Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:59

'Gəncə işi'ndə 16 il həbs cəzası istənildi


Məhkəmə
Məhkəmə

Gəncə hadisələrinə görə həbs olunanlar arasında yetkinlik yaşına çatmayan bir nəfər də var – Emil Məmmədov. Ötən ilin iyulunda tutulanda 16 yaşı tamam olmayan Emilə prokuror 5 il həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı bu təklifini sentyabrın 5-də Sabunçu rayon Məhkəməsində çıxışında səsləndirib.

E.Məmmədov daha 7 nəfərlə (Bəkrəm Əliyev, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Şahin Verdiyev, Elmir HüseynzadəVüqar Yusifov) birlikdə mühakimə olunur.

Məhkəmə prosesi Bakıda keçirilsə də, onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Bu 8 nəfərə ötən ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsindən bir həftə sonra keçirilən aksiyada polisləri öldürməyə cəhd, kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama, polislərə xəsarət yetirmə kimi ittihamlar verilib.

Prokuror çıxışında 8 nəfərdən 6-sının üzərindən CM-nin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsinin götürülməsini təklif edib. O, təqsirləndirilən şəxslərdən 2-sinin üzərində istintaq vaxtı ittiham verilmiş bütün maddələrin saxlanmasını istəyib. Həmin təqsirləndirilən şəxslərdən də B.Əliyevə 16, H.Qurbanova isə 15 il həbs cəzası verilməsini, bu cəzaların da ciddi rejimli müəssisədə çəkilməsini təklif edib.

Prokuror digər təqsirləndirilən şəxslərin isə CM-nin 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələriylə cəzalandırılmasını istəyib. O, M.Hüseynova 8 il, A.Cavadov və E.Hüseynzadəyə 7 il, Ş.Verdiyev və V.Yusifova 6 il, E.Məmmədova isə 5 il həbs cəzası verilməsini təklif edib. Dövlət ittihamçısı hesab edir ki, E.Məmmədov cəzasını yetkinlik yaşına çatmayan məhkumların saxlandığı tərbiyə müəssisəsində çəkməlidir.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışına hazırlaşmaqdan ötrü məhkəmədən vaxt istəyib. Ancaq hakim Dadaş İmanov vəkillərə cəmi bir gün vaxt verib və növbəti məhkəmə iclasını sentyabrın 6-na təyin edib.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Məhkəməsi başlanmadığından Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlaya bilməyib.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsində cəzalar 1 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb. Hazırda hər birində 8 nəfərin mühakimə olunduğu iki qrupun məhkəməsi davam edir.

E.Vəliyev və onun mühafizəçisinə sui-qəsdə görə təqsirləndirilən 17 nəfər isə hələ də istintaq altındadır.

Həbs olunanlar məhkəmədə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG