Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

İran etirazçıları kimlərdir?


Tehran, 30 dekabr, 2017-ci il
Tehran, 30 dekabr, 2017-ci il

AzadlıqRadiosunun müxbiri Frud Bezhan yazır ki, İranda zorakı antihökumət etirazlarının başlanmasından artıq bir neçə gün keçir, lakin bu etirazçıların kimlər olduğu və nə istədikləri barədə suallara cavab vermək hələ də çətindir.

Bu nümayişlərin mərkəzi bir səsi yoxdur, onlar müxtəlif və geniş ərazilərdə yayılıb. Burada iranlıların geniş təbəqələrini görmək olar və buna görə də nümayişçilərin hər hansı cinsi, yaş qrupu və sosial statusu barədə nəsə söyləmək çətindir.

İndiki etirazlar 2009-cu ilin etirazları ilə kəskin ziddiyyət təşkil edir. Ovaxtkı nümayişlər Mahmud Ahmadinejadın şübhəli bir şəkildə yenidən prezident seçilməsinə görə başlanmışdı. Nümayişçilər saxtakarlıq edildiyinə inanırdılar. Nümayişlərin hərəkətverici qüvvəsi Yaşıl hərəkat idi və bu etirazlar əsasən Tehranın orta sinfi tərəfindən dəstəklənirdi.

Beləliklə də, İran etirazlarının beş günü onların 2009-cu il hərəkatı ilə müqayisə edilməsinə əsas vermir.

Britaniyadakı Birmingem Universitetinin İran üzrə eksperti və EA World View saytının redaktoru Scott Lucas da deyir ki, hazırkı etirazları 2009-cu ildə baş verənlərlə müqayisə etmək olmaz. Onun sözlərinə görə, o vaxt etiraz edənlər əsasən “Tehranın şimalından” olan yaxşı təhsil görmüş və yaxşı dolanışığı olanlar idi.

Lucas bildirir ki, hazırkı etirazlar zamanı İran boyunca adamlar rejimin iqtisadiyyat, xarici siyasət, hərbi müdaxilələr, siyasi və sosial məsələlərdə etdiklərini sual altına alırlar.

Demoqrafik faktor

Rəsmi Tehran indiki etirazçıların əsasən gənclər olduğunu qabartmağa çalışır. Daxili işlər nazirinin müavini Husseyn Zolfoghari deyib ki, ölkə boyunca saxlanmış etirazçıların 90 faizinin yaşı 25-dən aşağıdır.

Sosial mediada yayılan video və fotolardan da nümayiş iştirakçılarının arasında çox sayda gəncin olduğu görünür. Lakin bu, iddia etməyə əsas vermir ki, başqa yaş qruplarını təmsil edənlər bu etirazlara qoşulmayıblar.

Etirazçıların əsasən bunlar olmasını qabartmaqdan rəsmilərin məqsədi, səbəbi gənclərin təcrübəsizliyinə, nəyin yaxşı, nəyin pis olduğunu ayırd edə bilməməsinə bağlamaqdır.

Lakin bunu da unutmaq olmaz ki, indiki 25 yaşlılar 2009-cu ildə yeniyetmə olarkən ruhani hakimiyyətin dinc nümayişlərə necə divan tutmasının şahidi olublar. Güman etmək olar ki, onların əksəriyyəti 2013-cü il seçkisində Hassan Rohaniyə üstünlük verib.

Nisbətən mötədil namizəd kimi tanınan Rohani seçkini Qərblə münasibətləri yaxşılaşdıracağına, iranlılara daha çox azadlıq verəcəyinə və tənəzzüldə olan iqtisadiyyatı dirçəldəcəyinə dair vədlərlə udub. Rohani 2017-ci ilin seçkisində də qalib gəlib və bunda Qərblə bağlanmış nüvə sazişi xüsusi rol oynayıb.

Lakin bu sazişlə İranın üstündəki əzici sanksiyalar qaldırılsa da, Rohani vəd etdiyi iqtisadi faydaları gətirə bilməyib.

Sözsüz ki, İrandakı işsizlik və ağır iqtisadi şəraitin ən böyük zərbəsi gənclərə dəyir. İran əhalisinin 50 faizinin yaşı 30-dan aşağıdır. Hökumət cavanlar arasında işsizliyin 20 faiz təşkil etdiyini bildirsə də, bu rəqəmin əslində 40 faiz olduğu təxmin edilir.

Bütün bunlara baxmayaraq gənclər cəmiyyətin yeganə narazı kəsimi deyil.

Etirazları diqqətlə izləyən İran təhlilçisi Raman Ghavami bildirir ki, etirazçılar müxtəlif regionları, cinsləri və yaş qruplarını təmsil edirlər.

Onun sözlərinə görə, bu nümayişlərdə yoxsullar da, orta və ali sinfə mənsub insanlar da iştirak edirlər. Etirazlarda qadınlar xüsusilə fəaldırlar.

Bəzi videolardan, məsələn Luristan əyalətində təhlükəsizlik qüvvələrinin etirazçıları həbs etmək əvəzinə onlara qoşulduğunu görmək olur.

Əsas mövzu yoxdur

Etirazları hərəkətə gətirən vahid bir məsələ yoxdur.

Dekabrın 28-də Məşhəddə başlanan nümayişdə adamlar bahalığa, məsələn yumurtanın və toyuq ətinin bahalığına etiraz edirdilər.

Lakin nümayişlər genişləndikcə etirazların hiddəti İranın siyasi rəhbərliyinə sarı yönəlməyə başlamışdı. Bunu “Rohaniyə ölüm!” və “Khamenei-yə ölüm!” kimi şüarlar da göstərirdi. Bəziləri hətta 1979-cu ildə İslam İnqilabının devirdiyi monarxiyanın bərpasını tələb edirdilər.

Bəzi nümayişçilər İranın xarici siyasətinə etiraz bildirən şüarlar səsləndirirdilər. Onlar İranın, prezident Bashar al-Assad-ın müdafiəsi üçün Suriyaya hərbi müdaxiləsini pisləyirlər. Adamlar bu dəstəyi bahalı və lüzumsuz bir siyasət adlandırırlar.

Bəzi təhliçilər bu qənaətdədirlər ki, Məşhəddə başlayan ilk etirazlar ruhani təbəqə arasındakı fikir ixtilafından törəyə bilərdi. Belə bir mülahizə ondan yaranmışdı ki, Məşhəd həm də Rohaninin seçki rəqibi mühafizəkar Ebrahim Raisinin doğma şəhəridir. Amma bu etiraz sonradan ölkənin başqa yerlərinə yayılaraq fərqli xarakter aldı.

Beynəlxalq Böhran Qrupundan Naysan Rafati deyir ki, ola bilsin ilkin etirazlar ruhanilərin fraksiya maraqlarına xidmət etdiyi üçün onlar tərəfindən təqdir olunurdu.

Amma bəlkə də Rohani və onun nüvə sazişi üzərinə yönəldilən tənqid sonradan istiqamətini dəyişərək daha geniş etirazlara yol açdı.

İran üçün etirazlar nadir bir hadisə deyil. Məsələn burada vaxtaşırı taksi, avtobus sürücüləri, müəllimlər və təbiəti mühafizə fəalları etiraz edirlər. Amma bunlardan bir çoxu hökumətin xeyir-duası ilə edilir.

Mərkəzi bir lider yoxdur

2009-cu ilin hərəkətverici qüvvəsi Yaşıl Hərəkat idi. Bu hərəkatın liderləri hələ də ev məhbusluğundadırlar. İndiki etirazların isə hər hansı bir lideri gözə dəymir. Bu nümayişlərin arxasında konkret bir hərəkat dayanmır.

Rand Corporation mərkəzindən təhlilçi Alireza Nader Tvitterdə yazır ki, “bu etirazlar tamamilə nizamsız və hətta mən deyərdim, lidersiz görünür”.

Digər tərəfdən təhlilçilərin fikrincə, etirazların ortaq mesajının olmaması hökumətin nümayişlərə son qoymasını çətinləşdirəcək.

Rafati bu xüsusda deyir: “Etirazların liderliyinin olmaması hakimiyyət üçün həm xeyirlidir, həm də ziyanlı. Hökumət düşünə bilər ki, aydın təşkilatçılığın olmaması, etirazların tədricən sönməsinə gətirib çıxaracaq. Amma digər tərəfdən ayağaqalxmaların miqyası və tələblərin çoxluğu hökumətin güzəşt axtarışına əngəl yaradacaq”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG