Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:58

İran ABŞ və digər beynəlxalq ekspertlərə istintaqa qoşulmağı təklif edib


Ukrayna-8 yanvar,2020, Borispol hava limanı
Ukrayna-8 yanvar,2020, Borispol hava limanı

İran amerikalı mütəxəssislər və digər beynəlxalq ekspertlərə, Ukryana təyyarəsinin Tehranda qəzaya uğraması ilə bağlı istintaqa qoşulmağı təklif edib.

AzadlıqRadiosunun məlumatına görə qərar yanvarın 10-da qəbul edilib.

ABŞ,Kanada və Britaniya rəsmiləri bundan əvvəl bəyan etmişdilər ki, təyyarə çox güman ki, səhvən İran raketi ilə vurulub.

İran rəsmiləri bu versiyanı qəti şəkildə rədd ediblər.

İran aviasiya idarəsinin rəhbəri Ali Abedzade, Tehranın ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Boeing şirkəti ilə yanaşı, Ukrayna,Fransa və Kanada mütəxəssislərinin də istintaqın gedişində iştirakına şərait yaradacağını bəyan edib.

Qeyd edək ki, Ukrayna təyyarəsinin yanvarın 8-də Tehranda qəzaya uğraması nəticəsində 176- nəfər həlak olub.

Qəzadan sağ çıxan olmayıb.

--

Kanadanın baş naziri Justin Trudeau yanvarın 9-da deyib ki, sübutlar Tehran yaxınlığında qəzaya uğramış Ukrayna təyyarəsinin İran raketi ilə vurulduğunu göstərir:

"Bizim müttəfiqlərimizin və özümüzün kəşfiyyatı da daxil bir neçə mənbədən kəşfiyyat məlumatlarımız var. Sübutlar göstərir ki, təyyarə yer-göy raketi ilə vurulub”.

Trudeau əlavə edib ki, təyyarənin raketlə vurulması “qeyri-ixtiyari” də ola bilərdi.

Adları çəkilməyən ABŞ rəsmiləri ehtimal edirlər ki, Tehran yaxınlığında qəzaya uğramış Ukrayna sərnişin təyyarsi İran tərəfindən səhvən vurulub.

Həmin rəsmilər deyiblər ki, onlar Boeing 737-800 təyyarəsinin İranın hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulduğuna əmindirlər.

ABŞ mediasının yanvarın 9-da verdiyi məlumata görə bu qənaət peyk, radar və elektron məlumatlara istinadən əldə olunub.

İran bu versiyanı “cəfəngiyyat” adlandırıb.

Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin PS 752 reysi ilə Tehrandan Kiyevə uçan təyyarəsi yanvarın 8-də Tehran hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb və təyyarədəki 176 nəfərin hamısı ölüb.

Bu təyyarə qəzası, İran ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirdikdən sonra baş verib.

ABŞ prezidenti Donald Trump da bu qəza barəsində şübhəsini bildirib və deyib ki, təyyarə səhvən “kiminsə tərəfindən” vurula bilərdi:

"Bəziləri deyirlər ki, qəza mexaniki səbəblərdən baş verib. Şəxsən mənim bu məsələdə şübhəm yoxdur. Nə isə dəhşətli bir hadisə baş verib”.

Ukrayna təhlükəsizlik qüvvələrinin vəzifəli rəsmisi Oleksiy Danilov deyib ki, hazırda təyyarənin raketlə vurulması versiyası araşdırılır.

Rusiya raketi

Birləşmiş Ştatlarda çıxan Newsweek məcmuəsi bir Pentaqon rəsmisinə, ABŞ kəşfiyyatının vəzifəlisinə və iraqlı kəşfiyyat zabitinə istinadən yazır ki, təyyarənin Rusiya istehsallı Tor raketi ilə vurulduğuna inanılır.

ABŞ kəşfiyyatına istinad edən CBS News bildirir ki, kosmik peyklər iki raket atışı zamanı infraqırmızı “parıltı” və bir partlayış qeydə alıb.

Pentaqon bu barədə hər hansı şərh verməkdən boyun qaçırıb.

İranın Mülki Aviasiya Təşkilatının başçısı Ali Abedzade deyib ki, Ukrayna təyyarəsinin qəzaya uğradığı vaxt İran səmasında bir neçə yerli və beynəlxalq uçuş həyata keçirilirdi.

İran rəsmiləri şahid ifadələrinə istinadən bildirirlər ki, Ukrayna təyyarəsi qəzaya uğramazdan əvvəl alışmışdı və hava limanına qayıtmağa cəhd göstərirdi.

BUNA DA BAX:

Qəzadan əvvəl Ukrayna təyyarəsində yanğın baş verib

Yanvarın 9-da Ukraynadan Tehrana 45 aviasiya qəzası mütəxəssisi gəlib.

Kiyev və Tehran təhqiqatı əlaqəli aparacaqları barədə razılığa gəliblər.

Tehran qara qutuları verməyəcək

Bu qəzanın araşdırılması ilə bağlı bir sıra ölkələr maraqlarını bildiriblər. Kanadanın xarici işlər naziri François-Philippe Champagne iranlı həmkarı Mohammad Javad Zariflə telefon söhbətində deyib ki, Kanada bu araşdırmaya qoşulmaq istəyir.

İran tərəfi bildirib ki, uçuş və qəzanın əsas məlumatlarının olduğu “qara qutunu” beynəlxalq təhqiqata verməyəcək. Tehran bəyan edib ki, bu mənada Boeing təyyarəsinin istehsalçısı olan ABŞ da istisna təşkil etmir.

Tehran beynəlxalq aviasiya qanunlarına görə bu təhqiqatı özü aparmalıdır və təyyarə sahibi kimi Ukrayna bu təhqiqatda iştirak edə bilər.

Bu arada yanvarın 9-da, günün ikinci yarısında internetdə təyyarənin zenit quruğusu ilə vurulduğunu göstərdiyi iddia edilən videolar yayılıb.

Conflict Intelligence Team jurnalist təhqiqatı saytı bildirir ki, ilk dəfə sözü gedən videonu İran əsilli Nariman Garib dərc edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG