Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 16:53

Kompüteri olmayan uşaqlar necə onlayn dərs alsın?


"Kompüterimiz yoxdur, uşaqları pambıq yığmağa göndərəcəm"
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

"Kompüterimiz yoxdur, uşaqları pambıq yığmağa göndərəcəm"

Başqa uşaqlar üçün payız, yay əyləncələrinin bitdiyi, ağ yaxalıq taxıb məktəbə yollanmaq fəsli ola bilər, amma 14 yaşlı Eltun üçün bu, həm də İmişlinin Cavadxanlı kəndində ağ pambıq tarlalarında gün çıxandan batana qədər işləmək fəslidir.

İmkan düşdükcə, dərsdən yayınıb, anasına yardım etmək üçün. Keçən il olduğu kimi.

Sentyabrın 15-də dərslər distant şəkildə başlasa da, Eltun və Ramil Tanrıverdiyevlər kompüterləri olmadığı üçün təhsildən kənarda qaldılar.

Anası Heyran Tanrıverdiyeva deyir ki, indiyə qədər uşaqları dərsə qarnı tox, isti geyimdə göndərmək belə ona çətin olub, bu xərcləri qarşılamaq üçün kiçik oğlunu özü ilə tarlaya aparıb. Kompüter almaq isə onun üçün ancaq şirin yuxu ola bilər. Keçən il martda məktəblər pandemiyaya görə bağlananda iki oğlu da dərsi tam dayandırıb.

Heyran Tanrıverdiyeva bu payız da uşaqları dərsə göndərə bilmədiyi günlər özüylə daha çox tarlaya aparmağı planlayır. Onsuz da evdə kompüter yoxdur deyə.

Deputat Aqiyə Naxçıvanlı: 'Hər yerindən duran instituta qaçır'
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

İtirilən istedadlar

Dərslər sentyabrın 15-də aşağı sinif şagirdləri üçün əyani açılsa da, 5-9-cu sinif şagirdləri oktyabrın 1-ə, yuxarı sinif şagirdləri isə oktyabrın 15-ə qədər distant oxumalıdırlar.

Qeyd edilən tarixlərdən sonra dərslər həftənin bəzi günləri əyani, bəzi günləri isə onlayn qaydada keşiləcək. Başqa sözlə, dərs olmayan günlər məktəbin qapısı onların üzünə bağlıdır, onlayn oxumalıdırlar.

Üstəlik, əgər valideyn istəsə, uşağını ümumiyyətlə dərsə buraxmaya bilər, bununçün o, məktəblə müqavilə imzalamalıdır.

Hökumət bildirir ki, bu addımları şagirdlərin təhlükəsizliyi üçün atır.

Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Nabatəli Qulamoğlu deyir ki, belə şərtlər altında dərslərə başlamaq savadsızlıq üçün münbit şərait yaradır:

“Uşaqlar avtomatik şəkildə təhsildən yayınırlar. Bu da ölkənin gələcəyi üçün faciələr vəd edir. Digər tərəfdən həmin uşaqların içərisində neçə nəfər istedadlının olmasını biz bilmirik. Bax bu istedadlılar tamamilə bizim gözümüzdən yayınmış olur”.

Təhsil Xidmətləri Araşdırmaları Mərkəzinin direktoru Kamran Əsədov təklif edir ki, hökumət kompüteri olmayan hər bir şagirdə planşet alıb versin.

Yarım milyon uşaq onlayn dərslərə qoşulmayıb

Təhsil Nazirliyinin statistikasından belə məlum olur ki, martda karantin elan olunandan iyunun 1-ə qədər bir milyon şagird virtual məktəb layihəsinə, yəni ki, nazirliyin təklif etdiyi “microsoft team” proqramından istifadə edərək internet dərslərə qoşulub. Yarım milyondan çox uşaq isə onlayn dərslərə qoşulmayıb.

Təhsil Naziriliyi bildirir ki, kompüteri olmayan şagirdlər televiziyada nümayiş olunan dərslərə baxa bilərlər, amma Heyran Tanrıverdiyeva deyir ki, onların boz bulanıq göstərən televizorlarının qarşısına uşaqları oturtmaq olmur.

Amma prezident İlham Əliyev, sentyabrın 15-də, şagirdləri təbrik edəndə, Eltun və Ramil kimi təhsildən yanınan uşaqlar haqda danışmayıb. O dövlətin şagirdləri qoruduğunu bildirib və daha çox məktəb tikintisi haqda danışıb:

“Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur”.

Hərçənd, durum elə dəyişib ki, məktəb binaları şagirdlərin təhsil ala bilməsi üçün yetərli deyil, indi ehtiyac olan evdə internetə çıxışdır.

Hökumət xaricdən mal gətirməyə limiti götürsə...

İctimai fəallar bu barədə sosial şəbəkədə müzakirə aparırlar. İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, hökumət xaricdən mal gətirməyə bu il qoyduğu limiti götürsə, valideynlər kompüter ala bilər:

“Məsələn, imkan yaratmaq olar ki, ortabab vətəndaş normal noutbuku 1500- 2000 manata bizim mağazadan deyil, elektron ticarət yolu ilə - poçtla 500 - 600 dollar ödəməklə xarici internet mağazalardan alıb gətirsin. Həmçinin də, vətəndaş övladının distant təhsili üçün zəruri olan smartfonu da bu qayda ilə daha ucuz əldə edə bilərdi”.

Təhsil haqları fəalı Nabatəli Qulamoğlu bildirir ki, təhsil qanununa görə, icbari təhsil üçün infrastruktur yaratmaq dövlətin öhdəliyidir. Əgər sinif otağında dərs keçmək mümkün deyilsə, dövlət alternativi öz hesabına təmin etməlidir.

Heyran Tarverdiyeva isə deyir ki, bugün, dərslər başlanan gün, onun ürəyindəki gizli ümidi hər gün bir az da zəiflədi. Özü bir gün görməsə də, oğlanlarının oxuyub ağ günə çıxacağı ilə bağlı ümidi. İmişlinin pambıq tarlalarında isə pambıq artıq ağ gül açıb-interneti olmayan şagirdləri gözləyir.

Şərhlər

XS
SM
MD
LG