Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:05

'Minlərlə şagird təhsildən kənarda qala bilər'


Astarada ana uşağını məktəbə aparır. 2020
Astarada ana uşağını məktəbə aparır. 2020

15 sentyabr Azərbaycanda Bilik Günüdür. Bu gün 2020-2021-ci tədris ili başlayır. Amma koronavirus pandemiyası ilə bağlı dərslər, əsasən, onlayn başlayıb. Sentyabrın 15-dən yalnız I-IV sinif şagirdləri həftədə 2-3 dəfə adi qaydada məktəbə gedəcəklər. V-IX sinif şagirdləri oktyabrın 1-dən, X-XI sinif şagirdləri isə məktəbə oktyabrın 15-dən yollanmalıdırlar. Ötən tədris ilində də martın 3-dən sonra dərslər onlayn keçirilmişdi. Amma ekspertlər qeyd edirlər ki, aradan 7 ay vaxt keçsə də, Təhsil Nazirliyi bununla bağlı ortaya metodoloji əsaslar qoymayıb.

Bununla belə, informasiya kommunikasiya texnologiyaları (İKT) vasitəsilə müəllimlər internet üzərindən onlayn dərs deyə bilir. Bunun üçün də internetə, planşetə, mobil telefona, kompüterə malik olmaq şərtdir.

Pulsuz planşet, Gürcüstanda...

Təhsilin informasiyalaşdırılması ilə bağlı Azərbaycanda 2004-2007, 2008-2012-ci illər üzrə iki dövlət proqramı mövcud olub. Amma müşahidəçilərin fikrincə, bu iki proqram mövcud vəziyyəti bir elə dəyişməyib. Bir çox ekspertlər hesab edirlər ki, üstəlik, internet Azərbaycanda sürətli deyil və keyfiyyət də aşağıdır.

Onlar deyirlər ki, ölkədə nə qədər ailənin texniki avadanlıqlara ehtiyac duyması ilə bağlı statistika məlum deyil, bu barədə rəsmi açıqlama yoxdur. Üstəlik, əlavə edirlər ki, neft və qazı ilə öyünməyən qonşu Gürcüstanda birinci sinfə gedən hər şagirdə dövlət pulsuz planşet verib.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, təhsil formatının dəyişməsinin tərəfdarı deyil. O, onlayn dərslərin keyfiyyətinə o qədər də ümid bəsləmir:

"Təhsil Nazirliyi bu məsələyə yenidən baxmalıdır"

"Yeni formatda hansısa mövzunun tezliklə qavranılacağına əmin deyiləm. Çünki qavrama təkcə induksiya və deduksiya prosesi deyil, həm də psixoloji prosesdir. Psixoloji cəhətdən şagird yaşadığı mənzildə yeni psixoloji mühitə düşür. Bizdə isə bu sahədə təcrübə yoxdur. Təcrübə olmadığına görə düşünürəm ki, bu dərs formasının bilik qazanmaq baxımından səmərəsi hələ ki, yüksək olmayacaq. Hesab edirəm ki, Təhsil Nazirliyi bu məsələyə yenidən baxmalıdır".

Deputat deyib ki, bir çox kəndlərdə internet, hər evdə kompüter yoxdur. Onun fikrincə, əhalinin alıcılıq qabiliyyəti aşağıdır: "Bu dərs növü isə həm baha, həm də günümüz üçün real deyil. Hələ onlayn sisteminə keçid həddinə gəlib çatmamışıq".

"İndiyə kimi belə ailələrin sayı müəyyən edilməli,..."

Təhsil sahəsi üzrə ekspert Məlahət Mürşüdlü isə Azadlıq Radiosuna deyib ki, pandemiya vəziyyəti nəzərə alınaraq çıxış yolu onlayn təhsildə görülür. Amma onun fikrincə, Nazirlər Kabinetinin verdiyi qərarda da aydın olmayan məqamlar var:

M.Mürşüdlü
M.Mürşüdlü

"Aydın olmayan məqam budur ki, ibtidai sinif uşaqlarının həftədə iki-üç gün məktəbə getməsi kimi məhdudiyyət var, amma bu əsaslandırılmır. Təkcə koronavirusa yoluxma ilə əsaslandırma yetərli deyil. Əgər yoluxma olarsa, bu, bir dəfə, iki dəfə ilə də ola bilər".

Ekspert hesab edir ki, bu vəziyyətdə minlərlə şagird təhsildən kənarda qala bilər. Onun əlavə etməsinə görə, ailələr var ki, şagirdin onlayn dərs gedişini izləmək üçün planşet, noutbuk, kompüter kimi vasitələri, interneti yoxdur: "İndiyə kimi belə ailələrin sayı müəyyən edilməli, dövlət dəstəyi verilməli idi. Amma bu olmayıb və hərəkət belə yoxdur".

Bu fikirlərə, hələlik, Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Prezident: "Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq..."

Amma sentyabrın 15-də prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti yayılıb.

"Biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər", - prezident müraciətində bildirib.

İ.Əliyev Bakıda liseyin açılışında
İ.Əliyev Bakıda liseyin açılışında

Prezidentin xatırlatmasına görə, o, hələ 2004-cü ildə deyib ki, "biz "qara qızıl"ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik".

Dövlət başçısı sonra da deyib: "Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir".

Xatırlatma

Proqnoz göstəricilərə əsasən, yeni tədris ilində ümumilikdə ölkənin ümumi təhsil müəssisələrində 1 milyon 574 min 206 şagird təhsil almalıdır.

Şagirdlərdən 733 min 279 nəfər qız, 840 min 927 nəfər isə oğlan olmalıdır. Ümumtəhsil məktəblərinin I sinfində 165 min 511, IX sinfində 132 min 734, XI sinfində isə 85 min 44 şagirdin təhsil alacağı gözlənilir.

2020-2021-ci tədris ilinin əvvəlinə respublikada ümumilikdə 4 min 440 məktəbin fəaliyyət göstərəcəyi proqnozlaşdırılır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG