Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 11:10

Vurğun Əyyub: ‘Geniş açıqlama Məleykə Abbaszadənin borcudur’


Vurğun Əyyub
Vurğun Əyyub

Nabatəli Qulamovun qənaətincə, test sisteminin təhsildə ləğvi “inqilabi dəyişiklik” olardı, ancaq “indiki hakimiyyət də inqilabdan qorxduğu üçün buna heç vaxt yol verməz”.

Vurğun Əyyub: “DİM rəhbərliyi ikibaşlı danışıb”

“Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə yeni imtahan modelləri ilə bağlı açıqlama vermədən bu haqda danışmaq qaranlığa papaq yelləmək olardı”, - Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında test üsulunu ilk dəfə tətbiq edən, ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub belə deyir.

Buna da bax:​ Test sistemi ləğv edilirmi?

Vurğun Əyyub: “DİM rəhbərliyi ikibaşlı danışıb”
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid

Bugünlərdə Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə yeni imtahan modelləri üzərində müzakirələr apardığını bildirib. Yeni modelin sentyabrda ictimaiyyətə açıqlanacağı gözlənir. “Yeni model hazırlandığından onun gələcəkdə hansı formada olacağını indidən demək çətindir. Müzakirələr bitəndən və hüquqi normativ sənədlər hazırlanandan sonra bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək”, - qurum bildirir.

Vurğun Əyyubun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin rəhbərliyi yeni imtahan modelləri barədə “açıq-aydın” yox, “ikibaşlı”danışıb. “Biz bilmirik nə baş verəcək. Bunu belə yozmaq olar ki, test sistemi ləğv olunur, elə də yozmaq olar ki, bu 26 ildə alışdığımız yox, yeni modellər tətbiq ediləcək. Ona görə də birinci növbədə bunun üstünə getmək lazımdır ki, açıqlayın görək söhbət hansı yenilikdən gedir?”, - keçmiş komitə sədrinin sözləridir.

Buna da bax:​ İmtahan qaydaları 2 ilə dəyişdirilir? [video]

Vurğun Əyyubun fikrincə, bu barədə geniş açıqlama vermək DİM rəhbəri Məleykə Abbaszadənin borcudur: “Bu, hamının problemidir, hər bir ailəyə toxunur. Onun borcudur ki, hər bir yenilik barədə açıqlama versin. Özbaşınalıq deyil bu. Ekspertlər, təhsil işçiləri buna münasibət bildirməlidir. Yoxsa bəyan etmək ki mən filan işi görəcəyəm, belə olmur”.

Şahlar Əsgərov: “Təhsilə xeyir verəcək”

Milli Məclisin Təhsil Komitəsinin keçmiş sədri, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov da iki dövlət qurumu arasındakı müzakirələrdən xəbərsiz olduğunu, o üzdən açıqlama verə bilməyəcəyini desə də, əlavə edir ki, həmin müzakirələrin sonucunda “məqsədəuyğun qərarlar” qəbul olunacağını və bunun Azərbaycan təhsilinə “xeyir verəcəyini” düşünür.

Şahlar Əsgərov: “Təhsilə xeyir verəcək”
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00
Direct-ə keçid

O, müəllifi olduğu kitablarda və mətbu çıxışlarında test imtahan sisteminin “uğurlu və qüsurlu” cəhətlərindən çox danışdığını deyir. Professor test üsulundan istifadəni “qüsurlu hal” saymadığını, əksinə, testin təkmilləşdirilməsinə gərək duyduğunu ayrıca vurğulayır.

Buna da bax:​ Kolleclərdə yerlər tam tutulmayıb

“Yavaş-yavaş yandırırlar”

DİM rəhbərinin açıqlaması sosial şəbəkələrdə də geniş müzakirə olunmaqdadır. Bir çoxları bunu test sisteminin ləğvi kimi dəyərləndirir. Məsələn, “Bizim yol” qəzetinin redaktoru Bahəddin Həziyev “Facebook” səhifəsində yazır: “O məşhur komediya səhnəsi bizim nəslin yadındadır, gənclərdən də görənlər olar. Bəşir Səfəroğlu ilə Əliağa Ağayevin oynadığı unudulmaz səhnə: "Hər şey yavaş-yavaş yandı...". Ancaq indi deyəcəyim komediya deyil, faciədir: ali məktəblərə tələbə qəbulunda test üsulunu yavaş-yavaş... "yandırırlar". İki ildən sonra bəzi ixtisaslar üzrə test üsulu ilə qəbul ləğv ediləcək, sonra hamısı yavaş-yavaş “yanıb qurtaracaq”. Yenə də köhnə dövrə qayıdırıq. Məşhur deyim var: "Hər bir təzə çoxdan unudulmuş köhnədir". Test üsuluna aid deyil, axı. Bu üsul özü təzə idi. Köhnənin inkarı olaraq tətbiq olunmuşdu. Qüsurları vardısa, aradan qaldırmaq lazım; təkmilləşmənin sonu yoxdur. Amma yox! Biz bütün köhnələri təzədən təzə adı ilə dirildib dirçəldirik, tətbiq edirik. Yavaş-yavaş”.

Nabatəli Qulamov: “İELTS proqramını tətbiq etmək istəyirlər...”
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00
Direct-ə keçid

Nabatəli Qulamov: “Hökumət inqilabdan qorxduğu üçün buna yol verməz”

Amma bir çox təhsil mütəxəssisi testin ləğv ediləcəyinə şübhəylə yanaşır. Məsələn, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı yerli mətbuata test sisteminin ləğv olunacağına inanmadığını deyib. Elə AzadlıqRadiosu-na danışan təhsil eksperti Nabatəli Qulamov da əmindir ki, Azərbaycanda test üsulunun nəinki yaxın, hətta uzaq perspektivdə də ləğvi gözlənilmir. Ekspertin qənaətincə, test sisteminin təhsildə ləğvi “inqilabi dəyişiklik” olardı, ancaq “indiki hakimiyyət də inqilabdan qorxduğu üçün buna heç vaxt yol verməz”.

Buna da bax:​ Buraxılış və qəbul imtahanları birləşdirilə bilər, amma...

O, indi gedən müzakirələri bəzən medianın, bəzən də bu işdə marağı olanların – “barmağı qaşınan adamların, vaxtilə qəbul imtahanlarından milyonlar götürənlərin” qəsdən körüklədiyini düşünür: “Onlar maraqlıdırlar ki, bu məsələ şişsin və nəticədə test imtahanı ləğv olunsun. Amma Məleykə Abbaszadə də, təxminən bir il öncə Mikayıl Cabbarov da bənzər açıqlama verdilər və onların dediklərində testin ləğvindən söhbət getmirdi. Söhbət modern testlərin yaradılmasından gedir. Bu da onunla bağlıdır ki, kurikulum təhsil proqramı üzrə təhsil alan şagirdlərimiz iki il sonra ali məktəblərə qəbul imtahanı verəcəklər. Təbii ki, onlar yeni meyarlar üzrə imtahan verməlidirlər”.

“İELTS proqramını tətbiq etmək istəyirlər...”

Təhsil ekspertinin sözlərinə görə, DİM IELTS proqramının tətbiq etmək niyyətindədir:. “IELTS proqramının sözləri nədən ibarətdir? International English Language Testing System (Beynəlxalq İngilis Dili İmtahanı Sistemi). Test sözü bunun adında varsa, kim bunu ləğv edə bilər?”

Buna da bax:​ "Orta məktəblərin verdiyi təhsil bəs eləmir"

Amma ekspert bir məqama diqqət çəkir: “Bu proqramın birinci hissəsi nisbətən sadədir. Əslində isə İELTS proqramı çox mürəkkəbdir. Azərbaycan müəllimi, şagirdi üçün bunu həddindən artıq mürəkkəb proqram sayıram”.

Nabatəli Qulamov sözügedən proqramdan artıq bu il orta məktəblərin 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarında istifadə olunduğunu söyləyir: “Mən özüm də orda iştirak etdim və yoxlamalara baxdım. Gördüm ki, proqramın səviyyəsi ilə bizim məzunların səviyyəsi arasında yerlə göy qədər fərq var”.

Bununla belə ekspertin fikrincə, “səviyyə aşağı olduğun üçün” yeniliklərdən qorxmaq lazım deyil.

AzadlıqRadiosu bu müzakirələrlə bağlı Təhsil Nazirliyindən, eləcə də Milli Məclisin Elm və Təhsil Komitəsindən açıqlama almağa cəhd etsə də, bu, mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG