Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

Polis haqqında paylaşıma görə AXCP üzvünə cəza kəsildi


Gülnarə Rəhimova
Gülnarə Rəhimova

AXCP fəalı CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Gülnarə Rəhimova Facebook hesabında polis haqqında paylaşıma görə cəzalandırılıb. Sentyabrın 5-də Xətai rayon Məhkəməsində onun 460 saat islah işlərinə məhkum edilməsi haqda hökm çıxarılıb. Hökmə əsasən, AXCP fəalı CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib.

Bu hökm Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Seymur İmanovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında verilib. Polis serjantı AXCP fəalını avqustun 11-də Facebook hesabında paylaşıma görə məhkəməyə verib. Həmin postda o, İmanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında çəkilmiş fotosunu paylaşıb. Həmçinin yazıb ki, iyulun 20-də “Quru sərhədləri açın!” tələbilə keçirilən aksiyada saxlanılan Müsavat fəalı Əziz Məmiyevi onun gözü önündə döyən polislərdən biri bu şəxs olub.

“Mən sadəcə, qapını açmışam”

“Nazirlər Kabineti qarşısında keçirilən aksiyaya gedəndə metronun "İçərişəhər" stansiyasının qarşısında polislər tərəfindən qanunsuz olaraq saxlanılıb 41-ci polis bölməsinə aparılanda Əziz Məmiyev də mənimlə birlikdə idi. Əzizi gözlərimin önündə polislər döymüşdülər, bu barədə həmin vaxt yazmışdım.

Bu gün isə həmin polis serjantlarından birinin fotosunu əldə etdim və paylasıram ki hər kəs görsün və tanısın...”, – Rəhimova sosial media postunda yazıb.

Sentyabrın 2-də məhkəmədə İmanov iddiasını müdafiə edib. Polis əməkdaşı deyib ki, Rəhimovanın ona intiqam hissilə böhtan atdığını düşünür: “Biz onu Post Patrul avtomobilində aparmışıq. Mən sadəcə, qapını açmışam. Nə kimisə vurmuşam, nə də kimisə təhqir eləmişəm”.

“O qədər döymüşdülər ki...”

Məhkəmədə şahid qismində dindirilən Məmiyev isə məhz bu polis əməkdaşı tərəfindən zorakılığa məruz qaldığını söyləyib:

“Məni avtomobildən düşürüb 41-ci bölməyə aparanda bu və daha bir neçə nəfər təpikləyirdilər. O qədər döymüşdülər ki, sonradan təcridxanada 30 sutkalıq həbs cəzasını çəkəndə bədənimin bəzi orqanlarını hiss eləmirdim”.

Rəhimova da vurğulayıb ki, o, sadəcə, gördüklərini sosial media hesabında paylaşıb və yazdıqlarında böhtan, təhqir yoxdur.

Buna baxmayaraq, hakim Sülhanə Hacıyeva onu hər iki maddə ilə təqsirli bilib.

Rəhimova bu hökmü siyasi baxışlarına görə cəza hesab edir. Onun fikrincə, hökmün məqsədi onun fəaliyyətini, o cümlədən aksiyalarda iştirakını məhdudlaşdırmaqdır.

AXCP fəalının vəkili Zibeydə Sadıqova hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib:

“Əksinə, bu məhkəmədə sübut olundu ki, Gülnarə Rəhimovanın əməlində böhtan və təhqir yoxdur. Təəssüf ki, məhkəmə belə hökm verdi”.

Hadisə necə baş verib

Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublunun təşkil etdiyi “Quru sərhədləri açın!” şüarıyla etiraz aksiyası iyulun 19-da Nazirlər Kabinetinin qarşısında keçirilib. Həmin gün aksiyaya gələnlərdən Müsavat partiyasının üzvü Əziz Məmiyev saxlanılıb, ona 30 sutka həbs cəzası verilib. Məmiyev yaxınlarına saxlanılarkən və daha sonra polis bölməsində döyüldüyünü bildirib.

Həmin vaxt Gülnarə Rəhimova və daha bir neçə fəal Məmiyevlə birlikdə saxlanılaraq, eyni avtomobildə polis bölməsinə aparılıb.

Məmiyev həbsdən buraxılandan sonra işgəncə şikayətinin araşdırılması üçün Səbail rayon prokurorluğuna müraciət edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG