Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Penitensiar Xidmət: '...Aclıq edən yoxdur'


«Həmin müttəhimlər sentyabrın 5-də aclıq elan etsələr də, sonradan onlardan heç kim aclıq etməyib və hazırda da aclıq edən yoxdur».

Bunu sentyabrın 13-də Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

'Gəncə işi'ndə müdafiəçilər söz deyiblər

Sentyabrın 12-də “Gəncə işi" üzrə təqsirləndirilən qruplardan birinin məhkəməsi davam edib. Proses Sabunçu Rayon Məhkəməsində getsə də işi Gəncədən olan hakim aparır.

Bu qrupda mühakimə olunanlar sentyabrın 6-da məhkəmə prosesində aclıq elan etdiklərini açıqlamışdılar.

Dövlət ittihamçısı sentyabrın 5-də keçirilən prosesdə həmin qrupdaki 8 şəxsə 5 ildən 16 ilə qədər iş istəmişdi.

Ən az 5 il istənilən Emil Məmmədovun ötən ilin iyulunda tutulanda 16 yaşı tamam olmayıb. Emil Məmmədov daha 7 nəfərlə (Bəkrəm Əliyev, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Şahin Verdiyev, Elmir Hüseynzadə və Vüqar Yusifov) birlikdə mühakimə olunur.

Sentyabrın 6-da habelə müttəhimlərin 3-nün vəkili danışmışdı və onlar müdafiə etdikləri şəxslərin günahsız olduqlarını söyləmişdilər.

Bu 8 nəfərə ötən ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsdən bir həftə sonra keçirilən aksiyada polisləri öldürməyə cəhd, kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama, polislərə xəsarət yetirmə kimi ittihamlar verilib.

Prokuror çıxışında 8 nəfərdən 6-nın üzərindən Cinayət Məcəlləsinin (CM) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsinin götürülməsini təklif edib.

O, təqsirləndirilən şəxslərdən 2-nin isə üzərində istintaq vaxtı ittiham kimi verilmiş bütün maddələrin saxlanmasını istəyib.

Bu gün, sentyabrın 12-də keçirilən prosesdə də iki vəkilin danışdığı söylənir. Bu barədə AzadlıqRadiosuna təqsirləndirilən şəxslərin yaxınları məlumat verib.

Onlar da müdaifə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər.

“Amma qalan vəkillər çıxışa hazır olmadıqlarını deyərək, hazırlşamağa vaxt istədilər. Hakim də buna görə prosesi sentyabrın 13-ü saat 14-ə təyin etdi”, deyə təqsirləndirilən şəxslərdən birinin yaxını bildirib.

Onun deməsinə görə, dövlət ittihamçısının 16 il cəza istədiyi B.Əliyevlə 15 il həbsi təklif edilən Həbib Qurbanov da həmin vaxtdan qida qəbul etmədiyini diqqətə çatdırıb.

“Digər müttəhimlər bu barədə heç nə demədikləri üçün onların aclığı davam etdirib-etdirmədiklərini dəqiqləşdirə bilmədik”, deyə o, bildirib.

Həmin şəxsin deməsinə görə, daha bir qrupda isə, artiq proses yekunlaşmaqdadır. Orada həm ittiham tərəfinin, həm də vəkillərin çıxışı dinlənib.

Sentyabrın 18-də həmin qrupa hokum oxunacağı gözlənir. Müxtəlif müddətlərə cəzaların istəndiyi həmin qrupda da vəkillər əsasən müdafiə etdikləri şəxslərin təqsirsiz olduqlarını vurğulayıblar.

Amma bu prosedə qruplardan birində bəzi təqsirləndirilən şəxslərin aclıq aksiyası keçirmələri haqqında deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib.

Sonradan apellyasiya məhkəməsində cəzalar 11 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Hazırda hər birində 8 nəfərin mühakimə olunduğu iki qrupun məhkəməsi davam edir. Elmar Vəliyev və onun mühafizəçisinə sui-qəsdə görə təqsirləndirilən 17 nəfər isə hələ də istintaq altındadır.

Həbs olunanlar məhkəmə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG