərdən heç də hamı bəhrələnmir . Kəndli torpağını şumlatdırır, ona veriləcək məbləğ bir neçə aydan sonra ödənilir. Prezidentin ötən il aprelin 11-də imzaladığı fərman ilə ərzaq məhsulların tədarükü və təchizatı üzrə Açıq Səhmdar Cəmiyyət yaradılıb. Səhmdar cəmiyyətin rayonlarda mərkəzləri və məntəqələri fəaliyyət göstərir. Kənd təsərrüfatında işləyənlər həm toxumla təchiz olunurlar, həm də kənd təsərrüfatı məhsulları tədarük edəcəklər. Bu o deməkdir ki, kənd təsərrüfatını dirçəltmək istəyirlər. Baxaq, görək bu il nəticə nə olacaq...”

Masallı rayonun rəsmiləri isə bildirirlər ki, kənd təsərrüfatında yaranmış problemlərin həllinə hər cür dəstək verilir. İcra Hakimiyyəti aparatının saytında rayonda 25 min hektara yaxın əkin sahəsinin olduğu bildirilir. Təxminən 10 min hektar sahə əkilmir. Bu qədər əkin sahəsinin 6-7 min hektarı suvarılır. Ötən illər ərzində sahibkarlara 3 milyon manatdan yuxarı güzəştli kredit verilib.

Buna da bax: Masallı sakini 27 il sənədsiz necə yaşayıb?

“Qardaş, dəstək yoxdur”

Lakin Təklə kənd sakini, torpaq sahibi Səmədağa Həsənov isə deyir ki, kömək yoxdur:

“Canım, pulum gedir, məhsul yetişdirirəm. Sonda da məhsul üçün müştərini axtarıram, satıram, sudan da ucuz. Burda heç bir kömək görmürəm. Əkin sahələrini su basır, hay salırıq, heç nə... Əkin sahələrini xəstəlik tutur, yenə heç kimin vecinə deyil. Hər şeyi özümüzün hesabına edirik. Qardaş, dəstək yoxdur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG