Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:25

N.Məmmədov: 'Ermənistan prezidenti razılaşmaları pozub'


Novruz Məmmədov
Novruz Məmmədov

«Serzh Sarkisian Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün yekunlarına görə razılaşdırılan məqamlardan əlavə heç bir bəyanat verməmək barədə razılığı pozub».

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov dövlət başçılarının Cenevrə görüşü barədə şərhində belə yazıb.

«Həmin görüşdə qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma Ermənistan prezidenti bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı», - deyə Məmmədov qeyd edib.

***Buna da bax-Azərbaycan və Ermənistan prezidentləri görüşüb

O, daha sonra əlavə edib:

«Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir».

N.Məmmədov vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq.

«Sarkisian-ın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq», - deyə Məmmədov bildirib.

Minsk Qrupu Əliyev-Sarkisyan görüşündən razı qaldı
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Ermənistan prezidenti S.Sarkisian dövlət başçısı İ.Əliyevlə danışıqlardan sonra İsveçrənin erməni diasporu ilə görüşdə bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq.

XATIRLATMA

Oktyabrın 16-sı Azərbaycan prezidenti İ.Əliyev və Ermənistan dövlət başçısı S.Sarkisian arasında Cenevrədə görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və bu qurumun fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Prezidentlər İ.Əliyev və S.Sarkisian həmsədrlərin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər. Görüş barədə detalı məlumat verilməyib.

***Buna da bax-Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması müzakirə ediləcək?

Görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrləri və Azərbaycan, Ermənistan xarici işlər nazirləri birgə bəyanat yayıb. Bəyanatda bildirilir ki, İ.Əliyevlə S.Sarkisian-ın görüşü konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini sürətləndirmək və təmas xəttində gərginliyi azaltmaqdan ötrü əlavə tədbirlər görməyə razılaşıblar.

ATƏT-in Minsk qrupu həmsədrləri bu, birbaşa danışıqlardan öz razılıqlarını bildirirlər. Bəyanatda qeyd olunur ki, indiki danışıqlar uzun fasilədən sonra baş tutub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumi dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib.

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG