Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:23

‘Gəncə işi’ məhbusları aclığa başladıqlarını açıqlayıblar


“Gəncə işi" üzrə təqsirləndirilən bir qrup şəxs sentyabrın 6-da məhkəmə prosesində aclıq elan etdiklərini açıqlayıb.

Buna səbəb kimi prokurorun sentyabrın 5-də çıxışında ağır cəza istəməsi göstərilib.

Dövlət ittihamçısı sentyabrın 5-də keçirilən prosesdə bu qrupdaki 8 şəxsə 5 ildən 16 ilə qədər iş istəyib. Ən az 5 il istənilən Emil Məmmədovun ötən ilin iyulunda tutulanda 16 yaşı tamam olmayıb.

Emil Məmmədov daha 7 nəfərlə (Bəkrəm Əliyev, Həbib Qurbanov, Mirzə Hüseynov, Asif Cavadov, Şahin Verdiyev, Elmir Hüseynzadə və Vüqar Yusifov) birlikdə mühakimə olunur.

Məhkəmə prosesi Bakıda keçirilsə də, onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Bu 8 nəfərə ötən ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsdən bir həftə sonra keçirilən aksiyada polisləri öldürməyə cəhd, kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama, polislərə xəsarət yetirmə kimi ittihamlar verilib.

Prokuror çıxışında 8 nəfərdən 6-nın üzərindən Cinayət Məcəlləsinin (CM) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsinin götürülməsini təklif edib.

O, təqsirləndirilən şəxslərdən 2-nin üzərində istintaq vaxtı ittiham kimi verilmiş bütün maddələrin saxlanmasını istəyib. Həmin təqsirləndirilən şəxslərdən də B.Əliyevə 16, H.Qurbanova isə 15 il həbs cəzası verilməsini, bu cəzaların da ciddi rejimli müəssisədə çəkilməsini təklif edib.

Prokuror digər təqsirləndirilən şəxslərin isə CM-nin 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələriylə cəzalandırılmasını istəyib.

Sentyabrın 6-da keçirilən iclasda bəzi müttəhimlərin ( 3) vəkilləri yekun sözlə çıxış edib. Onlar müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş ediblər.

Növbəti iclas sentyabrın 12-nə təyin edilib.

Amma təqsirləndirilən şəxslərin aclıq aksiyasına başlamaları haqqında açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Yunis Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlanmayan Yunis Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 10 ilə qədər həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsində cəzalar 1 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb. Hazırda hər birində 8 nəfərin mühakimə olunduğu iki qrupun məhkəməsi davam edir. Elmar Vəliyev və onun mühafizəçisinə sui-qəsdə görə təqsirləndirilən 17 nəfər isə hələ də istintaq altındadır.

Həbs olunanlar məhkəmədə ifadələrində həm saxlanılarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr verirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG