Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 20:11

Fikrət Fərəməzoğlu: 'Dindirilsinlər, görək nə deyəcəklər'


Fikrət Fərəməzoğlu

«Mənim haqqımdakı hökm biabırçılıqdır. İttiham aktını köçürüblər, axırında bir-iki xırda dəyişiklik eləyib, adını qoyublar hökm», – həbsdə olan jurnalist Fikrət İbişbəyli (Fərəməzoğlu) belə deyir.

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində F.Fərəməzoğlunun şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Jurnalistin vəkili Elçin Sadıqov məhkəmənin qərarına qədər onun ev dustaqlığına buraxılması, bir neçə media nümayəndəsinin şahid qismində dindirilməsi, protokollarda F.Fərəməzoğlunun adı qarşısındakı imzalarla bağlı xətşünaslıq ekspertizasının keçirilməsi haqda vəsatətlər qaldırıb.

***Buna da bax-Vəkil: 'Jurnalistin evindən işlə əlaqəsi olmayan əşyaları da götürüblər'

ZƏRƏRÇƏKMİŞLƏRİN HEÇ BİRİYLƏ ÜZLƏŞDİRMƏYİBLƏR

«Ekspertizanın daha müstəqil bir orqan tərəfindən keçirilməsini xahiş edirik. Bu, Ukrayna və ya Gürcüstan kimi xarici ölkələrdə də ola bilər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun da dindirilməsini istəyirik. Çünki Fikrət Fərəməzoğlunun həbs olunduğu əməliyyata o, rəhbərlik edib. Ona idarədə işgəncə verənlərdən biri də o olub. Fikrət Fərəməzoğlu ilə bağlı istifadə etdiyi mobil operatora və sərhəd xidmətinə sorğu göndərilməsini də xahiş edirik. Çünki zərərçəkmişlərin dediyi vaxtda heç Fikrət Bakıda olmayıb», – vəkil vəsatətini belə əsaslandırıb.

F.Fərəməzoğlu da deyir ki, iş materiallarında bir neçə nəfərin adını yazıb, həmin adamların yanında zərərçəkmişlərdən pul tələb etdiyini göstəriblər. Amma o adamların heç biri ilə onu üzləşdirməyiblər:

«Burada dindirilsinlər, görək nə deyəcəklər. Zərərçəkmişlər yalan da danışa bilər, istintaq və ya birinci instansiya məhkəməsi bunu niyə araşdırmadı?».

***Buna da bax-Həbsdəki jurnalistin xanımı Mehriban Əliyevadan kömək istəyir

Zərərçəkmişlərdən Mehman Həsənovun nümayəndəsi Yusif İsmayılov deyib ki, bu vəsatətlər məhkəmə baxışında müzakirə olunmalıdır, ona görə də indiki mərhələdə təmin olunmasına ehtiyac görmür.

Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətlərin heç birinin təmin olunmadığını, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan (şahidlər dindirilmədən, əlavə sübutlar araşdırılmadan) baxılacağı haqda qərarı elan edib.

Məhkəmə baxışı sentyabrın 11-nə təyin olunub.

XATIRLATMA

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, «restoran», «masaj salonu» adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir. Onun deməsinə görə, həmin yerləri vəzifəli şəxslər himayə edir.

Bu il iyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri Ramil Usubov ona böhtan atıldığı iddiası ilə jurnalisti məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG