Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:44

Fikrət Fərəməzoğlu: 'Məndən qisas alırlar'


Fikrət Fərəməzoğlu

"İstintaqda mənə açıq şəkildə dedilər ki, sifarişlə tutulmusan. Məndən qisas alırlar. Özümü tutdular, 7 il həbs verdilər, bununla da kifayətlənmədilər. Ailəmi təhdid etdilər, maşınımı yandırdılar. Mən bunlara nə pislik eləmişəm ki, bu qədər kinlidilər?", - "jam.az" saytı-nın baş redaktoru Fikrət İbişbəyli (Fərəməzoğlu) bunları məhkəməsində deyib.

Sentyabrın 11-də Bakı Apellyasiya Məhkəməsində Fikrət Fərəməzoğlunun haqqındakı hökmdən şikayətə baxılıb.

“UTANCVERİCİDİR”

Məhkəmədə jurnalist özü çıxış edərək deyib ki, onu polisin qanunsuz əməllərindən yazdığına görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əli ilə cəzalandırıblar. Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında çıxarılmış hökmün qanuni əsası olmadığını deyən F.Fərəməzoğlu söyləyib ki, heç kimdən nə pul alıb, nə də tələb edib:

"Belə bir hökmü Azərbaycan Respublikasının adından çıxarmaq utancvericidir. Mənə qarşı istifadə olunan adamlar zərərçəkmişlər deyil, zərərvericilərdir. "Bandotdel" əməkdaşları getdiyim yerdə məni tutub, əllərimi qandallayıb maşına oturdublar, orada da 3 min manatı cibimə qoyublar. Sonra da o pulu çıxarıb yazıblar ki, guya onu Mehman Həsənovdan almışam".

Buna da bax: Fikrət Fərəməzoğlu: 'Dindirilsinlər, görək nə deyəcəklər'​

İstintaqda və birinci instansiya məhkəməsində normal araşdırma aparılmadığını, işdə adları çəkilən şəxslərlə üzləşmə keçirilmədiyini deyən F.Fərəməzoğlu çıxışının sonunda hakimdən belə bir xahiş edib:

"Mən 15 aydır həbsdəyəm. Birinci instansiya məhkəməsində prosesi 7 ay mənasız yerə yubatdılar. Siz də bilirsiz ki, bu nə işdi. Onsuz da hökmü qüvvədə saxlayacaqsız. Ona görə xahiş edirəm, elə bir iclasa yekunlaşdırıb qərarı elan edin, mən də gedib-gəlməyim".

Jurnalistin vəkili Elçin Sadıqov işdəki ziddiyyətlərdən danışıb.

Zığ yolundakı "Antalya" adlı restoranı işlətdiyini deyən zərərçəkmiş Mehman Həsənov isə Fikrət Fərəməzoğlunun həmin obyekt haqda rüsvayedici məlumatlar yaydığını, həbsindən bir müddət öncə ondan 1000 manat pul aldığını deyib.

Masaj salonu işlətdiyini deyən başqa bir zərərçəkmiş isə istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadələri təsdiqlədiyini, F.Fərəməzoğlunun ondan ümumilikdə 4 min 500 manat pul aldığını iddia edib.

Məhkəmə sentyabrın 18-də davam edəcək.

Buna da bax: Həbsdəki jurnalistin xanımı Mehriban Əliyevadan kömək istəyir

XATIRLATMA

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, «restoran», «masaj salonu» adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir. Onun deməsinə görə, həmin yerləri vəzifəli şəxslər himayə edir.

Bu il iyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri Ramil Usubov ona böhtan atıldığı iddiası ilə jurnalisti məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG