Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:54

ABŞ-da Qarabağ söhbəti...


Qarabağda erməni artilleriyası
Qarabağda erməni artilleriyası

«2016-cı ilin aprelində «dördgünlük müharibə» kimi tanınan toqquşmada 200-ə yaxın insan həyatını itirdi. Baş verənlər göstərdi ki, 1994-cü ildə əldə olunmuş atəşkəsdən bəri Dağlıq Qarabağda cərəyan edən durum «donmuş konflikt» deyil».

«Amerikanın səsi»nin xəbərinə görə, bu fikirlər ətrafında Helsinki Komissiyası «Dağlıq Qarabağda müharibənin qarşısını almaq» başlıqlı brifinq təşkil edib.

«ELƏ BİR ABŞ PREZİDENTİ YOXDUR Kİ..»

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyanın qlobal təhlükəsizlik üzrə eksperti Alex Tiersky-nin vasitəçilik etdiyi müzakirələrdə ATƏT-in Minsk qrupunun keçmiş iki amerikalı həmsədri - səfir Carey CavanaughJames Warlick də iştirak edib.

***Buna da bax-Azərbaycan və Ermənistan prezidentləri görüşüb

Habelə, Beynəlxalq Böhran Qrupunun Avropa və Orta Asiya Proqramının direktoru Magdalena Grono çıxış edib.

«1997-ci ildən bəri elə bir ABŞ prezidenti yoxdur ki, Dağlıq Qarabağ münaqişəsi haqda bilməsin», - deyə C.Cavanaugh Vaşinqtonun münaqişəyə kifayət qədər diqqət yetirdiyini söyləyib.

ABŞ VƏ RUSİYANIN QARABAĞ MÜNAQİŞƏSİNDƏ ƏMƏKDAŞLIĞI

Onun deməsinə görə, ABŞ da daxil olmaqla, Qərb dövlətləri münaqişənin tez bir zamanda bütövlüklə həll olunmasını arzulayır və bu yönümdə fəaliyyət göstərirlər. Lakin vasitəçi kimi onların əldə edə biləcəkləri tərəflərin iradə nümayiş etdirməsindən asılıdır.

«ATƏT-in Minsk qrupu həmsədrləri arasındakı əməkdaşlığın səviyyəsi çoxlarını təəccübləndirib», - deyən Cavanaugh vurğulayıb ki, ABŞ-la Rusiya arasında başqa sahələrdə ziddiyyətlər olsa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə bu elə də özünü göstərmir.

James Warlick
James Warlick

ATƏT-in Minsk qrupunun yaxın vaxtlara qədər həmsədri olan J.Warlick isə deyib ki, atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, ölüm halları və yaralanmalar davam edir. Onun deməsinə görə, hər iki tərəf silah arsenalını inkişaf etdirib. O, buna görə də, insan itkisi təhlükəsinin hazırda «qat-qat böyük» olduğunu deyib:

«Səhv hesablama və eskalasiya riski həmişə olduğundan daha yüksəkdir» - o vurğulayıb.

Keçmiş həmsədr deyib ki, aprel döyüşlərindən sonra vasitəçi səyləri daha da intensivləşdirilib.

***Buna da bax-N.Məmmədov: 'Ermənistan prezidenti razılaşmaları pozub'

KEÇMİŞ HƏMSƏDRİN 6 ELEMENTİ…

Warlick vurğulayıb ki, istənilən sülh müqaviləsi altı başlıca elementə əsaslanmalıdır. Onun deməsinə görə, bunların sırasında sülhdən ötrü siyasi iradə, Dağlıq Qarabağ ermənilərinə təhlükəsizlik, özünüidarəçilik çərçivəsinin verilməsi və işğal edilmiş digər Azərbaycan rayonlarının geri qaytarılması yer alır. Habelə, Ermənistanla Dağlıq Qarabağ arasında bütövlükdə Laçın rayonu olmadan hansısa dəhlizin mövcudluğu, qaçqınların evlərinə dönməsi və beynəlxalq sülhməramlı qüvvələrin mümkün iştirakı ilə təhlükəsizlik təmin edilməlidir.

M.Grono və başqa nitqlər də bildirib ki, ərazi bütövlüyü, etnik öz müqəddəratını müəyyən etmək hüququ və qeyri-zorakılıq danışıqlar prosesinin təməl prinsipləri kimi saxlanılmalıdır.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumi dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib.

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG